Azərbaycanın sosial-iqtisadi inkişafına elm, təhsil, innovasiya və İKT-nin təsiri aspektləri araşdırılıb Noyabr 01, 2022 | 02:34 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda 6 saylı şöbənin “Azərbaycanın sosial-iqtisadi inkişafına elm, təhsil, innovasiya və İKT amillərinin təsiri aspektləri” mövzusuna həsr edilmiş elmi seminarı keçirilib.

Əvvəlcə şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev çıxış edərək Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının prioritetləri barədə məlumat verib. Şöbə müdiri Azərbaycanda son 5 il ərzində akademik nəşrlərin sayının 80% artdığını, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşdığını bildirib. Ə.Əliyevin sözlərinə görə, son 4 ildə əqli mülkiyyət sahəsində aparılmış institusional islahatlar nəticəsində ölkəmiz Qlobal Rəqabətlilik İndeksində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkələr sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın Ümumi Daxili Məhsuldakı payı 3,5%-dən 5,3%-ə yüksəlmişdir.

Ə.Əliyev Sosial-iqtisadi inkişaf Strategiyasının icrasına təsir edən əsas elm, təhsil, innovasiya və İKT kimi amillərin inkişaf etdirilməsiylə bağlı məsələlərin həllində İnformasiya Texnologiyaları İnstitutunun da yaxından iştirak etdiyini bildirib. O, rəhbərlik etdiyi şöbənin əsas fəaliyyət istiqamətləri sırasında innovasiya strukturlarının və proseslərinin formalaşması və səmərəli inkişaf səviyyəsinin qiymətləndirilməsi, İKT əsasında cəmiyyətin və iqtisadiyyatın dayanıqlı yaşıl, inklüziv və kibertəhlükəsiz inkişafı problemləri və həll istiqamətləri, Dördüncü Sənaye İnqilabının iqtisadiyyatda tətbiqi, rəqəmsal innovasiyaların transformasiyası, işğaldan azad olunmuş ərazilərdə rəqəmsal innovasiyaların tətbiqi, eləcə də rəqəmsal innovasiya iqtisadiyyatın formalaşması və inkişafının kiberdayanıqlığının yüksəldilməsi problemləri və s. ilə bağlı tədqiqatların yer aldığını diqqətə çatdırıb.

Daha sonra məruzəni təqdim edən texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyeva Sosial-iqtisadi inkişaf Strategiyasında elm amilləri barədə məlumat verib. O, elmi tədqiqat potensialının müasirləşdirilməsi, tətbiqyönümlü tədqiqatların aparılmasının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi imkanlarının artırılması, elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına dəstək verilməsi, elmi-tədqiqat nəticələrinin kommersiya məhsuluna çevrilməsinin təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib.

Məruzəçi Strategiyada təhsil amilləri ilə bağlı iki strateji xəttin mövcud olduğunu deyərək bu istiqamətlər üzrə müasir iqtisadiyyatın ehtiyaclarına cavab verən təhsilin yeni məzmununun formalaşması və mövcud insan resurslarının yenidən kvalifikasiyası üçün ömürboyu təhsil imkanlarının yaradılmasının planlaşdırıldığını bildirib. 

“Rəqəmsal texnologiyaların tətbiqi və aşağıtəmaslı iqtisadi sahələrin inkişafı perspektivləri yüksək bilik və bacarıqları olan insan resurslarına tələbatı artırır”, - deyə qeyd edən R.Şahverdiyeva ölkəmizdə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan infrastrukturun yaradılmasının zəruriliyini də vurğulayıb.

O, həmçinin qeyd edib ki, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiyası, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatının gücləndirilməsi, insan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühitinin təkmilləşdirilməsi, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistemin formalaşdırılması, ölkənin yaşıl enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması proseslərinin sürətlənməsi və innovasiyaların təşviqi müasir texnoloji həllərin tətbiqini genişləndiriləcək.

R.Şahverdiyeva Sosial-iqtisadi inkişaf Strategiyasında İKT amilləri ilə bağlı görüləcək işlər haqqında məlumat verərək bildirib ki, rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutları fəaliyyət göstərəcək. Bu əsasda internet, yüksəksürətli mobil internet, xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsi 95%-ə çatdırılacaq.

Məruzəçi çıxışının sonunda Azərbaycanın Dördüncü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrildiyini bildirib. O, rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcəyini, innovasiyaların özəl və dövlət sektorlarında tətbiqinin stimullaşdırılacağını, özəl sektor tərəfindən İKT infrastruktur layihələrinə investisiya qoyuluşlarının təşviq ediləcəyini də diqqətə çatdırıb.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Şöbənin qarşıdakı illərdəki fəaliyyətinin Strategiyanın tələblərinə uyğun formalaşdırmaq üzrə bəzi mülahizələr və tövsiyələr səsləndirilib və müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı