İnformasiya Texnologiyaları İnstitutunda qlobal çağırışlara adekvat elmi tədqiqatlar aparılır Dekabr 26, 2022 | 09:00 / Müsahibələr, çıxışlar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu müasir çağırışlara adekvat reaksiya verərək, elm, təhsil, innovasiya və texnologiya kimi strateji sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsində, dövlətin milli təhlükəsizliyinin təmin olunmasında, ölkə başçısının qəbul etdiyi proqramların və bir sıra mühüm layihələrin hazırlanmasında yaxından iştirak edir. Bu qurumda İKT-nin aktual elmi-nəzəri və tətbiqi problemləri üzrə multidissiplinar elmi tədqiqatlar aparılır.

Bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş tədbirdə bildirib. Qurumun elmi-nəzəri fəaliyyəti haqqında məlumat verərək, institutda hesabat ili ərzində müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Alim bildirib ki, cari ildə institutda Big Data analitikası və Data Mining problemləri, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, rəqəmsal dövlətin formalaşması, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi, mürəkkəb bulud sistemlərinin intellektual analizi, proqram mühəndisliyi və proqram sistemlərinin analizi, elektron tibbin formalaşması, e-elm və elmmetriya, rəqəmsal transformasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə əsaslı elmi tədqiqatlar aparılmış, əldə edilmiş mühüm elmi nəticələr “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan yüksək impakt faktorlu jurnallarda nəşr olunmuşdur.

Baş direktor institutda 2022-ci il ərzində müvafiq elmi problemlər üzrə əldə olunmuş mühüm elmi nəticələrdən bəhs edib. Big Data analitikası və Data Mining problemləri ilə bağlı aparılan tədqiqatların nəticəsi olaraq, kompakt və yaxşı ayrılmış klasterləri tapmaq üçün yeni optimallaşdırma modelinin təklif edildiyini və optimallaşdırma məsələsinin həlli üçün effektiv alqoritmin işlənildiyini, e-demoqrafiya sistemlərində toplanmış Big Data resurslarının intellektual analizi üçün maşın təlimi modeli əsasında yanaşmanın təklif olunduğunu, sosial media platformalarında mətnlərin sentiment analizi üçün maşın təlimi modellərinin işlənildiyini söyləyib.

Akademikin sözlərinə görə, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə dronların aşkarlanması sahəsində mövcud metodların müqayisəli analizi aparılmış, dron təsvirləri və səs siqnallarının analizinə əsaslanan yeni intellektual aşkarlama metodları işlənmiş, uşaqların internetdə qorunması üçün zərərli foto-təsvirlərin filtrasiyası üçün dərin təlim metodu təklif olunmuşdur. Həmçinin rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri istiqamətində e-demoqrafiyanın formalaşdırılması sahəsində mövcud təcrübə araşdırılmış və aktual tədqiqat istiqamətləri müəyyənləşdirilmiş, e-dövlət platformasında vətəndaşların davranışının intellektual analizi üçün konseptual təkliflər işlənmişdir.

Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi problemləri üzrə aparılan elmi tədqiqatların nəticələrini təqdim edən alim Azərbaycanda kiber-fiziki sistemlərin formalaşması, təkamülü və onların kompleks təhlükəsizliyinin təmin edilməsinə dair konseptual təkliflərin, “ağıllı şəhər” mühitində fərdi məlumatların təhlükəsizliyinin təmin olunması üçün tövsiyələrin və kibercinayətlərin aşkarlanması məqsədilə loq-faylların intellektual analizi üçün konseptual modelin işlənildiyini nəzərə çatdırıb.

R.Əliquliyev qeyd edib ki, institutun müvafiq şöbələrində mürəkkəb bulud sistemlərində məsələlərin və resursların səmərəli planlaşdırılması üçün metod və alqoritmlər, kiber-fiziki sistemlərdə bulud texnologiyalarının tətbiqi zamanı meydana çıxan problemlər və onların həlli yolları üçün təklif və tövsiyələr işlənmişdir. Proqram təminatı vasitələrinin mürəkkəbliyinin ölçülməsi və qiymətləndirilməsi üçün hibrid metod işlənmiş, proqram sistemlərinin kodlarında olan boşluqların aşkarlanması və aradan qaldırılması üçün mövcud metodlar analiz olunmuş və təkliflər verilmişdir. VIKOR metodunu tətbiq etməklə proqram təminatının etibarlılığını artırmaq üçün alqoritm, ontologiyanın köməyilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sistemi işlənmişdir. Dəniz-neft platformasında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin olunması üçün intellektual monitorinq sisteminin arxitektur-texnoloji prinsipləri, eləcə də personalın sağlamlığının idarə olunması üçün coğrafi paylanmış intellektual sistemdə qərarların sintezi metodu işlənmişdir.

Sənaye 4.0 çağırışları əsasında elmdə və elmi tədqiqatlarda baş verən rəqəmsal transformasiyalar tədqiq olunmuş və bir sıra konseptual təkliflər hazırlanmış, Elm 4.0 mühitində kompleks təhlükəsizliyin təmin edilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilmiş və onların həlli mexanizmləri işlənmişdir. Sənaye 4.0 texnologiyalarının tətbiqi ilə vətəndaş elmi layihələrində ilkin verilənlərin etibarlılığı və keyfiyyətinin artırılması üçün təkliflər verilmişdir.

Rəqəmsal transformasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması problemləri üzrə ölkə miqyasında ilkin Big Data resurslarının yaranma mənbələri araşdırılmış, onların “Big Knowledge” resurslarına transformasiyası və monetizasiyası perspektivləri təhlil olunmuş, bir sıra konseptual təkliflər işlənmişdir. Rəqəmsal iqtisadiyyata kibertəhlükələrin vurduğu ziyanların kompleks qiymətləndirilməsi üçün qeyri-səlis metodlara əsaslanan elmi-metodoloji yanaşma, müxtəlif səviyyələrdə (milli, regional və s.) rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafının qiymətləndirilməsi üçün spesifik və kompozit indikatorlar sistemi və mexanizmləri təklif olunmuş, internet iqtisadiyyatının tənzimlənməsi və inkişafı mexanizmləri işlənmişdir.

Akademik R.Əliquliyev, həmçinin Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri ilə bağlı aparılan tədqiqatların nəticəsi olaraq, müxtəlif onlayn resurslarda toplanmış, fərdlərə dair nitq məlumatları əsasında onların populyarlıq səviyyəsinin qiymətləndirilməsi üçün xüsusi indeksin işlənildiyini bildirib. Milli Toponimik Geoinformasiya Sisteminin konseptual-arxitektur əsaslarının işlənildiyini və onların reallaşdırılması üçün bir sıra təkliflərin irəli sürüldüyünü, milli terminoloji informasiya sistemində terminlərin dinamikasını təsvir edən riyazi modelin və Azərbaycan-ingilis dili cütlükləri arasında ad və soyadların uyğunlaşdırılması üçün milli transliterasiya standartına istinad etməklə transliterasiya variantlarının təklif edildiyini nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı