Veb-saytların müxtəlif axtarış sistemlərində tanınması üsulları araşdırılır İyul 04, 2022 | 10:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Veb-saytların müxtəlif axtarış sistemlərində tanınması üsulları” mövzusunda məruzə dinlənilib.

Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Aqşin Paşayev öncə axtarış sistemləri haqqında məlumat verərək, onların istifadəçiyə təqdim etdiyi nəticələrə görə bir-birindən fərqləndiyini bildirib. Qeyd edib ki, axtarış sistemlərinin fəaliyyəti skan etmə, indeksləmə və reytinq prinsiplərinə əsaslanır.

Məruzəçinin sözlərinə görə, ilk addım olaraq axtarış sistemləri yeni veb-səhifələr tapmaq və onlar haqqında məlumat toplamaq üçün veb-səhifələri skan edir. Bu skan vasitələri “hörümçəklər” və ya “robotlar” adlandırılır. Onların məqsədi yeni veb-səhifələri kəşf etmək, eləcə də daha əvvəl daxil olduqları səhifələrin məzmununun vaxtaşırı dəyişdirildiyini və ya yeniləndiyini nəzərdən keçirməkdir.

A.Paşayev bildirib ki, indeksləmə mərhələsi axtarış sisteminin skan etdiyi məzmundan istifadə edib-etməməsinə qərar verir. Skan edilmiş veb-səhifə axtarış sistemi tərəfindən yararlı kontent hesab edilərsə, verilənlər bazasına əlavə edilir və saxlanılır. Adətən, unikal və dəyərli məzmun təklif edən əksər veb-səhifələr bu bazalarda indeksləşə bilir. Lakin əldə olunan məzmun dublikat sayıldıqda, məzmun dəyəri aşağı və ya spam hesab olunduqda, məlumatları skan etmək mümkün olmadıqda, strukturda müvafiq kontentə yönlənən keçidlər olmadıqda və s. hallarda veb-səhifə bu bazalarda indeksləşməyə bilər. Reytinq prinsipi isə indeksləşdirilmiş məlumatların nəticə səhifəsində ardıcıllıqla görünməsidir.

Sonra tədqiqatçı axtarış sistemlərinin optimallaşdırılması (Search Engine Optimization – SEO) prosesindən bəhs edib: “SEO veb-saytın axtarış sistemləri səhifələrində yuxarı sıralarda yerləşməsi üçün həyata keçirilən işlərdir. Bunun sayəsində istifadəçilər təqdim olunan məhsul və ya xidmətləri “Google”, “Yahoo”, “Bing” və s. kimi axtarış sistemləri vasitəsilə daha sürətli tapmaq imkanı əldə edirlər”.

O, SEO-nun ən çox istifadə olunan texniki, səhifədə və səhifədənkənar növləri barədə məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb. Texniki SEO haqqında danışaraq, bunun axtarış sistemlərində veb-saytın görünməsinə təsir edən texniki parametrlərdən olduğunu söyləyib. Veb-saytlarda istifadə olunan mühüm texniki SEO parametrlərini sadalayaraq, qeyd edib ki, bunlara SSL (Secure Sockets Layer) sertifikatından istifadə etmək, “robots.txt” faylını yaratmaq və optimallaşdırmaq, “Google Search Console”da qeydiyyatdan keçmək, XML veb-sayt xəritələri yaratmaq və onları “robots.txt” faylına əlavə etmək və s. aiddir.

Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib, müvafiq istiqamətdə araşdırmaların dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı