“Süni cəmiyyətlər və informasiya texnologiyaları” mövzusunda keçirilən beynəlxalq konfransda dosent Əlövsət Əliyevin məruzəsi dinlənilib Oktyabr 04, 2022 | 10:52 / Konfranslar, iclaslar

27-28 sentyabr 2022-ci il tarixlərində Moskvada RF Elm və Ali Təhsil Nazirliyi, REA Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun (Центральный Экономико-Математический Институт РАН), Federal Dövlət Büdcə Elm İnstitutunun, Dövlət Dumasının iştirakı və  RF Federal Məclisinin təşkilatçılığı ilə fiziki və onlayn formatda “Süni cəmiyyətlər və informasiya texnologiyaları”, “Rusiyada Superkompüter Günləri-2022” beynəlxalq konfransı və “Superkompüter texnologiyaları və süni cəmiyyətlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev də iştirak edib.

Beynəlxalq konfransın açılışında REA-nın müxbir üzvü, REA-nın Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun direktoru, professor Baxtizin Albert Raufoviç və REA-nın akademiki, Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun elmi rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Makarov Valeri Leonidoviç çıxış edərək süni cəmiyyətlər, informasiya və super kompüter texnologiyaların aktual problemlərinə diqqət yönəldiblər, konfransın işinə uğurlar arzulayıblar. Sonra konfransın plenar iclasında məruzələr dinlənilib.

Konfrans əsasən informasiya texnologiyalarından istifadə etməklə hökumətin idarəetmə qərarlarının səmərəliliyinin artırılması, süni intellektin inkişafı üçün vasitələrin yaradılması və inkişafı, onun əsasında ərazilərin sosial-iqtisadi inkişafının proqnozlaşdırılması, sosial-iqtisadi proseslərin kompüter modelləşdirilməsi, böyük verilənlərin kompüter emalı üçün perspektivli İKT və alətlər, milli təhlükəsizliyin təmin edilməsi problemlərinin həlli üçün agent əsaslı modellərdən istifadə və s. kimi istiqamətlər üzrə  məsələlərə həsr olunub.

Beynəlxalq tədbir bölmələr üzrə müxtəlif istiqamətli mövzularla öz işini davam etdirib.

Tədbirdə “Strategiya 2050”ni nəzərə alaraq regionun inkişafını proqnozlaşdırmaq üçün süni cəmiyyət modelindən istifadə, istifadəçilər və süni agentlər arasında sosial qarşılıqlı əlaqənin problemləri və vəzifələri, milli və beynəlxalq səviyyədə süni intellekt etikasının qiymətləndirilməsi. Sosial-iqtisadi sistemlərin modelləşdirilməsi, qeyri-müəyyənlik və risk şəraitində informasiya texnologiyalarının tətbiqi, sığorta bazarının tənzimlənməsinə risk əsaslı yanaşmanın həyata keçirilməsində ssenari təhlili və modelləşdirmə, genişmiqyaslı agent əsaslı modellərin xüsusiyyətləri, İnformasiya texnologiyalarının iqtisadi artıma və həyat keyfiyyətinə təsiri, saxta xəbərləri yoxlamaq üçün neyro linqvistik proqramlaşdırmadan istifadə, istehsal, dövlət idarəçiliyi və sosial sahədə rəqəmsallaşmanın inkişafı, rəqəmsal əkiz platformaları və s. kimi aktual mövzular müzakirə olunub.  

Konfransda AMEA-nın müxbir üzvü, AMEA-nın İdarəetmə sistemləri İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun “Ölkənin ekosivilizasiyasının qiymətləndirilməsinə qeyri-səlis yanaşma” mövzusunda məruzəsi də dinlənilib.

Bundan əlavə, iqtisadi tədqiqatlarda agent əsaslı yanaşma, Ümumdövlət Avtomatlaşdırılmış Sistem (ÜDAS) COVID-19-un sosial-iqtisadi nəticələrinin qiymətləndirilməsi üçün simulyasiya modeli, ÜDAS-dan kvant məlumat ötürmə texnologiyalarına qədər intellektual və informasiya-hesablama sistemlərinin inkişafı, cəmiyyətin rəqəmsal əkizinə əsaslanaraq əmək potensialının səviyyəsinin proqnozlaşdırılması, iqtisadi amillərin kommersiya hava daşımaları bazarına təsirinin modelləşdirilməsi və s. kimi mövzular da müzakirə olunub. 

Tədbirdə həmçinin iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyevin təqdim etdiyi “Süni intellekt texnologiyaları əsasında rəqəmsal innovasiya iqtisadiyyatının formalaşmasına konseptual yanaşma” mövzusundakı məruzəsi dinlənilib. Məruzədə İKT əsasında yeni  Big Data, mobil,  bulud,  süni intellekt, Əşyaların İnterneti texnologiyaları iqtisadiyyatı, kiber-fiziki sistemlərin, proqram məhsulları sənayesi və s. kimi rəqəmsal iqtisadiyyat sektorlarının formalaşması və  inkişafı  problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib.

Məruzədə müasir dövrdə iqtisadiyyatın rəqəmsal texnoloji innovasiyalar əsasında inkişafının aktuallığı qeyd olunub. 4.0 Sənaye komponentlərinin tətbiqi ilə rəqəmsal iqtisadi sektorlarda elm-texnologiya tutumlu, yüksək rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının hazırkı dövrün zəruri məsələlərindən olduğu xüsusi olaraq qeyd olunub.

Çıxış zamanı sosial-iqtisadi inkişaf strategiyaları əsasında rəqəmsal tranformasiyaların əhəmiyyəti göstərilib. İnformasiya iqtisadiyyatının struktur tərkibinə daxil olan intellektual iqtisadiyyatın ölçülməsi indikatorlarının işlənilməsinin vacibliyi əsaslandırılıb.

Ə.Əliyevin məruzəsində Cəmiyyət 4.0-dan 5.0-a keçid proqramlarında süni intellekt texnologiyalarının təsirinin tədqiq olunduğu, süni intellekt texnologiyaları iqtisadiyyatı üzrə dünyadakı vəziyyətin təhlilinin aparıldığı vurğulanıb. Məruzədə süni intellekt texnologiyaları üzrə iqtisadi sektorun formalaşması xüsusiyyətlərindən və inkişaf perspektivlərindən bəhs edilib. Süni intellekt texnologiyaları üzrə dünya bazarının həcminin müxtəlif göstəricilər üzrə təhlil olunduğu, qlobal süni intellekt bazarının həcmi və qlobal süni intellekt bazarında gəlirlərin  struktur sxemi təqdim edilib.

Sonra süni intellekt üzrə alt iqtisadi sektorların innovativ perspektivlərinin qiymətləndirilməsi üçün təkmilləşdirilmiş Delfi metodunun alqoritmik mərhələlərin təklif olunduğu konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Süni intellekt texnologiyaları ilə əlaqədar rəqəmsal iqtisadi sektorların innovativ perspektivliyi üzrə qiymətləndirmə nəticələri şərh olunub. Süni intellekt texnologiyaları əsasında rəqəmsal innovasiya iqtisadiyyatının formalaşmasının perspektiv istiqamətləri üzrə müvafiq təklif və tövsiyələr verilib.

Konfransda institutlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, elmi müəssisələrin innovativ elmi potensialından istifadə etməklə informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi üzrə tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb. Alimlər təmsil etdikləri qurumlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, beynəlxalq konfransın materiallarının REA-nın Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunun elmi jurnallarının birində nəşr olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı