Python mühitində sosial şəbəkə məlumatlarının sentiment analizi ilə bağlı eksperiment aparılıb Oktyabr 13, 2022 | 09:41 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova tədbirdə “Python mühitində maşın təlimi metodlarının tətbiqi əsasında sosial şəbəkə məlumatlarının sentiment analizi” mövzusunda müzakirələrin aparılacağını diqqətə çatdırıb.

İnstitutun magistrantı Elmurad Həsənov mövzuya dair çıxış edərək əvvəlcə Python dilinin  tarixindən bəhs edib. Bildirib ki, 1980-ci illərin sonlarında hollandiyalı proqramçı Guido Van Rossum yüksək səviyyəli proqramlaşdırma dilinin üzərində işləməyə başlamış, bu proqramla öz dilini ABC proqramlaşdırma dilindən ilhamlanaraq yaratmağı planlaşdırmışdır. O, ABC-yə bənzər proqramlaşdırma dilini Python (Python) adlandırmışdır.

Məruzəçi Python dilinin bir çox sahələrdə istifadə olunduğunu, bu sahələrə süni intellekt və maşın öyrənməsi, verilənlərin analizi, oyun inkişafı, robotik kodlaşdırma və s. aid olduğunu söyləyib.

“Sentiment analiz müəllifin obyektə emosional münasibətinin kontent analiz metodları ilə avtomatik müəyyən edilməsi prosesidir”, - deyə bildirən gənc tədqiqatçı sentiment analiz metodlarından müəllifin mətndə ifadə etdiyi rəyi avtomatik olaraq əldə etmək və onun müsbət, mənfi və ya neytral olub-olmadığını qiymətləndirmək üçün istifadə olunduğunu diqqətə çatdırıb.

E.Həsənov maşın təlimi metodlarında iki üsuldan istifadə olunduğunu deyib: gələcək nəticələri proqnozlaşdırmaq  üçün  məlum  giriş və çıxış datası üzərində model hazırlayan, nəzarət edilən təlim və giriş  məlumatlarında gizli nümunələr və ya daxili strukturlardan istifadə edən nəzarətsiz təlim. O, həmçinin nəzarət edilən öyrənmə və nəzarətsiz öyrənmənin müqayisəli təhlilini təqdim edib.

Sonra məruzəçi tədqiqat çərçivəsində apardığı eksperiment barədə məlumat verib. Eksperimentin “Kaggle” saytından götürlümüş filmlər haqqında olan 7086 ədəd “Twitter” rəyləri üzərində Python proqramlaşdırma dilində, “Visual studio code” proqramı vasitəsilə aparıldığını söyləyib. Bu zaman istifadə etdiyi metdoları və bəzi göstəriciləri seminar iştirakçılarının nəzərinə çatdırıb.

Tədqiqatın nəticələrindən bəhs edən E.Həsənov metodların hər birinin ayrı-ayrılıqda yüksək nəticə verdiyini və istər dəqiqlik, istərsə də digər göstəricilərin bir-birindən çox az fərqləndiyinin vurğulayıb: “Bu fərqlərə nəzər yetirsək, ən yüksək nəticənin KNN (K - ən yaxın qonşu) metodunda olduğunu görərik”.

Məruzədən sonra müzakirələr aparılıb, tədqiqatçı sualları cavablandırıb. Şöbə rəhbəri M.Hacırəhimova mövzuya dair fikirlərini bölüşərək araşdırmaların daha da dərinləşdirilməsini, aparılan tədqiqatların nəticəsi kimi yeni məqalənin hazırlanmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı