Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması metodu işlənilir Fevral 16, 2022 | 12:46 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək 2 dissertasiya işinə dair müzakirələr aparıldı.

Öncə institutun dissertantı Könül Daşdəmirova “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” adlı dissertasiya işini təqdim edərək, qarşıya qoyulmuş məsələlər, elmi tədqiqat çərçivəsində dərc olunmuş məqalələr və s. barədə məlumat verdi.

İddiaçı bildirdi ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, ictimai həyatın bütün sahələrini əhatə etməsi, kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibəsi təhlükələrinin artması ilə əlaqədar kiberməkanda cəmiyyətin kütləvi şəkildə kibertəhlükələrə məruz qalması, kiberhücumlar, ziyanverici proqramlar vasitəsilə informasiya sistemlərinə, kompüter avadanlıqlarına və onların proqram təminatına, informasiya ehtiyatlarına zərər vurulması, bir ölkə çərçivəsində informasiya təhlükəsizliyi səviyyəsinin qiymətləndirilməsinin zəruriliyi, cəmiyyətin sosial təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsinin vacibliyi mövzunun aktuallığını şərtləndirən amillərdəndir.

K.Daşdəmirova dissertasiya işinin əsas məqsədinin milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi olduğunu qeyd etdi.

Tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən söz açan məruzəçi bildirdi ki, buraya informasiya təhlükəsizliyinin qiymətləndirilməsi və  monitorinqi metodlarının müasir vəziyyətinin analizi, milli informasiya təhlükəsizliyinin konseptual əsasları və arxitektur-texnoloji modelinin işlənməsi, Big Data metodları əsasında milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması və s. aiddir.

O, dissertasiya işi çərçivəsində 3 tezisin və 2 məqalənin nəşr olunduğunu, daha 3 məqalənin hazırlandığını söylədi.

Daha sonra institutun dissertantı Firudin Əsgərov “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sisteminin yaradılması” mövzusunda dissertasiya işini təqdim etdi.

Mövzunun aktuallığından söz açan iddiaçı bildirdi ki, elmi informasiyanın sürətlə artması kitabxanalarda elmi resursların daxil edilməsi zamanı elmmetrik qiymətləndirmə meyarlarının tətbiq edilməsi zərurətini yaradır. Bu məqsədlə internet mühitində azərbaycandilli kontentin yaradılması, idarə edilməsi və qiymətləndirilməsi metodlarının işlənməsi vacib məsələlərdəndir. Müasir dövrdə informasiya bolluğu şəraitində plagiatlıq halları da sürətlə artmaqdadır. İntellektual informasiya sisteminə daxil olan informasiya resurslarının (kitablar, dövrü nəşrlər və s.) plagiat olub-olmamasını müəyyənləşdirmək məqsədilə antiplagiat proqramlarının inteqrasiyası aktual mövzulardandır.

F.Əsgərovun sözlərinə görə, dissertasiya işinin məqsədi elmi bazanın formalaşdırılması və elmmetrik qiymətləndirmə meyarlarının (antiplagiat proqramlarının inteqrasiyası, anti-yırtıcı sistem və s.) tətbiqi ilə İntellektual İnformasiya Sisteminin yaradılmasıdır.

Hər bir iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, bir sıra təkliflər irəli sürüldü.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, tədqiqatçıların təqdim etdikləri hər bir dissertasiya işinin aktual problemlərə həsr olunduğunu, müvafiq istiqamətlərdə araşdırmaların intensivləşdirilməsi və nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd etdi, müvafiq təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı