İnstitutda gənc tədqiqatçıların elmi fəaliyyətinə dəstək göstərilir Yanvar 24, 2022 | 09:59 / Konfranslar, iclaslar

Növbəti onlayn elmi seminarda fəlsəfə doktorluğuna iddialı olan daha 3 tədqiqatçının dissertasiya işlərinə dair müzakirələr aparıldı.

Öncə İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Əhməd Əhmədzadə “Plagiatlığın aşkarlanması üçün mətnlərin intellektual analizi metodlarının işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi. Məruzəçi diqqətə çatdırdı ki, tədqiqat işinin məqsədi mətn plagiatlığını daha yüksək dəqiqliklə aşkarlamaq üçün yeni metodların işlənməsi və mövcud metodların təkmilləşdirilməsidir.

“Burada qoyulmuş məsələlərə mətn plagiatlığını aşkarlayan mövcud metodların araşdırılması və analizi, mövcud metodlarda olan problemlərin aşkarlanması və onların aradan qaldırılması üçün yanaşmaların təklif edilməsi, mətnlərin intellektual analizi texnologiyalarına əsaslanan yeni metodların işlənməsi, eləcə də təklif olunan metodların və yanaşmaların eksperimental yoxlanılması aiddir”, - deyə məruzəçi əlavə etdi.

Sonra institutun doktorantı Türkan Həsənova “E-dövlətin idarə olunmasının təkmil demokratik modellərinin işlənməsi” mövzusunda dissertasiya işi ilə çıxış etdi. Qeyd etdi ki, bu dissertasiya işinin məqsədi e-dövlətin idarə olunmasının təkmil demokratik modellərinin işlənməsindən ibarətdir.

Tədqiqat işində qoyulmuş məsələləri nəzərə çatdıran məruzəçi buraya e-dövlətin quruculuğu sahəsində beynəlxalq təcrübənin analizi, e-dövlətin modelləri və onların müqayisəli analizi, e-dövlətin idarə olunması modellərinin qiymətləndirilməsinə dair yanaşmalar, eləcə də elektron mühitdə demokratik proseslərin qeyri-səlis təkmil modellərinin işlənməsinin daxil olduğunu diqqətə çatdırdı.

Daha sonra “Kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda məruzə dinlənildi. Mövzuya dair çıxış edən institutun doktorantı Araz Mustafa dissertasiya işinin  kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyi sahəsində aktual elmi-nəzəri problemlərin analizi, fərdi məlumatların təhlükəsizliyinin analizi üçün modellərin işlənməsi, təhdidlərin aşkarlanması və qarşısının alınması metodlarının işlənməsi, onların təhlükəsizliyinin təmin olunması üçün sistematik texniki təlimatın hazırlanmasına həsr olunduğunu vurğuladı.

Hər bir tədqiqatçının dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, təklif və tövsiyələr səsləndirildi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, elmi kadr hazırlığı və gənclərə dəstək göstərilməsinin rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd etdi. Bu baxımdan institutda gənc tədqiqatçların elmi fəaliyyətinin monitorinqinin aparılması, doktorant və dissertantların elmi fəaliyyətinin müzakirəsinə həsr olunmuş seminarların müntəzəm olaraq keçirilməsinin, eləcə də bu prosesdə hər bir alimin fəal rolunun əhəmiyyətini vurğuladı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı