İnformasiya Texnologiyaları İnstitutu nüfuzlu beynəlxalq simpoziumda təmsil olunub Noyabr 16, 2022 | 12:58 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, baş mütəxəssis Kəmalə Haşımova və böyük elmi işçi Əfruz Qurbanova 11-13 noyabr 2022-ci il tarixlərində Çinin Uhan şəhərində onlayn formatda keçirilən Kompüter Elmləri, Rəqəmsal İqtisadiyyat və İntellektual Sistemlər üzrə 4-cü Beynəlxalq Simpoziumda (CSDEIS2022: The 4th International Symposium on Computer Science, Digital Economy and Intelligent Systems) məruzə ilə çıxış ediblər.

Beynəlxalq tədbirdə Şəfəqət Mahmudova “İnstrumental proqram sistemlərinin sintezində istifadə olunan intellektual interfeys üçün metodun işlənməsi” (Development of a method for the intelligent interface used in the synthesis of instrumental software systems) mövzusunda məruzəsini təqdim edib.

O, tədqiqat işində proqram sistemlərinin sintezi barədə məlumat verildiyini, qərarların qəbul edilməsində sintez məsələsinin araşdırıldığını və onun əhəmiyyətinin vurğulandığını bildirib. Qeyd edib ki, tədqiqat işi çərçivəsində intellektual proqram sisteminin sintezinin məsələləri üçün konseptual model işlənmiş, sintez prosesinin modeli qurulmuş, intellektual interfeys yaradılmış və biliklər bazasının yaradılması məsələsi nəzərdən keçirilmişdir. Süni intellekt metodlarından istifadə etməklə intellektual interfeysin qurulmasında ekspert qiymətləndirmə və qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə edilmişdir.

Məruzəçinin sözlərinə görə, biliyin aşkarlanması mərhələsində ekspertlər qrupunun formalaşmasında müəyyən olunmuş kriteriyalar və alternativlər müəyyənləşdirilmişdir. Qrup şəklində olan istifadəçilərin xarakteristikaları təyin olunmuş, intellektual interfeys üçün riyazi model işlənmişdir. Ekspert qrupunun bacarığının formalaşdırılması və qiymətləndirilməsi həyata keçirilmiş və eksperimentlər aparılmışdır. Bu kimi sistemlərin yaradılması və istifadəyə verilməsinin xərclərin azaldılmasına, proqramın sürətli və effektiv işləməsinə səbəb olduğu qeyd edilmişdir.

Konfransda Kəmalə Haşımova “Onlayn reklam marketinqində demoqrafik proseslərin təhlili” (Analysis of demographic processes in online advertising marketing) adlı məruzəyə dair çıxış edib.

“Elmi-tədqiqat işində reklam və marketinqin səmərəliliyinin artırılmasında demoqrafik göstəricilərin rolundan bəhs edilmişdir. İnternet vasitəsilə reklam və marketinqin inkişafının yaş, cins, ərazi, əhalinin artımı və s. kimi amillərdən asılı olması nəzərdən keçirilmişdir. Müasir iqtisadiyyatda demoqrafik proseslər nəzərə alınmaqla, marketinq saytlarına olan müştəri müraciətlərindən istifadə edilmişdir”, – deyə K.Haşımova bildirib. Qeyd edib ki, müəyyən bir ərazi üzrə demoqrafik göstəricilərin marketinqə təsirini analiz edərək iqtisadi proseslər haqqında ümumi məlumat əldə etmək və bu məlumatlar əsasında gələcək uğurlar haqqında düşünmək olar. Tədqiqatda bəhs edilən istənilən ərazi üzrə əhalinin sayını, doğum və ölüm nisbətlərini hesablamaqla reklam və marketinqdə qərarların qəbuluna nail olmaq mümkündür.

Beynəlxalq simpoziumda çıxış edən Əfruz Qurbanova isəSənaye 4.0 dövründə milli azlıqların dillərinin qorunması problemləri və perspektivləri” (Problems and Prospects for Minority Languages in the Age of Industry 4.0) mövzusunda məruzəsini təqdim edib.

Məruzəçi informasiya-kommunikasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan hazırkı dövrdə dillərin, eləcə də milli azlıqların dillərinin qorunması və inkişafının həlli vacib məsələlərdən olduğunu bildirib. Qeyd edib ki, tədqiqat işində dillərin sosiolinqvistik aspektdə öyrənilməsinin zəruriliyi əsaslandırılmış, onların demoqrafik gücünü müəyyən edən amillər analiz olunmuşdur. Qloballaşma prosesinin dünyadakı dillərə təsiri, onların qorunması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihə və proqramlar, qəbul edilən mühüm sənədlər təhlil edilmişdir. Dillərin virtual məkanda təsbit olunması və sənədləşdirilməsinin zəruriliyindən bəhs edilmiş, kiberməkanda dillərin vəziyyəti və istifadə səviyyəsi təhlil olunmuşdur. Həmçinin Sənaye 4.0 kontekstində milli azlıqların dillərinin qorunması problemlərinin həllinə mümkün yanaşmalar nəzərdən keçirilmişdir. Azərbaycanda milli azlıqların dillərinin vəziyyəti, coğrafiyası, demoqrafiyası və istifadə səviyyəsi təhlil olunmuş, eləcə də milli dillərin qorunması və inkişafı istiqamətində təklif və tövsiyələr verilmişdir.

Qeyd edək ki, konfrans nüfuzlu “Web of Science”, “Scopus”, “INSPEC” və “Ei Compendex” beynəlxalq elmi bazalarında indeksləşir. Konfransın nəticələrini əks etdirən kitab artıq dərc olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı