İnstitutun şöbə müdiri MOBILAZE-2 layihəsi çərçivəsində keçirilən “Workshop”da məruzə ilə çıxış edib İyun 02, 2022 | 02:21 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iyunun 1-də Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən MOBILAZE-2 (Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək) layihəsi çərçivəsində keçirilən “Workshop”da məruzə ilə çıxış edib.

“Azərbaycanda müxtəlif dövlət reyestrlərindəki verilənlərinin vahid platformaya inteqrasiyası və istifadəsi” mövzusunda məruzəni təqdim edən F.Yusifov əhalinin fasiləsiz miqrasiyası və vətəndaş vəziyyəti aktlarındakı dəyişikliklərin əhali reyestri sisteminin yaradılmasını zəruri etdiyini söyləyib. Bildirib ki, yeni statsitik verilənlərin toplanması və reyestrdə olan mövcud verilənlərin yenilənməsi məqsədilə bu sistem - məlumatların effektiv şəkildə birgə istifadə olunmasına imkan verir.

Məruzəçi rəqəmsal tranformasiyalar və e-reyestrlərin formalaşdırılmasının statistik məqsədlər üçün nəzərdə tutulmayan yeni məlumat mənbələrinin istifadəsini aktuallaşdırdığını deyib.

Fərdi İdentifikasiya Nömrəsi barədə məlumat verən dosent F.Yusifovun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, xüsusən Skandinaviya ölkələrinin milli reyestrlər sahəsində zəngin təcrübəsi tədqiqatlar üçün yeni imkanlar yaradır: “Tarixən fərdi identifikasiya nömrəsi sistemi ilk dəfə Skandinaviya ölkələrində 60-70-ci illərdə tətbiq edilmiş və müxtəlif dövlət qurumlarına aid verilənlər bazaları arasında məlumat mübadiləsinin təmin olunması mümkün olmuşdur”.

O, son araşdırmaların əhali reyestrlərində toplanan verilənlərin demoqrafik tədqiqatların və statistikanın aparılması üçün yeni məlumat mənbəyi kimi istifadə olunmasını aktuallaşdırdığını, əhali reyestrinin – inteqrasiya olunan verilənlər bazaları arasında həm aqreqasiya olunmuş verilənlərin, həm də individual məlumatların mübadiləsinə əsaslandığını nəzərə çatdırıb.

Əhali reyestri ilə vətəndaşlıq vəziyyəti aktları reyestrinin fərqinə diqqət çəkən məruzəçi qeyd edib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı əhalinin qeydiyyatından onunla fərqlənir ki, vətəndaşlara dair məlumatların qeydiyyatı adətən mühüm demoqrafik hadisələr, məsələn, doğum, ölüm, nikah və boşanma ilə məhdudlaşdır.

Şöbə müdiri onu da qeyd edib ki, vahid platformanın yaradılması dövlət reyestrində toplanan məlumatların analizi əsasında faktiki olaraq əhalinin fasiləsiz, onlayn siyahıyaalınmasına və monitorinqinin aparılmasına imkan verəcək.  Ayrı-ayrı reyestrlərdə toplanan məlumatlar strukturlaşdırılmış olsa da, göstərilən mənbələrdə toplanan böyük verilənlərin intellektual analizi mövcud tədqiqatların dərinləşdirilməsinə və demoqrafik davranışlarla əlaqəli biliklərin əldə olunmasına şərait yaradacaq.

F.Yusifov tədbirdə reyestr əsaslı əhali statistikasının aparılmasının üstünlükləri, vahid dövlət reyestri əsasında demoqrafik tədqiqatlar, elektron demoqrafiya sistemi: konseptual yanaşmalar, dövlət reyestrlərinin vahid platformaya inteqrasiyası zaman qarşıya çıxan çətinliklər, demoqrafik tədqiqatlar və digər məsələlərdən də danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı