İnformasiya Texnologiyaları İnstitutunda iki magistr dissertasiyasının müzakirəsi keçirildi May 19, 2022 | 03:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.

Əvvəlcə institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev şöbə əməkdaşlarının qrant layihələri çərçivəsində 2022-ci il üçün fəaliyyət planlarını təqdim etdi. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən “Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsizliyi məsələləri”, AMEA-nın “Industry 4.0 platformasında kritik infrastrukturların kiber dayanıqlılığının təmin olunması üçün intellektual texnologiyaların işlənməsi” və “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihələri çərçivəsində görüləcək işlər haqqında məlumatı diqqətə çatdırdı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev təqdim olunan hər bir qrant layihə ilə bağlı təklif və tövsiyələrini səsləndirdi.

Akademik şöbənin alim və gənc tədqiqatçılarının elm tutumlu qrant layihələrində iştirakının zəruriliyinə toxunaraq rəhbərlik etdiyi şöbədə dünya elminin müasir çağırışlarına və tələblərinə uyğun olaraq əsaslı elmi tədqiqatların aparıldığını söylədi. R.Əliquliyev şöbə əməkdaşlarının yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyəli qrant layihələrində davamlı olaraq iştirak etməsinin vacibliyini vurğuladı.

Daha sonra şöbəyə təhkim olunmuş magistrantların dissertasiya işlərinin müzakirəsi keçirildi.

Əvvəlcə institutun magistrantı Rəşad İbrahimov “060631 – “Kompüter elmləri” ixtisası üzrə “Pilotsuz uçuş aparatlarının aşkarlanması üsullarının tədqiqi” mövzusunda dissertasiya işini təqdim etdi, işin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər, elmi yeniliyi və praktiki əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dissertasiya işi giriş, 3 fəsil, nəticə və 24 adda ədəbiyyat siyahısından ibarətdir.

O, qeyd etdi ki, dissertasiya işinin məqsədi PUA-ların aşkarlanması sisteminin yaradılmasının elmi-nəzəri və metodoloji əsaslarının, onun intellektuallaşdırılması üsullarının işlənilməsindən ibarətdir. Əlavə etdi ki, PUA-ların aşkarlanması problemlərinin müasir vəziyyətinin analiz edilməsi, onların audio verilənlər və vizual təsvirlər əsasında analizi metodları işlənməsi və s. tədqiqat işində qarşıya qoyulan məsələlərdəndir.

R.İbrahimov pilotsuz uçuş aparatlarının aşkarlanması üsullarından bəhs edərək bu üsullara video, səs, lazer əsaslı, eləcə də radara, radiotezliklərə əsaslanan aşkarlamanın daxil edildiyini vurğuladı. İddiaçı proqram təminatı problemləri və ya nasazlıqları, asan müdaxilə olunması, hava şəraitindən asılı olmasının və s. onların aşkarlanmasının əsas problemlərindən olduğunu diqqətə çatdırdı.  

Dissertasiya işində əldə olunmuş əsas nəticələri təqdim edən gənc tədqiqatçı bildirdi ki, burada PUA-ların aşkarlanması problemlərinin müasir vəziyyəti analiz edilmiş, onların audio verilənlər və vizual təsvirlər əsasında analiz metodları işlənilmiş, aşkarlanması üçün audio əlamətlərin ansamblı yaradılmış və eksperimental tədqiqi aparılmış, eləcə də vizual təsvir verilənləri intellektual analiz edilmişdir.

Təqdim olunan iş üzrə suallar cavablandırıldı.

Magistr dissertasiyasına dair təyin olunmuş elmi rəhbər – institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva dissertasiya işi çərçivəsində qarşıya qoyulmuş məsələlərin həllinə nail olunduğunu və elmi nəticələrin əldə edildiyini bildirdi, təklif və tövsiyələrini səsləndirdi. 

Daha sonra institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat dissertasiya işinə dair rəyçi təyin olundu.

Sonra səsvermə keçirildi və magistr dissertasiyasının irad və tövsiyələr nəzərə alınmaqla növbəti mərhələyə təqdim olunması tövsiyə olundu.

Daha sonra institutun digər magistrantı Qurban Fərəcov çıxış edərək 249218 ─ “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisası üzrə “Kiberfiziki sistemlərdə kriptoqrafik autentifikasiya protokollarinin tədqiqi” mövzusunda dissertasiya işini təqdim etdi.

Məruzəçi bildirdi ki, giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan tədqiqat işinin məqsədi müxtəlif autentifikasiya protokollarının analizi, reallaşdırılması və onların kiberfiziki sistemlərdə istifadəsi üçün tövsiyələrin işlənməsindən ibarətdir.

Mövzunun aktuallığından bəhs edən Q.Fərəcov kiberfiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsində birinci müdafiə xəttinin autentifikasiya texnologiyaları olduğunu söylədi. O, dissertasiya işində qarşıya qoyulan məsələlərdən bəhs etdi, kiberfiziki sistemlərdə autentifikasiya metodlarının tədqiqi və analizi, autentifikasiya protokollarına hücumların analizi, eləcə də kriptoqrafik autentifikasiya protokolunun işlənməsi və eksperimentlərin aparılması ilə bağlı işlərin görüldüyünü diqqətə çatdırdı.

Q.Fərəcov tədqiqat işinin əsas nəticələri haqqında danışaraq qeyd etdi ki, işdə kiberfiziki sistemlər, onların tətbiq sahələri və təhlükəsizlik problemləri analiz edilib, açıq açarlı və post-kvantum autentifikasiya metodları sahəsində elmi-tədqiqat işləri araşdırılıb, eləcə də kriptoqrafik autentifikasiya sistemi reallaşdırılıb.

Dissertasiya işinə dair müzakirələr aparıldı, suallar cavablandırıldı.

Sonra çıxış edən dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyev iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi.

Daha sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev dissertasiya işinə dair rəyçi təyin olundu. 

Səsvermənin nəticələrinə əsasən, dissertasiya işinin növbəti mərhələyə təqdim olunması tövsiyə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı