İnstitutda 2022-ci il üzrə qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti müzakirə olunub May 13, 2022 | 06:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İclasda institutun bəzi struktur bölmələrinin 2022-ci il üzrə fəaliyyət planlarının təsdiqi və son 4 ay ərzində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti haqqında müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəhbərlik etdiyi elmi müəssisədə dünya elminin tələblərinə cavab verən, informasiya texnologiyaları və informasiya cəmiyyətinin ən aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatların aparılmasının zəruriliyindən danışıb. Bildirib ki, institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, mütəmadi olaraq aktual mövzularda seminarların təşkili və əldə olunan mühüm elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında nəşri hər bir əməkdaşın qarşısında duran əsas vəzifələrdəndir.

Akademik yüksəkixtisaslı kadrların hazırlanmasının rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edərək bildirib ki, institutda elmi fəaliyyətin gücləndirilməsi ilə yanaşı, cəmiyyətə yararlı, keyfiyyətli, rəqabətədözümlü kadrların yetişdirilməsi də diqqət mərkəzində saxlanılmalıdır.

Sonra bəzi struktur bölmələrin 2022-ci il üzrə fəaliyyət planlarına dair müzakirələr aparılıb. Hər bir şöbə rəhbəri plan çərçivəsində yerinə yetirilmiş işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.

Fəaliyyət planları Elmi şuranın üzvləri tərəfindən geniş müzakirə olunaraq təsdiq olunub.

İclasda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, Babək Nəbiyev də çıxış edərək “EaPEC 2022” (Eastern Partnership E-infrastructure Conference - Şərq Tərəfdaşlığı E-infrastruktur) beynəlxalq konfransı çərçivəsində GEANT Assosiasiyasının nümayəndə heyətinin instituta səfərinin yekunları haqqında danışıb. Diqqətə çatdırıb ki, görüş çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “EaPEC 2022” konfransının yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr aparılıb. Qonaqlar institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi, Multimedia Mərkəzi, eləcə də Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə yaxından tanış olublar. GEANT Assosiasiyasının nümayəndə heyəti, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və AMEA Fizika İnstitutunun “Milli GRID” İnformasiya və Hesablama Mərkəzinə baş çəkiblər.

Daha sonra institutun elmi katibi, böyük elmi işçi Nərmin Adıgözəlova AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elan olunmuş “Əsas Qrant Müsabiqəsi – 2022” haqqında məlumat verib. Bildirib ki, qabaqcıl texnologiyalar və kəşflərin sayını artırmağı nəzərdə tutan bu qrant layihəsində gənc alimlərlə yanaşı, digər alim və tədqiqatçlar da iştirak edə bilərlər.

N.Adıgözəlova, həmçinin 16-cı IEEE “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 15th IEEE International Conference Application of Information and Communication Technologies, 12-14 oct. 2022) konfransı haqqında məlumat verib. O, hər il mütəmadi olaraq keçirilən konfransın cari ildə Vaşinqton şəhərində hibrid formatda təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb, institut əməkdaşlarını bu mötəbər tədbirdə fəal iştriak etməyə çağırıb.

İnstitutun elmi vəzifələrinə vakant yerlər üçün müsabiqəsinin keçirilməsi haqqında məlumatı Kadrlar şöbəsinin müdiri Ülviyyə Ələkbərova təqdim edərək müsabiqənin keçirilməsi qaydalarını iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə, həmçinin bir sıra kadr məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı