İnstitutda Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar davam etdirilir Mart 16, 2023 | 02:57 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsində 2023-cü ildə informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar aparılacaq.

Bu barədə şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova institutun Elmi şurasının iclasında bu struktur bölmənin 2023-cü il üzrə fəaliyyət planının müzakirəsində məlumat verib.

M.Hacırəhimova qeyd olunan problem üzrə “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda aparılacaq tədqiqatlardan bəhs edib. O, ölkə səviyyəsində intellektual potensialın qiymətləndirilməsinin konseptual modelinin işlənməsi, Big Data mühitində ölkənin intellektual resurslarının informasiya modelinin işlənməsi, makrosəviyyədə intellektual potensialın qiymətləndirilməsi üçün metodun işlənməsi, o cümlədən elmi təşkilatların intellektual potensialın qiymətləndirilməsi üçün metodun işlənməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Şöbə rəhbəri şöbənin əməkdaşları tərəfindən “Big Data mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri”, “Milli  intellektual potensialın qiymətləndirilməsi metodikasının işlənməsi”, “Big data mühitində intellektual insan resurslarının miqrasiyası məsələləri”, eləcə də “Azərbaycan Respublikasında elmi-kadrlar analitik-informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” mövzuları üzrə tədqiqatların aparılacağını deyib. O, həmçinin sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi, intellektual insan resurslarının miqrasiya məlumatları əsasında demoqrafik göstəricilərinin analizi üçün modelin işlənməsi və internet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi üçün görüləcək işlərdən bəhs edib.

M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif elmi-texniki ekspertiza işlərinin cari ildə də həyata keçiriləcəyini bildirib.

Məruzəçi həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verib.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin illik planı üzrə təklif və tövsiyələrini səsləndirib. Akademik müasir dövrdə aktual elmi istiqamətlərdən olan Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi ilə bağlı şöbədə aparılan tədqiqatların dərinləşdirilməsini, tədqiqatların nəticələrinin institutun elmi seminarında təqdim olunmasının və nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.

Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2023-ci il üçün fəaliyyət planı Elmi şuranın qərarı ilə qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı