Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri ilə bağlı tədqiqatlar aparılacaq Mart 09, 2023 | 11:37 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun 1 saylı şöbəsinin 2023-cü il üzrə fəaliyyət planı müzakirə olunub.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov rəhbərlik etdiyi struktur bölmədə cari ildə görüləcək işlər, yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verib.

F.Yusifov rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi elmi istiqaməti üzrə “Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri”nə dair aparılacaq tədqiqatlardan bəhs edib.

O, qeyd olunan problem üzrə tədqiqatların “E-dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar”, “IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması”, Elektron demoqrafiya platformasında fərdlərin sosial kreditlərinin və davranışlarının anaizi üçün metod və alqoritmlərin işlənməsi”, “Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi” və “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması” mövzuları üzrə aparılmasının, tədqiqatların nəticələrinin məqalə və konfrans materialları şəklində dərc olunmasının nəzərdə tutulduğunu bildirib. Məruzəçi həmçinin bu istiqamətdə elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi, elektron dövlət platformasında büdcə resurslarının intellektual idarə olunması, kriptovalyutaların dayanaqlığın analizi və proqnozlaşması məsələləri ilə bağlı elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin planlaşdırıldığını vurğulayıb.

F.Yusifov Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə tədqiqatların “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması” mövzusunda araşdırma aparacağını diqqətə çatdırıb. Məruzəçi həmçinin Azərbaycanda informatika elminin yaranması və inkişafı tarixinin araşdırılması ilə bağlı görüləcək işlərdən bəhs edib, cari ildə respublika səviyyəli və beynəlxalq elmi jurnallarda, elmi-texniki simpozium və konfranslarda nəşri nəzərdə tutulan məqalə və tezislərin sayı haqqında məlumat verib.

Daha sonra şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında danışan F.Yusifov bu istiqamətdə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya  texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin (2017-2025) həyata keçirilməsinə elmi dəstəyin verilməsi, Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada, eləcə də Agentlik tərəfindən yaradılan Elektron Hökumət üzrə İcra Qrupunda təmsilçilik və s. işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

O, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işləri nəzərə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik Rasim Əliquliyev rəqəmsal iqtisadiyyatın kiberdayanıqlılığının təmin olunması, e-demoqrafiya platformasında vətəndaş davranışının analizi əsasında cəmiyyətin qiymətləndirilməsi, folklordan qaynaqlanan süni intellekt modellərinin analizi və s. istiqamətlərdə  aparılan elmi araşdırmaların vacibliyini qeyd edərək, tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb. Alim şöbədə aktual problemlərin həlli istiqamətində araşdırmalar aparan gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətli məsələlərdən olduğuna diqqət çəkib.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı