Azərbaycanda ilk dəfə İnternet iqtisadiyyatının tənzimlənməsi sahəsində dissertasiya işi müdafiə olundu Oktyabr 25, 2022 | 12:09 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Şərif oğlu Mahmudovun  5306.01 - “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi Azərbaycan Texniki Universitetinin ED 2.38 Dissertasiya Şurasında müdafiə olundu. Qeyd edək ki, dissertasiya işi İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin rəhbərliyi altında yerinə yetirilib.

Azərbaycan Texniki Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, dissertasiya şurasının sədri Vilayət Vəliyev çıxış edərək tədbirin iddiaçı Rasim Mahmudovun “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Əvvəlcə ED 2.38 Dissertasiya Şurasının elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərqanə Musayeva iddiaçının elmi, pedaqoji, təşkilati və praktiki fəaliyyəti ilə bağlı ümumi məlumatları diqqətə çatdırdı.

R.Mahmudov mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açdı. İnternetin bütün iqtisadi fəaliyyət sahələrinə geniş tətbiqi, internetin təsiri ilə ənənəvi iqtisadi sistemin köklü dəyişikliklərə məruz qalması, iqtisadiyyatın qloballaşması və virtuallaşması, internet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi problemləri, eləcə də IV Sənaye İnqilabının əsas trendlərindən olan və İnternetin perspektiv texnologiyalarına (Əşyaların İnterneti, Big Data, bulud texnologiyaları və s.) əsaslanan iqtisadiyyatın inkişaf problemlərinin işin aktuallığını xarakterizə edən əsas məsələlər olduğunu söylədi.

İddiaçı bildirdi ki, İnternet iqtisadiyyatının tənzimlənməsi, təhlükəsizliyinin təmin edilməsi və inkişaf etdirilməsi problemlərinin müəyyən edilməsi və onların həlli üçün təkliflərin işlənməsi dissertasiya işinin əsas məqsədidir.

Sonra R.Mahmudov “İnternetin müasir iqtisadi münasibətlərə təsirinin analizi” adlı I Fəsildə İnternetin mahiyyətinə, onun fəlsəfi əsaslarına dair yanaşmaların, baxışların analiz və klassifikasiya edildiyini, İnternetin sosial funksiyalarının analiz və klassifikasiya olunduğunu, İnternetin sosioloji tədqiqat obyekti kimi xüsusiyyətlərinin müəyyən edildiyini, həmçinin İnternetin dövlət idarəetməsində rolu və perspektivlərinin analiz edildiyini dedi.

İddiaçı bildirdi ki, I Fəsil üzrə aparılan tədqiqatlar çərçivəsində həmçinin virtual iqtisadi münasibətlərin formalaşması və üstünlükləri təhlil edilmiş, bazarda informasiya assimmetriyası, onun neqativ təsirləri analiz olunmuş və bu problemin həllində İnternetin rolu əsaslandırılmış, bazarın  vasitəçilik və qiymətyaratma  funksiyalarının  transformasiyası analiz olunmuş, biliklər iqtisadiyyatı və bazar iqtisadiyyatı prinsipləri müqayisəli analiz olunmuşdur.

R.Mahmudov İnternet iqtisadiyyatının mahiyyəti, xüsusiyyətləri və problemləri istiqamətində aparılan tədqiqatlardan söz açdı: “Dissertasiya işi çərçivəsində İnternet  iqtisadiyyatının mahiyyətinə dair konsepsiyalar, yanaşmalar şərh olunmuş və təsnifatlandırılmışdır, ənənəvi iqtisadiyyatla İnternet iqtisadiyyatının qarşılıqlı münasibətləri analiz olunmuş, İnternet İqtisadiyyatının strukturu təklif edilmiş, İnternet iqtisadiyyatının əsas problemləri müəyyən olunmuş və təsnifatlandırılmışdır”.

“İnternet iqtisadiyyatının tənzimlənməsi mexanizmləri” adlı II Fəsil üzrə aparılmış tədqiqatlar haqqında məlumat verdi. İnternetin qlobal və virtual xüsusiyyətlərinin yaratdığı problemlərin aradan qaldırılması yollarının göstərildiyini, virtual “beyin axını”nın, virtual əmək münasibətlərinin tənzimlənməsi, elektron pulların tənzimlənməsi, eləcə də elektron kommersiyanın tənzimlənməsi mexanizmlərinin işləndiyini nəzərə çatdırdı.

İnternet mühitində iqtisadi münasibətlərin təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin işlənilməsi çərçivəsində aparılan tədqiqatlar haqqında məlumat verən R.Mahmudov İnternet iqtisadiyyatında informasiya təhlükəsizliyi ilə bağlı problemlər və vəzifələrin müəyyən olunduğunu, İnternet iqtisadiyyatının infrastruktur sahələrinin təhlükəsizliyinə olan təhdidlərin müəyyən edildiyini və bu sahələrin mühafizəsi üçün təkliflərin işləndiyini, internet mühitində kölgə iqtisadiyyatının yaranması səbəblərinin müəyyən edildiyini və onların aradan qaldırılmasına dair təkliflərin işləndiyini, İnternet mühitində iqtisadi kibercinayətkarlığın xüsusiyyətlərinin müəyyən olunduğunu və onunla mübarizə mexanizmlərinin işləndiyini bildirdi.

Rasim Mahmudovun sözlərinə görə, dissertasiya işi çərçivəsində İnternet mühitində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı problemlər və vəzifələr müəyyən edilmiş, müəllif hüququnun və kompüter proqramlarının qorunması, eləcə də plagiatlıq və piratçılıqla mübarizə mexanizmləri işlənmişdir.

İddiaçı Əşyaların İnterneti iqtisadiyyatının inkişaf mexanizmlərinin işlənilməsinin tədqiqat çərçivəsində qarşıya qoyulan məsələlərdən olduğunu dedi. Bildirdi ki, bu istiqamətdə Əşyaların İnternetinin sosial-iqtisadi tətbiq sahələri, həmçinin iqtisadi perspektivləri və problemləri müəyyən edilmiş, Əşyaların İnternetinin tənzimləmə, standartlaşdırma, ünvanlaşdırma və təhlükəsizlik məsələlərinin həllinə dair təkliflər işlənmişdir.

İnternetin Big Data-nın obyekti və əsas mənbəyi olması əsaslandırılmış, Big Data-nın ənənəvi iqtisadi sahələrə tətbiqinin xüsusiyyətləri analiz edilmiş, İnternet iqtisadiyyatında Big Data-nın  perspektivləri göstərilmişdir.

Tədqiqatçı bulud xidmətləri iqtisadiyyatının inkişaf mexanizmlərinin işlənilməsi ilə bağlı aparılmış tədqiqatların nəticələrini də dissertasiya şurası üzvlərinin diqqətinə çatdırdı. Bulud xidmətləri iqtisadiyyatının imkanları və problemlərinin analiz edildiyini, bulud xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübənin araşdırıldığını, bulud xidmətləri iqtisadiyyatının inkişafı və tənzimlənməsi ilə bağlı təkliflərin işləndiyini söylədi.

Dissertasiyada əldə edilən nəticələrin nəzəri əhəmiyyəti haqqında danışan iddiaçı işin bazar iqtisadiyyatının transformasiyası, “İnternet iqtisadiyyatı” konsepsiyası, İnternet iqtisadiyyatının tənzimlənməsi, təhlükəsizliyinin təmin edilməsi və inkişaf etdirilməsinə dair nəticələrin müvafiq nəzəriyyələr və yanaşmaların inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğuladı.

İşdə əldə edilmiş praktiki nəticələrin isə İnternet iqtisadiyyatının informasiya cəmiyyətinin, innovativ inkişafın, biliklər iqtisadiyyatının inkişafına yönəlmiş bir sıra məsələlərdə, o cümlədən İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsində, İnternet qanunvericiliyinin təkmilləşdirilməsində, İnternet iqtisadiyyatının, İnternetin perspektiv texnologiyalarının inkişafına dair konsepsiya, strategiya və planların hazırlanması və həyata keçirilməsində, həmçinin ali məktəblərin, doktoranturanın müvafiq tədris proqramlarının, mühazirələrin hazırlanmasında istifadə edilə biləcəyini qeyd etdi.

R.Mahmudov “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin əsas məzmununun 15 məqalə və 10 tezisdə öz əksini tapdığını dedi. Qeyd etdi ki, məqalələrin 9-u nüfuzlu xarici jurnallarda, o cümlədən 2-si “Web of Science” elmi bazasında indeksləşən jurnallarda dərc olunmuşdur. Dissertasiyanın əsas elmi-nəzəri və praktiki nəticələri 2-si xaricdə keçirilən beynəlxalq tədbir olmaqla 10 konfransda məruzə və müzakirə edilmişdir.

Sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər – Azərbaycan Texniki Universitetinin “İqtisadiyyat və statistika” kafedrasının professoru, iqtisad elmləri doktoru İlham Aslanzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru, iqtisad elmləri doktoru Rəsul Balayev, eləcə də Elm və Təhsil Nazirliyi, İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov  çıxış etdilər.

Opponentlər “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusunda müzakirəyə çıxarılmış dissertasiya işinin Azərbaycanda bu sahədə ilk iş olduğunu, dövlət üçün xüsusi əhəmiyyət daşıyan aktual məsələlərə həsr edildiyini, müəllifin yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış dissertasiya işi kimi yüksək aktuallığa, elmi yeniliyə və praktiki əhəmiyyətə malik olduğunu dedilər.

Həmçinin müzakirəyə çıxarılan dissertasiya işinin İnternet iqtisadiyyatının araşdırılması, internetin iqtisadiyyata və rifaha verdiyi faydanın qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə tam cavab verdiyini,  iddiaçının iqtisad elmləri üzrə fəlsəfə doktoru adını almağa layiq olduğunu vurğuladılar, irad və təkliflərini səsləndirdilər.

İddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirdi.

Sonra dosent F.Musayeva dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi, qeyd olunan iradları diqqətə çatdırdı.

Daha sonra dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparıldı, iddiaçı sualları cavablandırdı.

Müzakirələrdə çıxış edənlər tədqiqat işini yüksək qiymətləndirərək, iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu bildirdilər.

Çıxış edənlər ölkəmizdə İnternet iqtisadiyyatının inkişafı baxımından böyük əhəmiyyətə malik olan dissertasiya işinin Azərbaycanda müvafiq istiqamətdə aparılan işlərə təkan verəcəyini bildirdilər. Qeyd olundu ki, dissertasiya işi çərçivəsində hazırlanan məqalələrin nüfuzlu jurnallarda çap olunması işin yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut edir.

Dissertasiya işi üzrə elmi rəhbər, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin üzrlü səbəbdən iclasda iştirak etmədiyi bildirildi, akademikin iddiaçı Rasim Mahmudovun insani keyfiyyətləri, elmi fəaliyyəti, eləcə də dissertasiya işinin aktuallığı və elmi yeniliyinə dair müsbət fikirləri nəzərə çatdırıldı.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi.

Səsvermənin nəticələrinə əsasən, R.Mahmudova iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı