Moskva Dövlət Universitetinin tələbələri institutda istehsalat təcrübəsinə başlayıblar Avqust 31, 2022 | 09:29 / Konfranslar, iclaslar

Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsinin IV kurs tələbələri 30 avqust - 9 sentyabr 2022-ci il tarixlərində İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçəcəklər.

Bu məqsədlə institutda MDU-nun Bakı filialının tələbələri ilə görüş keçirildi. Tədbirdə tələbələrin təhkim olunduğu institut əməkdaşları – təcrübə rəhbərləri, eləcə də digər aidiyyəti şəxslər iştirak edirdilər.

Görüşdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək elmi-texniki sahənin innovativ inkişafına, elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının prioritet məsələlərdən olduğunu bildirdi. O, AMEA-nın bir sıra elmi müəssisələri kimi, İnformasiya Texnologiyaları İnstitutunun da Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bu istiqamətdə görülən işlərin daha da sürətləndiriləcəyinə əminliyini ifadə etdi. R.Ələkbərov institutda yaradılmış maddi-texniki şərait, yüksəkixtisaslı elmi kadrların hazırlanması istiqamətində görülən işlər barədə məlumat verdi.

İnstitutun icraçı direktoru artıq bir neçə ildir ki, MDU-nun tələbələrinin İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçmələri üçün imkanların yaradıldığını qeyd edərək gənclərə institutun elmi bölmələrinin fəaliyyəti, burada aparılan tədqiqatlarla yaxından tanış olmağı tövsiyə etdi. R.Ələkbərov tələbələrin mütəmadi şəkildə təcrübə rəhbərləri ilə əlaqə saxlayaraq verilən tapşırıqları vaxtında icra etmələrinin vacibliyini vurğuladı, hər birinə uğurlar arzuladı.

Daha sonra institutun elmi katibi Nərmin Adıgözəlova istehsalat təcrübəsi barədə ətraflı məlumat verdi, institutda MDU-nun 4-cü kursunda təhsil alan 13 tələbənin 2 həftə ərzində təcrübə keçəcəklərini bildirdi. Elmi katib əlavə etdi ki, istehsalat təcrübəsi institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat və baş mütəxəssis Tamilla Bayramova tərəfindən həyata keçiriləcək.

Qeyd olundu ki, təcrübə müddətində tələbə-gənclərə institutda nəzəri və texnoloji biliklər aşılanacaq. O cümlədən tələbələrin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi bacarıqları inkişaf etdiriləcək.

Görüşdə həmçinin təcrübə müddətində görüləcək işlər, veriləcək tapşırıqlar və həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar barədə müzakirələr aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, istehsalat təcrübəsi MDU-nun Bakı filialı ilə İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış 2 iyun 2022-ci il tarixli müqavilə əsasında həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı