Dosent Əlövsət Əliyev “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib Sentyabr 23, 2022 | 09:24 / Konfranslar, iclaslar

18-19 sentyabr 2022-ci il tarixlərində ölkənin mədəniyyət paytaxtı Şuşa şəhərində Mədəniyyət Nazirliyi və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev də iştirak edib. Beynəlxalq konfrans sentyabrın 20-də Bakıda davam etdirilib.

Sentyabrın 19-da Şuşada yerləşən “Qarabağ” otelində baş tutan beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən mədəniyyət iqtisadiyyatı üzrə beynəlxalq ekspertlər, alimlər, təşkilatçı-menecerlər, eləcə də yerli mütəxəssislər iştirak ediblər.

“Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə reallaşan, ölkədə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın birinci və əsas hissəsi Şuşada keçirilsə də, əslində tədbir Bakıda “Fairmont” hotelində başlayıb və Qobustanda qədim qayaüstü yazı mədəniyyəti ilə tanışlıqla davam etdirilib. Füzulinin viran qalmış ərazilərinə baş çəkən, erməni vandalizminin canlı şahidi olan qonaqlar daha sonra Füzuli Beynəlxalq Hava Limanında olublar.

Beynəlxalq elmi-praktik konfrans öz işinə başlamazdan əvvəl sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqləri ilə startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli və mədəniyyət iqtisadiyyatı üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite çıxış ediblər.

Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran hazırda dünyada mədəniyyət və yaradıcı sahədən iki trilyon dollara yaxın gəlir əldə olunduğunu və beynəlxalq konfransda məhz bu kimi məsələlərlə bağlı fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb. O, Qarabağın gələcəyi barədə müzakirələrin ediləcəyi tədbirlərin davamlı olaraq keçiriləcəyini qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bu kimi tədbirlərin keçirilməsində əsas məqsədin torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə verməkdən ibarət olduğunu bildirib. Qeyd edib ki, konfransın əsas hədəfi Azərbaycan mədəniyyətinin potensialının aşkar olunmasıdır: “Bizim mədəniyyət iqtisadiyyatında çox böyük potensialımız var. İstəyirik ki, bizim mədəniyyətimizdünyanın yaradıcı sənaye bazarında öz yerini tutsun, onun yaratdığı zövq iqtisadiyyatımıza töhfə versin, mədəniyyət xadimlərinin ərsəyə gətirdiyi məhsul dünyada tanınsın”.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli çıxış edərək bildirib ki, bu günlərdə Azərbaycanda mədəniyyətə hər kəs sadəcə istehlakçı kimi baxır. Konfransdan əvvəl mədəniyyət iqtisadiyyatı ilə əlaqədar araşdırmalar aparılıb. Artıq əsas etibarı ilə alimlər arasında bu sahəyə maraq yaranıb.

Konfrans işini “Azad edilmiş torpaqlarda mədəni dirçəliş və mədəni iqtisadiyyat” mövzusunda panel müzakirəsi ilə davam etdirib, işğaldan azad edilmiş torpaqlarda mədəniyyətin iqtisadiyyatına dair müzakirələr aparılıb.

Sonra israilli ekspert Tal Katranın moderatorluğu ilə keçirilən paneldə multidissiplinar dizayner Nejla Güvenc, investisiya məsləhətçisi və şəxsi kapital üzrə mütəxəssis Rahul Yadav, Milli Konservatoriyanın şöbə müdiri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və “Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit çıxış ediblər.

Beynəlxalq elmi-praktik konfransda “Davamlı şəhərlərdə və icmalarda mədəniyyət iqtisadiyyatı” mövzusunda məruzə dinlənilib, “Şuşadan Şuşa üçün inkişaf impulsları” mövzusunda dəyirmi masalar təşkil olunub.

Daha sonra dövlət mexanizmlərinin və təşviqlərinin yaradılması üzrə panel müzakirəsi aparılıb.

Dəyirmi masalarda “Mədəni iqtisadiyyat və davamlı iqtisadiyyat azad edilmiş ərazilərdə necə sinerji və sosial təsir yaradır?”, “Mədəniyyət sektorunda dövlət-özəl tərəfdaşlığı və mədəniyyətin maliyyələşdirilməsində səmərəlilik variantları” mövzusu üzrə aparılan müzakirədə aktiv iştirak edən Əlövsət Əliyev mədəniyyət sahəsi üzrə sahibkarların, yaradıcı insanların çətinliklərini dilə gətirib. Müvafiq istiqamətdə dövlət-özəl münasibətlərinin tənzimlənməsi üzrə tövsiyələr verib, mədəniyyətin maliyyələşməsi ilə bağlı təkliflər irəli sürüb.

“Azad edilmiş ərazilərin bütövlüyü üçün cəmiyyəti bir vasitə olaraq cəlb etmək”, “Mədəniyyət ölkənin xaricdə brendinq strategiyasının fonu kimi” və “Yaradıcı sənayelərdə dairəvi iqtisadiyyat necə gəlir gətirə bilər?” mövzularında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Moderatorlar hər bir mövzu ilə bağlı təklif və tövsiyələrini bölüşüblər.

Şuşada keçirilən beynəlxalq elmi-praktik konfrans yekunlaşıb və sonda xatirə şəkli çəkdirilib.

“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda davam etdirilib.

Beynəlxalq elmi-praktik konfransda Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri və digər rəsmilər, mədəniyyət sahəsinin mütəxəssisləri iştirak ediblər. Konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən söz açıb.

Sonra mədəniyyət naziri Anar Kərimov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite çıxış ediblər.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb. Konfrans öz işini panel iclaslarla davam etdirib.

Beynəlxalq elmi-praktik konfransda aşağıdakı panel müzakirələri keçirilib və təqdimatlar dinlənilib: dövlət mexanizmlərinin və təşviqlərinin yaradılmasının əsas problemləri və imkanları, mədəni iqtisadiyyatın qlobal tendensiyaları və Sənaye 4.0 ilə yaradıcı iqtisadiyyatın kəsişməsi, mədəniyyət iqtisadi inkişaf mühərriki kimi, yaradıcı iqtisadiyyata dəstək və maliyyəyə çıxış, yaradıcı iqtisadiyyat üçün potensialın inkişafı və təhsilin əhəmiyyəti, Azərbaycanın mədəniyyət sektorunun iqtisadi artıma təsirini formalaşdıran amillər və s.

İqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev beynəlxalq elmi konfransda “Qarabağ iqtisadiyyatının mədəni sahələrinin səmərəli formalaşdırılmasında və idarə edilməsində rəqəmsal transformasiya məsələləri” mövzusunda çıxış edib. O, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda hazırkı dövr üçün aktual hesab olunan informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.

Ə.Əliyev çıxışının əvvəlində bildirib ki, mədəniyyət iqtisadiyyatına güclü diqqət məhz Zəfər bayramından sonra gündəmə daxil olub. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bu məsələ daha da aktuallaşıb.

Məruzəsinin Qarabağda mədəniyyət iqtisadiyyatının inkişafında innovativ rəqəmsal texnologiyaların transformasiyasına həsr olunduğunu bildirən alim Qarabağ iqtisadiyyatının dirçəldilməsində yeni rəqəmsal sektorların inkişaf xüsusiyyətlərindən bəhs edib.

Ə.Əliyev iqtisadi kontekstdə e-mədəniyyətin kompleks fəaliyyət proqramının arxitektur-texnoloji strukturunun konseptual modelinin təklif olunduğunu xüsusi olaraq konfrans iştirakçılarının diqqətinə çatdırıb. Big Data, bulud, süni intellekt, e-mədəniyyət texnoloji sektorlarının problemlərini şərh edib, mədəniyyət iqtisadiyyatı ilə iqtisadiyyatın mədəniyyətinin qarşılıqlı əlaqəsinin struktur sxemini göstərib.

Məruzəçi iqtisadi mədəniyyətin təsnifatı, xüsusiyyətləri, onların inkişafa təsiri məsələlərindən söz açıb. O, Sənaye 4.0 platforması komponentlərinin mədəniyyət iqtisadiyyatının formalaşmasında və idarə edilməsində transformasiyası üzrə müvafiq təklif və tövsiyələrin işlənildiyini qeyd edib.

Ə.Əliyev çıxışı zamanı, həmçinin təşkilatlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, təmsil etdiyi elmi müəssisənin innovativ elmi potensialından istifadə etməklə informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi, müasir iqtisadiyyatda beynəlxalq çağırışların tələblərinin nəzərə alınması, iqtisadiyyatın rəqəmsal transformasiyası, elmtutumlu, innovativ məhsul istehsalı mühiti, iqtisadiyyatın yaşıllaşdırılması, davamlı inkişafı problemlərinin tədqiqi və bu istiqamətdə tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bölüşüb. Alim konfransda təmsil olunan qurumlarla institut arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, beynəlxalq tədbirin materiallarının kitab şəklində çap olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı