“İnsanın rəqəmsal əkizləri: perspektivlər və problemlər” mövzusunda tədqiqatlar aparılıb May 23, 2022 | 10:11 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminarında təqdim olunan məruzələrdən biri də “İnsanın rəqəmsal əkizləri: perspektivlər və problemlər” mövzusuna həsr olunmuşdur.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev mövzuya dair çıxış edərək rəqəmsal transformasiyanın tarixi, insanın rəqəmsal əkizindən istifadə sahələri, onun problemləri, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı ətraflı məlumat verib.

O, öncə rəqəmsal əkizin fiziki obyektin, prosesin və ya xidmətin rəqəmsal surəti olduğunu diqqətə çatdıraraq bildirib ki, insanlar fiziki, fizioloji, davranış, ünsiyyət və s. kimi xüsusiyyətlərə malik olduğu üçün fiziki obyektlərdən və proseslərdən fərqli olaraq onların rəqəmsal əkizinin yaradılması çox mürəkkəb məsələdir.

“Rəqəmsal əkiz texnologiyasının köməyi ilə insanın həm fiziki və fizioloji xüsusiyyətlərini, həm də şəxsiyyət, hissiyyat, düşüncə, bacarıq, davranış və ünsiyyət kimi keyfiyyətlərini təkrarlayan rəqəmsal əkizləri yaradıla bilər. Hər bir insan dəyişdikcə onun rəqəmsal əkizi də sinxron şəkildə dəyişir, yəni insanın bütün dəyişiklikləri kiberməkana ötürülür.”

Rəqəmsal transformasiyanın qısa tarixindən bəhs edən məruzəçi söyləyib ki,  ilk dəfə 1985-ci ildə elektron poçtun yaradılması və populyarlaşması ilə insanların ünsiyyətinin rəqəmsallaşması baş verib. Daha sonra 1995-ci ildə İnternetin populyarlaşması ilə əşyaların rəqəmsallaşması, 2005-ci ildə sosial medianın yaradılması və populyarlaşması ilə insan əlaqələrinin və şəbəkələrinin rəqəmsallaşması, 2015-ci ildə Əşyaların İnterneti və süni intellektin yaranması ilə isə yenidən əşyaların rəqəmsallaşması prosesi baş verib.

O, insanın rəqəmsal əkizindən istifadə sahələri haqqında da söhbət açıb. Nəzərə çatdırıb ki, bunlara rəqəmsal əkizlər arasında görüşlərin təşkili, şəxsi köməkçinin yaradılması, real dünyada mümkün olmayan dialoqun təşkili, rəqəmsal əkizlərdən interfeys kimi istifadə, eləcə də onun tibdə tətbiqi daxildir: “Rəqəmsal əkizlər arasında görüşün keçirilməsi qrup intellektini inkişaf etdirməyə imkan verə bilər, çünki real dünyada insanların arasında görüş keçirmədən müxtəlif şəxsiyyətlər və təcrübələri birləşdirərək razılaşma əldə etmək olar. Onun surətinin yaradılması imkanı isə onun eyni zamanda bir neçə yerdə işləməsinə imkan verə bilər. Onlardan, həmçinin dünyadan köçmüş insanlarla ünsiyyət qurmaq, bilik və təcrübə əldə etmək məqsədilə istifadə mümkün ola bilər. Bir rəqəmsal əkizin qabiliyyətlərini digəri  ilə dəyişib və ya birləşdirib yeni qabiliyyətlərə malik rəqəmsal əkizin törəməsini yaratmaq da onun tətbiq sahələrinə aiddir.”

Rəqəmsal əkizin tibb sahəsində tətbiqindən bəhs edən R.Şıxəliyev vurğulayıb ki, insanın rəqəmsal əkizinin yaradılması, onun bütün həyatı boyu sağlamlığının idarə edilməsi üçün əlverişli bir vasitədir. Bu texnologiya xəstənin genomikası, fiziologiyası və həyat tərzini modelləşdirməyə imkan verə bilər. Əlavə edib ki, bütöv insan bədəninin, yalnız bir bədən sisteminin, bir bədən funksiyasının, bir insan orqanının, eləcə də müəyyən bir xəstəliyin rəqəmsal əkizini yaratmaq olar.

Məruzəçi insanın rəqəmsal əkizinin problemlərinə rəqəmsal əkiz metodlarının və qarşılıqlı fəaliyyət protokollarının standartlaşdırılmasının, proqram təminatının işlənməsi üçün ixtisaslaşmış çoxməqsədli alətlər dəstinin yaradılmasının, sosial etika, hüquqi problemlərin təhlükəsizlik məsələlərinə isə girişin idarə edilməsinin, gizlililiyin, məxfiliyin, əlyetərliliyin, tamlığın təmin edilməsinin və s. aid olduğunu söyləyib.

O, qeyd edib ki, insanın rəqəmsal əkizləri yaradılarkən qeyri-texniki aspektlər - məsələn, etik məsələlər, simulyasiya nəticələrinin etibarlılığı, şəxsi həyatın qorunması və s. məsələlər nəzərə alınmalıdır. Bu məqsədlə müxtəlif tədqiqat və texnologiya sahələri, o cümlədən sosial, humanitar, təbiət elmləri və fənlərarası sahələr üzrə ekspertlərin əməkdaşlığı vacibdir.

Sonra məruzə ilə əlaqədar AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev fikirlərini bölüşüb. Rəqəmsal əkiz ideologiyasına aydınlıq gətirən akademik bildirib ki, bu texnologiya bioloji sistemdən fərqli olaraq insanın fərdi informasiya dünyasını yaradır, onun həyatı ilə bağlı bütün məlumatları toplayır, analiz edir və proqnozlaşdırır. “Rəqəmsal əkiz özündə Əşyaların İnterneti, Süni intellekt, Big Data və digər yeni texnologiyaları ehtiva etməklə yanaşı, həm də inteqrativ texnologiya hesab edilir”, - deyən alim bu sistem vasitəsilə intellektual biliklərin əldə edilə bildiyini söyləyib.

Rəqəmsal əkiz modelinin IV sənaye inqilabının texnologiyalarından biri olduğunu vurğulayan R.Əliquliyevin fikrincə, bu texnologiya rəqəmsal əkizin yaradılmasına xidmət edən digər müxtəlif texnologiyaların məcmusudur.

“Rəqəmsal əkizlər insan cəmiyyətində yeni bir reallıq yaradır”, - deyən akademik bu istiqamətdə fundamental tədqiqatların aparılması, institutun elmi seminarlarında geniş müzakirələrin təşkili və məqalələrin hazırlanmasının vacib olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı