Dosent Əlövsət Əliyev rəqəmsal iqtisadiyyat üzrə beynəlxalq konfransda məruzə ilə çıxış edib Sentyabr 20, 2022 | 10:20 / Konfranslar, iclaslar

16 sentyabr 2022-ci il tarixində Bakıda AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev də iştirak edib.

Konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Beynəlxalq elmi-praktiki konfransda Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel və Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri İqor Kozirev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar və konfrans öz işinə başlayıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikasının Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 8 ölkəni (Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldova) təmsil edən 100-dən çox nümayəndə iştirak edib. Tədbirdə xarici qonaqlarla yanaşı, ölkənin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri də iştirak ediblər. Konfrans çərçivəsində Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının 15 illik yubileyi də qeyd olunub.

Beynəlxalq elmi-praktiki konfransda aşağıdakı məsələlərlə bağlı hərtərəfli müzakirələr aparılıb və müxtəlif mövzularda məruzələr dinlənilib: rəqəmsal iqtisadiyyatda süni intellektin tətbiqi, rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda rəqəmsal həllər, rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında vahid informasiya fəzalarının yaradılması problemləri, maliyyə hesabatlılığında şəffaflığın təmin edilməsində rəqəmsal həllərin, o cümlədən süni intellektin rolu: Elm və biznes tərəflərindən baxış, vergi inzibatçılığında şəffaflığın səmərəliliyinin təmin olunmasında rəqəmsal texnologiyaların artan rolu, müasir dövrün hesabatlılıq və şəffaflıq çağırışları, rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və audit, Maliyyə Hesabatının Beynəlxalq Standartlarının və onun auditinin ictimai əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi, rəqəmsal ekosistemlər, “yaşıl biznes”, rəqəmsal iqtisadiyyatda konsolidasiya edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, yeni nəsil kadr hazırlığı, maarifləndirmə və əməkdaşlıq, “rəqəmsal mühasiblər rəqəmsal iqtisadiyyatın qəlbində”, rəqəmsallaşmanın Türkiyədə mühasibat uçotu, vergi və audit təcrübələrinə təsirləri, rəqəmsal iqtisadiyyat əlaqəli dünyada inkişaf, rəqəmsal məhsul: Kripto dünyası – müasir vergi idarəçiliyi üçün böyük problem” və s.

İqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev beynəlxalq elmi konfransda “Rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında vahid informasiya fəzalarının yaradılması problemləri” mövzusunda çıxış edib. O, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda hazırkı dövr üçün aktual hesab olunan informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.

Dosent Ə.Əliyev tədbirdə vahid iqtisadi informasiya fəzasının zəruriliyini açıqlayıb, komponentlərini izah edib və onun yaradılması problemlərini qeyd edib. Rəqəmsal iqtisadiyyatda informasiya şəffaflığının, hesabatlılığın xüsusiyyətləri və onun təmin olunmasının vacib prinsiplərini göstərib. Məruzəçi informasiya şəffaflığının əsas elementləri haqqında məlumat verib. İqtisadi subyektlərin fəaliyyətinin informasiya şəffaflığına təsir edən amillərin struktur modelinin işlənildiyini bildirib. Mezosəviyyədə iqtisadi münasibət subyektlərinin informasiya şəffaflığı səviyyəsinin artırılması istiqamətlərini izah edib. Daha sonra şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında ortaq vahid informasiya fəzalarının yaradılması komponentlərinin təklif olunduğunu bildirib. O, mövcud iqtisadi strukturların və proseslərin müvafiq informasiya fəzaları arasında uyğunsuzluğun yaratdığı problemləri xüsusilə qeyd edib. Alim iqtisadiyyatın səmərəli idarə olunmasında vahid iqtisadi informasiya fəzasının dövlət tənzimlənməsinin zəruriliyini xüsusi vurğulayıb.

Məruzəçi Sənaye 4.0 platforması komponentləri nəzərə alınmaqla, rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında vahid informasiya fəzalarının yaradılması üzrə müvafiq təklif və tövsiyələrin işlənildiyini xüsusi olaraq konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ə.Əliyev çıxışı zamanı, həmçinin təşkilatlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, təmsil etdiyi elmi müəssisənin innovativ elmi potensialından istifadə etməklə informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi, müasir iqtisadiyyatda beynəlxalq çağırışların tələblərinin nəzərə alınması, iqtisadiyyatın rəqəmsal transformasiyası, elmtutumlu, innovativ məhsul istehsalı mühiti, iqtisadiyyatın yaşıllaşdırılması, davamlı inkişafı problemlərinin tədqiqi və bu istiqamətdə tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bölüşüb. Alim konfransda təmsil olunan qurumlarla institut arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, beynəlxalq tədbirin materiallarının kitab şəklində çap olunması nəzərdə tutulur.

Sonda beynəlxalq elmi-praktiki konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı