Yaşlanmada Rəqəmsal Əkiz: konseptual əsasları, mövcud vəziyyəti, riskləri və perspektivləri May 21, 2022 | 12:13 / Konfranslar, iclaslar

Birləşmiş Millətlər Təşkilatının İqtisadiyyat və Sosial İşlər üzrə Departamentinin son statistikasına əsasən, 2050-ci ildə yaşlı əhalinin sayının 2.1 miliyard nəfərə çatacağı proqnozlaşdırılır. Statistikada əhalinin yaşlanmasının inkişaf etmiş regionlara nisbətən inkişafda olan regionlarda daha sürətli artdığı qeyd edilib.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva institutun elmi seminarının 17 may – Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş onlayn iclasında “Yaşlanmada rəqəmsal əkiz: konseptual əsasları, mövcud vəziyyəti, riskləri və perspektivləri” mövzusunda məruzəsində məlumat verib.

Orijinal obyektin formasını və hərəkətlərini təkrarlayan və onunla sinxronlaşdırılan rəqəmsal əkiz texnologiyalarının imkanlarından söz açan F.Abdullayeva bu texnologiyanın ilk dəfə NASA tərəfindən 1960-cı illərdə istifadə olunduğunu, bu istiqaməti əhatə edən elmi tədqiqat səhəsinin son on ildə böyük sürətlə inkişaf etdiyini vurğulayıb. Əlavə edib ki, hazırda NASA-da rəqəmsal əkiz texnologiyasından yeni tövsiyələrin verilməsi, yol xəritələrinin işlənməsi, yeni nəsil aparatlar və təyyarələrin hazırlanması məqsədləri üçün geniş istifadə edilir.

O, rəqəmsal əkiz konsepsiyasının ilk dəfə termin kimi 2002-ci ildə Miçiqan Universitetinin professoru Mikail Qrives tərəfindən məhsulun həyat tsiklinin idarə edilməsində təsvir edildiyini bildirib, insanla bağlı rəqəmsal əkizə verilən təriflərdən bəhs edib.

“Rəqəmsal əkiz 2018-ci ildə “Gartner” təşkilatının qabaqcıl texnologiyalar əyrisinin pik nöqtəsində qeydə alınmışdır”, - deyə qeyd edən F.Abdullayeva rəqəmsal əkizin inkişafında ən böyük sıçrayışın süni intellekt və Əşyaların İnternetinin inkişafı səbəbindən baş verdiyini deyib.

Məruzəçinin sözlərinə görə, rəqəmsal əkiz vasitəsilə prosesin və ya istehsal zəncirinin böyük investisiyalar qoyulması tələb olunmadan test mərhələsinin işə salınması, zavod işə salınmazdan və obyekt istismara buraxılmazdan əvvəl problemin və ya boşluğun aşkarlanması, işə başlayana qədər bütün qəzaları izləməklə proseslərin və ya sistemlərin effektivliyinin artırılması, maliyyə, o cümlədən işçi heyətin həyat və sağlamlığının təhlükəsizliyi ilə bağlı risklərin azaldılması və s. məsələlər həll edilir.

O həmçinin rəqəmsal əkizin tətbiq sahələrindən, yaşlı insanların rəqəmsal əkizini təşkil edən verilənlərdən danışıb, insanın rəqəmsal əkiz arxitekturlarını, eləcə də rəqəmsal əkiz həllərini təqdim edib.

F.Abdullayeva rəqəmsal əkizin perspektivlərindən də bəhs edərək bildirib ki, “Gartner” təşkilatının analizinə görə, Əşyaların İnternetindən istifadə edən 74 faiz təşkilatdan 12 faizi rəqəmsal əkizi tətbiq edib, 62 faizi isə tətbiq etməyi planlaşdırır. Məruzəçi onu da əlavə edib ki, son hesablamalara əsasən, yaxın bir neçə ildə rəqəmsal əkiz bazarının 16 milyarda çatacağı proqnozlaşdırılır.

Yaxın zamanda şəhərlərdə rəqəmsal əkiz texnologiyalarının tətbiqinə üstünlük veriləcəyini deyən F.Abdullayeva şəhər infrastrukturunun bütün vacib sistemlərini, rayonlarını və obyektlərini birləşdirən rəqəmsal əkizin yaradılacağını da diqqətə çatdırıb.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev rəqəmsal əkiz texnologiyalarının araşdırılması istiqamətində tədqiqatlara geniş yer ayrılmasının zəruriliyinə toxunub, bu problemin texnoloji tərəfləri ilə yanaşı, fəlsəfi, sosial, bioloji və digər aspektlərinin də tədqiq olunmasının əhəmiyyətli məsələlərdən olduğunu qeyd edib.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı