“Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”ın nəticələri müzakirə olunub Oktyabr 26, 2022 | 09:36 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”ın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) nəticələri haqqında məlumat verilib.

İnstitutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev sözügedən konfransın yekunlarına dair hesabat xarakterli məruzə ilə çıxış edib. Bildirib ki, 28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda keçirilmiş “EaPEC 2022” konfransı GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EU4Digital” (“EaPConnect 2” Connecting Research and Education Communities in the Eastern Partnership (EaP) countries) layihəsi çərçivəsində reallaşdırılan sayca 5-ci tədbirdir.

B.Nəbiyev konfransa hazırlıq məqsədilə çoxsaylı görüşlərin keçirildiyini, bu görüşlərdə tədbirin plenar və seksiya iclaslarında ediləcək çıxışlar barədə geniş müzakirələrin aparıldığını nəzərə çatdırıb.

Məruzəçi konfransın açılış mərasimi, plenar və seksiya iclasları, həmçinin bağlanış mərasimində müzakirə olunmuş mövzular, moderatorlar və məruzəçilər haqqında məlumatı diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və GEANT-ın baş direktoru Erik Huizerin “EaPEC 2022” konfransı ilə əlaqədar olaraq yerli televiziya kanallarında çıxış etdiklərini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bu mötəbər konfransın Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsinə xidmət etdiyini bildirib. Alimin sözlərinə görə, konfransda təqdim olunan məruzələrdə tərəfdaş ölkələrdə aparılan əhəmiyyətli tədqiqatların nəticələri ilə bağlı ətraflı məlumat verilib, bu tədqiqatlarda süni intellekt, IV Sənaye İnqilabı və qlobal çağırışlara cavab verən yüksək texnologiyalar, bulud texnologiyaları, mobilliyin önəmi nümayiş olunub.

Akademik R.Əliquliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində yürütdüyü siyasətdən danışıb. Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu, regionda və beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınmasının bilavasitə ölkə başçısının adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, məhz müvafiq sahələrdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb.

Alim ölkəmizdə belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadın göstəricisi olduğunu qeyd edib. “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”ın rəhbərlik etdiyi institutun uzun illər ərzində formalaşdırdığı beynəlxalq əməkdaşlıq, dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eləcə də GEANT Assosiasiyası ilə mövcud olan əlaqələrin məntiqi nəticəsi olduğunu vurğulayıb.

İnstitutun baş direktoru tədbirin yeni elmi əlaqələr qurmaq, Azərbaycanda aparılan tədqiqatları dünyaya təqdim etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və xarici həmkarlarla birgə layihələr həyata keçirmək baxımından mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb. Konfransda səmərəli müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin müvafiq sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə, yeni elmi layihələrin əsasının qoyulacağına əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı