Kosmik sənaye iqtisadiyyatının formalaşması məsələlərinə həsr olunmuş elmi seminar keçirilib İyun 13, 2022 | 02:47 / Konfranslar, iclaslar

Ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində kosmik tədqiqatların nəticələrinin, kosmik sənaye məhsullarının istifadə edilməsi istiqamətlərinin müəyyənləşdirilməsi, kosmik sənaye sahələrinin inkişafı, eləcə də kosmik tədqiqatların aparılması üçün investisiya qoyuluşlarının artırılması kosmik fəaliyyət sahəsində qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrdəndir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin növbəti hibrid formada keçirilən elmi seminarında şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin kosmik sənaye  iqtisadiyyatının nümunəsində “İKT əsaslı yeni  rəqəmsal iqtisadiyyat sektorlarının makro səviyyədə formalaşması tendensiyaları və inkişaf xüsusiyyətlərinin tədqiqi” mövzusunda məruzəsi ətrafında müzakirələr aparılıb.

Öncə Ə.Əliyev “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı haqqında məlumat verib. Festivalın Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirildiyini deyib. Bu il 26-29 may tarixlərində Bakıda təşkil olunan festivalda AMEA-nın, o cümlədən  İnformasiya Texnologiyaları İnstitutunun innovativ məhsullarla yüksək səviyyədə təmsil olunduğunu deyib.

Dosent Ə.Əliyev “Azərbaycan Respublikasının İnkişafı Naminə İKT üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və digər milli və beynəlxalq sənədlərin mövzunun aktuallığını şərtləndirən amillərdən olduğunu qeyd edib.

Məruzəçinin sözlərinə görə, rəqəmsal iqtisadiyyat sektorlarına kosmik, dron, İnternet texnologiyaları iqtisadiyyatı, mobil sistem və texnologiyaları iqtisadiyyatı, Big Data və bulud texnologiyaları iqtisadiyyatı, yaşıl-ekoloji və dövri iqtisadiyyat, e-xidmətlər iqtisadiyyatı, pilotsuz nəqliyyat iqtisadiyyatı və s. daxildir.

O, 4.0 sənaye platformasının əsas komponentlərindən bəhs edərək buraya Big Data texnologiyaları, Əşyaların İnterneti, “ağıllı” şəhər, “ağıllı” ev, pilotsuz avtomobillər, süni intellekt, robototexnika, kriptovalyuta texnologiyaları və s. aid olduğunu deyib.

Kosmik sənaye iqtisadiyyatının mahiyyəti və xüsusiyyətləri barədə məlumat verən şöbə müdiri elm və texnikanın sürətli inkişafının respublikanın iqtisadiyyatında kosmik texnologiyalardan daha geniş miqyasda istifadə edilməsini ön plana çəkdiyini deyib. Bildirib ki, kosmik iqtisadiyyat yüksək texnologiyalar əsasında kosmosun fəthinə yönəlmiş ən yeni kosmik sənaye texnologiyaları vasitəsilə kosmik və yerüstü, yeraltı resursların iqtisadi potensialını formalaşdırmaq, onlardan səmərəli istifadə etməkdir. Kosmik resurslar və vasitələrlə yeni iqtisadi modelin yaradılması və mövcud iqtisadiyyatın inkişaf etdirilməsidir. Kosmik sənaye avadanlıqlarının, o cümlədən dronların istehsalı və tətbiqi nəticəsində yeni iqtisadi sektorun yaradılmasıdır.

Sonra dosent Ə.Əliyev kosmik iqtisadiyyatla bağlı ölkədəki ümumi vəziyyət haqqında söhbət açıb. Azərbaycanın üç peyki olduğunu, onların ikisinin telekommunikasiya, birinin isə müşahidə funksiyasını həyata keçirdiyini nəzərə çatdırıb. Hər bir peykin əsas funksiyaları haqqında danışıb

Kosmik iqtisadiyyatla bağlı bəzi xərcləri diqqət çəkən Ə.Əliyev 3 peykin hazırlanması və orbitə buraxılmasına təxminən 1 milyard manatın sərf olunduğunu söyləyib, eləcə də kosmik iqtisadiyyatla bağlı bəzi gəlirlər barədə məlumat verib. 

Dosent Ə.Əliyev kosmik sənaye texnologiyasının effektiv tətbiq sahələrindən söz açaraq qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunmasının təmin edilməsi, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının formalaşdırılması, texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlərin yaradılmasının və s. qarşıda duran mühüm vəzifələrdən olduğunu vurğulayıb.

Məruzəçi Azərbaycanda kosmik sənayenin yaradılması və onun iqtisadiyyatın dinamik inkişafına təsiri ilə bağlı fikirlərini bölüşüb:

“Kosmik sistemlər üçün avadanlıqların və ehtiyat hissələrin yaradılması, uçuş aparatlarının idarə edilməsi, həmçinin məlumatların qəbulu, emalı, saxlanılması və yayılması məsələlərini əhatə edən vahid texnoloji sistemin fəaliyyəti təmin edilməlidir. Gələcəkdə raket texnikası üçün start-buraxılış meydançalarının, izləmə və idarəetmə məntəqələrinin, saxlama bazalarının, aviasiya vasitələri üçün uçuş zolaqlarının və digər kosmik infrastruktur elementlərinin yaradılması da əsas vəzifələrdən biri olmalıdır”.

Ə.Əliyev, həmçinin kosmik sənayenin yaradılması və inkişafı üzrə işlənilən kosmik texnologiyaların respublika iqtisadiyyatının daha sürətlə inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Alimin fikrincə, kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili və s. bu sahənin inkişafı üçün geniş perspektivlər yaradacaq.

Kosmik sahədə yeni perspektivlərin yarandığını bildirən şöbə müdiri onu da qeyd edib ki, bu kimi texnoloji dəyişikliklər sayəsində kosmosun getdikcə daha əlçatan olması onu istifadəçilər üçün adiləşdirir, əlçatan “əmtəə”yə çevirir. Dünyada bahalı optik peyklər vasitəsilə hər gün, hər saat çox böyük həcmlərdə peyk təsvirləri çəkilir, serverlərdə saxlanılır və müştərilərə satılaraq böyük məbləğlərdə gəlirlər əldə edilir. Artıq Azərbaycan kosmik sənayesinin qarşısında fərqli vəzifələr dayanır və buna uyğun yeni strategiya tətbiq edilməlidir. 

Sonda dosent Ə.Əliyev tədqiqatın nəticələrini də seminar iştirakçılarının diqqətinə çatdırıb. Kosmik sənayenin inkişafı sahəsində Dövlət Proqramının həyata keçirilməsi ilə respublika əhalisinin yüksək keyfiyyətli teleradio yayımı ilə təmin edilməsi, dövlət orqanlarının dayanıqlı xüsusi rabitə xidmətləri ilə təmin olunması, peyk rabitə xidmətləri istifadəçilərinin Azərbaycanın telekommunikasiya peykindən istifadəsinə şəraitin yaradılması və digər sahələrdə əhəmiyyətli uğurların əldə ediləcəyinə inamını bildirib.

Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı