Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilir Noyabr 25, 2022 | 10:17 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin 2022-ci il üzrə hesabatı təqdim olundu.

Hesabata dair çıxış edən şöbə müdiri Mədinə Səidova öncə elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, bildirdi ki, cari ildə tədqiqatlar “İnformasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi” istiqamətində “E-elm və elmmetriya problemləri” mövzusu üzrə aparılıb.

Şöbə rəhbəri elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi üzrə elmi tədqiqatların davam etdirildiyini, saxta jurnalların identifikasiyası metodlarının analiz olunduğunu söylədi. O, hesabat ilində e-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi üzrə elmi jurnalların qiymətləndirilməsi məsələləri, antiplagiat sistemlərində multimedia kontentlərinin yoxlanılması problemləri, elmi bazanın formalaşdırılması məsələləri və elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi istiqamətində araşdırmaların aparıldığını nəzərə çatdırdı.

M.Səidova “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzusunda e-kitabxanaların formalaşmasının tədqiqi və təhlili istiqamətində yerinə yetirilən işlərdən söz açdı. Müvafiq sahədə beynəlxalq təcrübənin, eləcə də Azərbaycanda e-kitabxanaların yaranması və mövcud vəziyyətinin araşdırıldığını bildirdi. Qeyd etdi ki, müxtəlif sistemlərin tətbiqi ilə bulud əsaslı e-kitabxanaların yaradılması mexanizmlərinin işlənilməsi, bulud əsaslı intellektual e-kitabxanaların yaradılması məsələləri, viki-texnologiyaların e-kitabxanalarda tətbiq edilməsi perspektivləri ilə bağlı tədqiqatlar davam etdirilir.

Məruzəçi elmi-tədqiqat işləri üzrə aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən 2 məqalənin nüfuzlu jurnallarda dərc edildiyini, 4 respublika və beynəlxalq səviyyəli konfransda müzakirə edildiyini söylədi.

O, şöbənin elmi-innovasiya fəaliyyəti və beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində cari ildə həyata keçirilən tədbirlər, xüsusilə “Exlibris” və “Crossref” şirkətləri ilə əməkdaşlıq münasibətləri haqqında danışdı. Həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən işlər barədə məlumat verdi, şöbə əməkdaşlarının elmmetrik göstəricilərini də diqqətə çatdırdı.

Sonra hesabat ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbədə elmmetriyanın elmi-nəzəri və praktiki problemlərinin həlli istiqamətində aparılan tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğuladı. Akademik müvafiq istiqamətdə tədqiqatlara gənc mütəxəssislərin cəlb edilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.

Elmi şuranın qərarı ilə şöbənin 2022-ci il üçün hesabatı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı