İnstitutun elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri müzakirə olundu Mart 04, 2022 | 04:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının növbəti onlayn iclasında bu elmi qurumun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri müzakirə olundu.

Tədbirdə çıxış edən “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının məsul redaktoru, baş elmi işçi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova hər iki elmi jurnalın beynəlxalq akademik bazalarda təmsilçilik məsələlərinə dair Tədbirlər planını təqdim etdi, jurnalların beynəlxalq bazaların tələblərinə uyğun qurulması üçün yerinə yetirilmiş işlər barədə məlumatı diqqətə çatdırdı.

Ş.Mahmudova nüfuzlu beynəlxalq akademik bazaların tələblərinin araşdırılaraq institutun jurnallarının müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində bütün işlərin başa çatdırıldığını, müvafiq qurumların məsul şəxsləri ilə aparılmış müzakirələr zamanı irəli sürülmüş tövsiyələrin nəzərə alındığını bildirdi.

İnstitutun elmi jurnallarının veb-saytlarında həyata keçirilmiş yenilənmə işlərindən söz açan məruzəçi panelə redaksiya heyəti üzvlərinin “Orcid ID” linklərinin və e-poçt ünvanlarının daxil edildiyini söylədi. Beynəlxalq təcrübəyə əsasən, institutun jurnallarının rəy prosesinin (rəyçilərin sayı, rəy vermə müddəti və s.) yenidən qurulması, rəyçilər bazasının yaradılması ilə bağlı işlərin davam etdirildiyini, jurnalların submission sistemlərinin (məqalələrin rəy izləmə imkanı) təkmilləşdirildiyini qeyd etdi.

“Müəllif üçün qaydaların yenidən işlənməsi, hər iki jurnalın ingilis dilində nəşri, ədəbiyyat siyahısının hazırlanmasında transliterasiya sisteminin tətbiqi, redaksiyaya daxil olan məqalələrin antiplagiat proqramında yoxlanılması, çap edilmiş məqalələrə DOI adların alınması, redaksiya heyəti üzvlərinə və rəyçilərə sertifikatların verilməsi ilə bağlı məsələlərin həlli ilə əlaqədar işlər görülür”, – deyə bildirən məruzəçi, həmçinin institutun adının azərbaycan, rus və ingilis dillərində vahid format əsasında yazılmasının qərara alındığını söylədi.

Sonra “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış edərək, jurnalların ingilisdilli versiyalarının bütün elektron kitabxanalarda yerləşdirilməsinin onların beynəlxalq elmi mühitdə tanınması üçün önəmli faktor olduğunu və bu istiqamətdə əhəmiyyətli işlərin görüldüyünü nəzərə çatdırdı.

“İnformasiya Texnologiyaları Problemləri” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev müəlliflərin coğrafiyasının genişləndirilməsi ilə əlaqədar zəruri işlərin yerinə yetirildiyini və artıq aparıcı ölkələrin alimlərinin məqalələrinin institutun elmi jurnallarında nəşr olunduğunu qeyd etdi.

Daha sonra çıxış edən “İnformasiya Texnologiyaları Problemləri” jurnalının məsul redaktoru, institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova bildirdi ki, hazırda institutun məcmuələrinin nüfuzlu jurnalların yer aldığı “DOAJ” bazasında qeydiyyatdan keçirilməsi ilə bağlı işlər yerinə yetirilir. Həmçinin jurnalların “COPE” təşkilatında üzvlük məsələləri müzakirə olunur. Belə ki, müvafiq quruma üzv olmaqla, institutun jurnallarının etibarlılığı təsdiq olunacaq və onların nüfuzlu elmi bazalarda qeydiyyatdan keçirilməsi prosesi asanlaşacaq.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qurumun jurnallarının nüfuzlu beynəlxalq bazalarda təmsil olunmasının elmi müəssisənin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğuladı. Qeyd etdi ki, alim və mütəxəssislər xarici həmkarlarla elmi əməkdaşlığı genişləndirməli, institutun jurnallarının beynəlxalq status alması istiqamətində tədbirlər gücləndirilməlidir.

Akademik institut əməkdaşlarını elmi jurnalların fəaliyyətinin yenidən təşkili və onların beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasında birgə aktiv fəaliyyətə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı