Əlövsət Əliyev “Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının strateji istiqamətləri” mövzusunda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib May 31, 2022 | 02:36 / Konfranslar, iclaslar

26-27 may 2022-ci il tarixlərində Bakıda Azərbaycanın Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Türkiye Cumhuriyeti Yüksek Öğretim Kurulu, Türkiyənin Yıldız Teknik Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının strateji istiqamətləri” mövzusunda hibrid rejimdə beynəlxalq elmi konfrans keçirilib.

Konfransın açılış mərasimində bildirilib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, ticari-iqtisadi, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir, Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf etdirilir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

Beynəlxalq elmi konfransda “Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıqda rəqəmsal transformasiya və rəqəmsal liderlik”, “Universitet-sənaye əməkdaşlığında texnoparkların rolu: Azərbaycan-Türkiyə texnopark birgə müəssisələri”, “Şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi, ipək yolu iqtisadi kəməri və digər nəqliyyat layihələrinin Azərbaycan, Türkiyə və region ölkələrinin sosial-iqtisadi inkişafında rolu” “Türk dövlətləri təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlıq. Azərbaycan və Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlıq” bölmələri üzrə müzakirələr aparılıb.

Konfransın Təşkilat Komitəsi tərəfindən 4 xarici ölkənin (Rusiya, Türkiyə, Qazaxıstan, Çin Xalq Respublikası) 9 universitetindən  və Azərbaycanın 25 elm və ali təhsil müəssisəsindən 120 məruzə seçilərək konfransın gündəliyinə daxil edilib.

Tədbirdə Milli Məclisin üzvləri Əli Məsimli, Vüqar Bayramov, Siegen Universiteti (Almaniya) və SRH-NRW Tətbiqi Elmlər Universitetinin professoru Müslüm İbrahimov, Azərbaycanın  elmi-tədqiqat institutlarından, ali məktəblərindən, Türkiyədən, Rusiyadan, Qazaxıstandan və Çin Xalq Respublikasından alimlər, mütəxəssislər iştirak ediblər.

Beynəlxalq konfransın plenar iclasında “Türk dövlətlərinin regional iqtisadi əməkdaşlığının əsas istiqamətləri”, “Azərbaycan və Türkiyə arasında strateji iqtisadi əməkdaşlığın müasir aspektləri”, “Azərbaycan və Türkiyənin birgə Aqroekosisteminin yaradılması imkanları və əsas istiqamətləri”, “Azərbaycanla Türkiyə arasında universitet-sənaye əməkdaşlığının gücləndirilməsində texnoparkların strateji əhəmiyyəti” və s. mövzularda məruzələr dinlənilib.

Plenar iclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev  AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik  Rasim Əliquliyevin adından konfrans iştirakçılarını salamlayıb və institutda hazırkı dövr üçün aktual hesab olunan informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi, elm-universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsinin innovativ, texnoloji perspektivləri istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib. 

Daha sonra dosent Ə.Əliyev beynəlxalq elmi konfransın “Türk dövlətləri təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlıq. Azərbaycan və Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlıq” bölməsində "Sənaye 4.0 platformasında elm-universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsinin texnoloji perspektivləri mövzusunda məruzə ilə çıxış edib.

Dosent Ə.Əliyev hazırda Bakıda “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdıraraq, bu münasibətlə keçirdiyi sevinc və qürur hisslərini konfrans iştirakçıları ilə bölüşüb.

Məruzəçi iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasının son illərdə regional və milli iqtisadiyyatlar qarşısında duran prioritet məsələlərdən birinə çevrildiyini bildirib, elm-universitet-sənaye əməkdaşlığının Sənaye 4.0 platformasında inkişafının vacibliyini əsaslandırıb.

Ə.Əliyev rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin sürətləndirilməsinin vacib məsələlərdən olduğunu qeyd edərək, innovativ iqtisadi inkişaf trendlərini göstərib. Məruzəçi rəqəmsal iqtisadiyyatın inkişafında elm-universitet-sənaye əməkdaşlığı innovasiyalı müəssisələrin yaradılması problemlərinin müəyyənləşdirildiyini deyib. O, elm-universitet-sənaye əməkdaşlığı strukturlarının qarşılıqlı əlaqə modelinin təklif olunduğunu diqqətə çatdırıb. Dünyada və Azərbaycanda ali təhsil müəssisələri bazasında formalaşmış innovasiyalı müəssisələrin, texnoparkların idarə edilməsi modellərinin təhlilinin aparıldığını qeyd edib.

Dosent Ə.Əliyev innovasiyalı müəssisələrin, texnoparkların fəaliyyətində blokçeyn, Big Data kimi müasir sənaye rəqəmsal texnologiyaların tətbiqlərinin elm-universitet-sənaye əməkdaşlığının səmərəli inkişafına təsirinin təhlili haqqında məlumat verib. Məruzəçi elm-universitet-sənaye əməkdaşlığının texnoloji perspektivləri üzrə tövsiyələr də verildiyini vurğulayıb.

Qeyd edək ki, konfransa təqdim edilmiş məqalələrin nəşrlərinin eLIBRARY.RU elmi elektron kitabxanasında yerləşdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı