Əlövsət Əliyev beynəlxalq konfransda “Rəqəmsal iqtisadiyyatda kriptovalyutaların və blokçeyn texnologiyalarının inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib May 20, 2022 | 09:26 / Konfranslar, iclaslar

18  may  2022-ci il tarixində  Rusiyanın Tambov Dövlət Universitetində Azərbaycan Dövlət İqtisadiyyat Universiteti (UNEC), Kazan Federal Universiteti, Elmi Kommunikasiya İnstitutu, Baranoviç Dövlət Universiteti, Turan-Astana Universiteti, Səmərqənd İqtisadiyyat İnstitutu, Batken Dövlət Universiteti, Abxaziya Dövlət Universitetivə digər aparıcı qurumların birgə təşkilatçılığı ilə "Milli iqtisadiyyatın modernləşdirilməsinin qlobal problemləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfrans milli iqtisadiyyatın modernləşdirilməsinin qanunauyğunluqları və tendensiyaları haqqında yeni biliklərin əldə edilməsi, iqtisadi artıma və insan kapitalının inkişafına töhfə vermək məqsədi ilə təşkil olunub. Tədbirdə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün strateji prioritetlər, pul və fiskal milli siyasətin təkmilləşdirilməsi, sənaye, innovasiya və texnoloji siyasət milli iqtisadiyyatın sistemli modernləşdirilməsinin əsası kimi, iqtisadiyyatın rəqəmsallaşması şəraitində iqtisadiyyatın real sektorunun modernləşdirilməsi, region iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması istiqamətlərinin təkmilləşdirilməsi, iqtisadiyyatda innovasiya proseslərinin sürətləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi problemləri, əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və s. kimi istiqamətlər üzrə müzakirələr aparılıb.

Beynəlxalq elmi-praktiki konfransın plenar iclasında institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Rəqəmsal iqtisadiyyatda kriptovalyutaların və blokçeyn texnologiyalarının fornalaşma və inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib.

O, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik  Rasim Əliquliyevin adından konfrans iştirakçılarını salamlayıb, institutda hazırkı dövr üçün aktual hesab olunan informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.  

Dosent Əlövsət Əliyev iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasının son illərdə regional və milli iqtisadiyyatlar qarşısında duran prioritet məsələlərdən birinə çevrildiyini bildirib. İnformasiya cəmiyyəti quruculuğu kontekstində rəqəmsal iqtisadi mühitdə rəqəmsal aktivlərin və kriptovalyutaların formalaşma tendensiyalarının və innovativ xüsusiyyətlərinin tədqiqinin müasir iqtisadiyyatın vacib məsələlərdən olduğunu xüsusi qeyd edib.

Məruzəçi kriptovalyutaların və blokçeyn texnologiyalarının mahiyyətini, strukturunu, məzmununu izah edərək onların iqtisadi əməliyyatlarda tətbiqi məsələlərini diqqətə çatdırıb. Eyni zamanda bazar dəyərinə görə rəqəmsal valyutaları təhlil edib, kriptovalyutaların formalaşması və inkişaf mərhələlərinin əsas xüsusiyyətlərini qeyd edib.

Alim blokçeyn texnologiyasından kriptovalyutalara keçid prosesinin fəaliyyəti haqqında da məlumat verib. Kriptovalyuta bazarının struktur sxeminin işlənildiyini və kriptovalyuta ticarətinin əsas struktur elementlərinin müəyyənləşdirildiyini söyləyib.

O, həmçinin bitkoin kriptovalyutası və yanaşı olaraq digər alternativ kriptovalyutaların xüsusiyyətləri haqqında məlumat verib, kriptovalyutaların müqayisəli üstünlükləri, oxşarlıq və fərqli xüsusiyyətləri, onun istifadəsinin müsbət və mənfi aspektlərinin tədqiq olunduğunu bildirib. Blokçeyn texnologiyasının və kriptovalyutanın biznes-maliyyə əməliyyatlarında fəaliyyət mexanizmini şərh edən məruzəçi bu kimi texnologiyalardan istifadənin rəqəmsal mühitdə müasir iqtisadiyyatın gələcək inkişafına yeni təkanlar verə biləcəyi imkanlarını konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Dosent Ə.Əliyev məruzəsinin sonunda rəqəmsal mühitdə kriptovalyuta və blokçeyn texnologiyalarından istifadə ilə bağlı bəzi tövsiyələrini verib. Yeni iqtisadi platformalarda  kriptovalyutaların formalaşma tendensiyalarının və innovativ xüsusiyyətlərinin nəzərə alınması üzrə təklif və tövsiyələrini səsləndirib.  

Ə.Əliyev sonda institutlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində İnformasiya Texnologiyaları İnstitutunun elmi potensialından istifadə etməklə  informasiya və rəqəmsal iqtisadiyyatın kiberdayanıqlılığının yüksəldilməsi, iqtisadiyyatın yaşıllaşdırılması, ətraf mühitin mühafizəsi və s. istiqamətində tədqiqatların aparılmasında elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, fiziki və onlayn formatda keçirilən beynəlxalq elmi konfransa təqdim edilmiş məqalələrin nəşrlərinin eLIBRARY.RU elmi elektron kitabxanasında yerləşdirilməsi və Rusiyanın Elmi İstinad İndeksinə (Российский Индекс Научного Цитирования - РИНЦ)  daxil  edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı