İnstitutun elmi jurnallarının fəaliyyəti beynəlxalq tələblərə uyğunlaşdırılır Fevral 16, 2022 | 04:11 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” elmi jurnallarının fəaliyyətinin beynəlxalq bazaların tələblərə uyğun qurulması ilə bağlı növbəti müşavirə keçirildi.

“Zoom” platforması üzərindən təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qurumun jurnallarının nüfuzlu beynəlxalq bazalarda təmsil olunmasının elmi müəssisənin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğuladı. Baş direktor elmi jurnalların aparıcı beynəlxalq akademik bazalara inteqrasiyası ilə bağlı yeni tələblərin formalaşmasının institutun jurnallarının fəaliyyətinin yenidən təşkilini zəruri etdiyini bildirdi. Akademik bu müşavirənin jurnalların fəaliyyəti ilə bağlı mövcud problemlərin müzakirəsi və onlara kompleks yanaşılması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.

Akademik “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq akademik bazalarda təmsil olunması istiqamətində bütün prolemlərin tez bir zamanda aradan qaldırılmasının vacibliyinə toxundu. Əlavə etdi ki, bu istiqamətdə institutun hər bir əməkdaşı qüvvələrini səfərbər etməli, birlik və fəallıq nümayiş etdirməlidir.

Əvvəlcə “İnformasiya Texnologiyaları Problemləri” jurnalının məsul redaktoru, institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova çıxış edərək jurnalın fəaliyyətinin təkmilləşdirilməsiistiqamətində görülmüş işlər haqında məlumat verdi.O, “İnformasiya Texnologiyaları Problemləri” jurnalının fəaliyyətini “Clarivate Analytics” şirkətinin müvafiq tələblərinə uyğun qurmaq üçün jurnalın formatında dəyişikliklərin edilməsi işlərinə başlanıldığını qeyd etdi, yeniliklərin mahiyyəti barədə ətraflı danışdı. R.Həsənova jurnalın veb-saytının beynəlxalq bazalarda yerləşdirilən jurnal nümunələrinə uyğun formatda qurulması, həmçinin redaksiya heyətinin yenidən formalaşdırılması istiqamətində görülmüş işlərdən bəhs etdi.

Sonra çıxış edən “İnformasiya Texnologiyaları Problemləri” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev jurnalların fəaliyyətinin beynəlxalq bazaların tələbləri əsasında qurulması üçün xarici həmkarlarla elmi əməkdaşlığın genişləndirməsi, institutun jurnallarının beynəlxalq status alması istiqamətində tədbirlərin gücləndirilməsinin zəruriliyini qeyd etdi.

Daha sonra “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının məsul redaktoru, baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova jurnalın beynəlxalq bazaların tələblərinə uyğun qurulması üçün görülmüş işlər barədə məlumat verdi. Ş.Mahmudova jurnalın əhatə etdiyi əsas istiqamətləri təqdim etdi, həmçinin institutun adının azərbaycan, rus və ingilis dillərində vahid format əsasında yazılmasının qərara alındığını diqqətə çatdırdı. O, həmçinin “Scopus” bazasının elmi jurnallar qarşısında qoyulan tələblərindən söz açaraq bu məqsədlə “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının veb-saytında onun indeksləşdiyi bazalarının qeyd olunmasının vacib məsələlərdən olduğunu vurğuladı.

“İnformasiya Cəmiyyəti Problemləri” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova jurnal ilə bağlı çoxsaylı monitorinq və analizlərin aparıldığını, problemlərin müəyyən edildiyini və bu məsələlər əsasında yeni tələblərin müəyyənləşdirildiyini bildirdi. Baş redaktor, həmçinin müəlliflərin coğrafiyasının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü də qeyd etdi.

Sonda hər iki jurnalın gələcəkdə ingilis dilində nəşri və jurnalların fəaliyyəti ilə bağlı edilmiş dəyişikliklərin institutun elmi seminarının iclasında müzakirə olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı