“Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda dissertasiya işi müdafiə olundu Dekabr 06, 2021 | 02:56 / Konfranslar, iclaslar

Sumqayıt Dövlət Universitetində (SDU) AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Roza Şahverdiyevanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi.

FD 2.25 Dissertasiya Şurasının sədri, texnika elmləri doktoru, professor Aqil Hüseynov hibrid formatda – həm real olaraq SDU-nun iclas zalında, həm də “ZOOM” platformasında geniş tərkibdə keçirilən Dissertasiya şurasının bu tədbirinin R.Şahverdiyevanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Dissertasiya Şurasının elmi katibi,  tex.ü.f.d., dosent Turqay Hüseynov iddiaçı R.Şahverdiyevanın elmi, pedaqoji, təşkilati və praktiki fəaliyyəti ilə bağlı ümumi məlumatları diqqətə çatdırdı.

Sonra R.Şahverdiyeva “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda dissertasiya işini Ali Attestasiya Komissiyasının təlimatlarına uyğun formada təqdim etdi.

R.Şahverdiyeva bildirdi ki, müasir dövrdə İKT və digər yüksək texnologiyaların cəmiyyətin bütün sahələrində tətbiq olunması prosesləri baş verir. Dünya ölkələri yeni inkişaf mühitinə qədəm qoyaraq rəqəmsallaşma istiqamətində yeni təşəbbüslər irəli sürürlər. Dünyada sürətlə inkişaf edən Əşyaların İnterneti (IoT), 5G, robotlaşma, superkompüterlərin, süni intellektin tətbiqi sahələrinin inkişafı yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsini və onun tətbiqini zəruri edir. Onun sözlərinə görə, İKT və yüksək texnologiya məhsullarının istehsalı sahələri 4.0 Sənaye inqilabının çağırışlarına müvafiq olaraq dünya iqtisadiyyatının əsas trendlərdən birinə çevrilmişdir. Bu isə yüksək texnologiyaların işlənildiyi elmi-texnoloji innovasiya texnoparklarının fəaliyyətinin daha da effektiv idarə olunmasının təşkili məsələlərinin həll edilməsini tələb edir. 

Məruzəçi Azərbaycanda da yüksək texnologiyalar sektorunun cəmləşdiyi texnopark strukturlarının inkişafı, 4.0 Sənaye inqilabının tərkib elementlərinin texnoparkların fəaliyyətinə tətbiqi perspektivlərinin müəyyənləşdirilməsinin dövlətin qarşıya qoyduğu əsas məsələlərdən olduğunu diqqətə çatdırdı.

İddiaçı qeyd etdi ki, bir çox dövlət proqramlarında öz əksini tapmış bu kimi istiqamətlər olduqca əhəmiyyətli məsələlərdən olduğundan texnoparkların fəaliyyətinin effektiv idarə olunması üzrə müvafiq model və metodların işlənilməsi, idarəetmə qərarlarının düzgün qəbul olunmasında vacib hesab olunan informasiya təminatı sistemlərinin modernləşdirilməsi, onun kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üçün yeni metodların, mexanizmlərin, indekslərin işlənilməsi olduqca aktual hesab olunur. O, bildirdi ki, texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün müvafiq modellərin, metodların, alqoritmlərin və tövsiyələrin işlənilməsi dissertasiya işinin əsas məğzini təşkil edir.  

Məruzəçi dissertasiya işinin əsas məqsədinin informasiya iqtisadiyyatı şəraitində texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün müvafiq modellərin, metodların, alqoritmlərin və tövsiyələrin işlənilməsindən ibarət olduğunu vurğuladı. R.Şahverdiyeva qarşıya qoyulmuş məqsədə çatmaq üçün dissertasiya işi çərçivəsində 8 məsələnin tədqiq edildiyini bildirdi. O, dissertasiya işində qoyulmuş məsələləri həll etmək üçün sistemli analiz, çoxkriteriyalı optimallaşma üsulları, kompüter modelləşməsi, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və s. kimi metodlardan istifadə edildiyini qeyd etdi.

Roza Şahverdiyeva dissertasiya işində tədqiqat obyekti olaraq innovasiya texnoparklarının, tədqiqat predmeti olaraq isə texnoparkların təşkili və idarəetmə sisteminin təkmilləşdirilməsi proseslərinin götürüldüyünü diqqətə çatdırdı.

R.Şahverdiyeva dissertasiya işinin elmi yeniliklərini təqdim edərək bildirdi ki, dissertasiya işində mürəkkəb strukturlu sosial-iqtisadi infrastruktur obyekti kimi texnoparkların müasir innovativ təşkilati-idarəetmə modeli təklif olunmuş, texnoparkların təkmilləşdirilmiş informasiya təminatı sisteminin arxitektur-texnoloji struktur modeli işlənilmiş, texnoparkların fəaliyyətinin idarə olunması sisteminin və innovativ inkişafının konseptual modeli işlənilmiş, texnoparklarda innovativ layihələrin seçim göstəriciləri və kriteriyaları müəyyənləşdirilmiş və onların müqayisəli qiymətləndirilməsi üsulu işlənilmişdir. Tədqiqat işində, həmçinin texnoparkların idarə olunması və fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə göstəricilər və kompozit indikatorlar sistemi təklif olunmuş, texnoparkların kompozit indeksi əsasında onların kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodu, eləcə də texnoparklarda innovativ məhsul-xidmət istehsalı proseslərinin çoxfaktorlu modelləri işlənilmişdir.

İddiaçı mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açdı. Bildirdi ki, dissertasiyanın girişində mövzunun aktuallığı əsaslandırılmış və işlənilmə səviyyəsi tədqiq olunmuşdur. İşin məqsəd və vəzifələri, obyekti, predmeti, tədqiqat üsulları göstərilmişdir. Müdafiəyə çıxarılan əsas elmi müddəalar, yeniliklər verilmiş, həmçinin işin nəzəri-metodoloji və praktiki əhəmiyyəti izah olunmuşdur. Dissertasiya işinin strukturu və həcmi, müəllifin mövzu üzrə çap olunmuş elmi əsərləri haqqında müvafiq zəruri məlumatlar təqdim olunmuşdur.

R.Şahverdiyeva  dissertasiya işinin aprobasiyası və tətbiqi haqqında da ətraflı məlumat verdikdən sonra dissertasiyanı fəsillər üzrə şərh etdi.

İddiaçı bildirdi ki, dissertasiyanın “Texnoparkların innovativ xüsusiyyətlərinin və idarə olunması problemlərinin tədqiqi” adlanan I fəslində süni intellekt texnologiyalarının və intellektual sistemlərin geniş tətbiqi, elmin, təhsilin, sənayenin birgə nailiyyətləri hesabına formalaşan texnoparkların yaranmasının aktuallılğı əsaslandırılmışdır. Texnoparkların fəaliyyətinin əsas istiqamətləri, formalaşma mərhələləri, xarakterik xüsusiyyətləri təhlil olunmuş, onun təşkilati funksional formaları göstərilmişdir. Müxtəlif profilli elmi innovativ texnoparkların təşkilati struktur modellərinin sintezi nəticəsində onların nümunəvi təşkilati strukturu təklif olunmuş və innovasiyanın müxtəlif əlamətlərə görə ümumiləşdirilmiş klassifikasiyası verilmişdir. Texnoparkların kompleks fəaliyyəti üzrə xarici ölkə təcrübələrinin təhlili aparılmış, elmi texnoparkların qabaqcıl ölkələr üzrə paylanması strukturu verilmişdir. Texnoparkların fəaliyyət sahələri üzrə ixtisaslaşma istiqamətləri müəyyən edilmişdir. O, bu fəsildə, həmçinin texnoparkların idarə edilməsində mövcud olan ən vacib problemlərin müəyyənləşdirildiyini və onların  növbəti fəsillərdə araşdırıldığını bildirdi.

İddiaçı qeyd etdi ki, tədqiqatın “Texnoparklarda innovasiya layihələrinin səmərəli seçimi və  qiymətləndirilməsi modelləri və metodları”na həsr olunmuş II fəslində texnoparklarda elmi-innovasiyaların kommersiyalaşdırılması, innovativ layihələrin qiymətləndirilməsi, seçimi və idarə olunması məsələlərinə baxılmışdır. İnnovasiya layihələrinin funksional xarakteristikalarına görə  klassifikasiyası verilmiş, onların yerinə yetirilmə mərhələləri, göstəriciləri müqayisəli şəkildə təhlil edilmişdir. Texnoparklarda innovativ layihələrin elmilik və innovasiyalılıq, maliyyələşməsinin imkanlılığı, layihə üzrə gözlənilən nəticələrin elmi və praktiki əhəmiyyətliliyi, layihənin icra oluna bilməsi və ona nəzarətin mümkünlük səviyyələri kimi qiymətləndirmə meyarları təklif olunmuşdur. Təklif olunan meyarlara görə ekspertlər tərəfindən qiymətləndirilmə prosesinin yerinə yetirilməsi alqoritmi verilmişdir. R.Şahverdiyeva innovasiya layihələrinin kriteriyalarının çəki əmsallarının müəyyənləşdirilməsi və layihənin yekun qiymətləndirilməsi üçün müvafiq alqoritmlərin işlənildiyini bildirdi.   

O, qeyd etdi ki, III fəsil “Texnoparkların elmi-texnoloji və istehsal-xidmət proseslərinin səmərəli idarə olunması modelləri və metodlarının işlənilməsi”nə həsr olunmuşdur. Texnoparklarda innovativ məhsul-xidmət istehsalının çoxfaktorlu korrelyasiya və reqressiya modelləri vasitəsi ilə proqnozunun verilməsi əsaslandırılmışdır. Texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üçün idarə etmə göstəriciləri təklif olunmuşdur. Texnoparkda innovativ inkişaf və onun fəaliyyətinin effektiv idarə edilməsinin konseptual modeli təklif olunmuşdur. İntellektual idarəetmə sisteminin konseptual struktur modeli işlənilmişdir.  Bunlarla yanaşı, innovasiya və elm tutumlu məhsul-xidmət istehsalının təhlili üçün riyazi modellərinin qurulması üzrə ilkin göstəricilər işlənilmişdir. O, modellərinin adekvatlıq qiymətləndirmələrinin müxtəlif statistik parametrlər əsasında yerinə yetirildiyini qeyd etdi.

Texnoparkın fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üzrə kompozit indikatorlar sistemi təklif edildiyini vurğuladı. İddiaçı Texnoparkın kompozit indeksinin (KİT) müvafiq indekslərin və indikatorların iyerarxik struktur formasında işlənildiyini, təklif olunmuş Kompozit indeks əsasında texnoparkın kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikasının işlənildiyini bildirdi. İndekslərin əhəmiyyətlilik və vaciblik dərəcəsi müqayisə edilməklə onların çəki əmsallarının müəyyənləşdirildiyini bildirdi.

İddiaçı əlavə etdi ki, dissertasiya işinin “Modellərin eksperimental nəticələrinin təhlili və texnoparkların inkişaf  perspektivləri üzrə tövsiyələrin işlənilməsi” adlanan IV fəslində əvvəlki bölmələrdə təklif olunmuş model və metodların eksperimental cəhətdən realizasiya olunması məsələlərinə baxılmışdır. Texnoparkların informasiya təminatı sisteminin elm-təhsil-biznes təşkilatlarının kompüter şəbəkəsi platformasında arxitektur struktur modeli təklif olunmuşdur. Texnoparklarda innovasiya layihəsinin təklif olunan meyarları ekspertlər tərəfindən çəki əmsallarına uyğun olaraq qiymətləndirilmişdir. İnnovasiya layihəsinin ekspert qiymətləndirməsi şkalası təklif olunmuşdur. Hər bir indeks üçün çəki əmsallarının qiymətləndirməsinin yekun nəticəsi hesablanmışdır. Texnoparkın kompozit indeksinin qiymətləndirməsi üzrə modelin statistik parametrlərinin qiymətləri verilmişdir.  Texnoparkda innovativ  vəziyyəti xarakterizə edən monitorinq sisteminin  göstəricilər bazası işlənilmişdir. Eksperimental olaraq 3 tip (elmi, xidmət, istehsal) texnoparkın fəaliyyəti  3 qrup göstəricilər üzrə qiymətləndirilmişdir. O, elmi texnoparkın fəaliyyətinin qiymətləndirməsi üzrə dəyişənlərin asılılıq və paylanma qrafikləri, onun fəaliyyətinin qiymətləndirilməsi üzrə modelin  statistik parametrlərinin qiymətlərinin  verildiyini qeyd etdi.

Məruzəçi dissertasiyanın yekun bölməsində işdə yerinə yetirilən elmi-nəzəri məsələlərin həlli prosesində alınmış əsas elmi-metodoloji və metodiki nəticələri 8 bənddən ibarət olmaqla müdafiə iştirakçılarının diqqətinə çatdırdı.

R.Şahverdiyeva dissertasiya işinin əsas nəticələri üzrə 50-dən çox elmi əsərin müəllif olduğunu bildirdi. Qeyd etdi ki, dissertasiya mövzusu üzrə əsas elmi nəşrlərinə 24 elmi işi daxil edilmişdir. Həmin işlərdən, 4-ü “Web of Science” və “Scopus” bazasında, 10-u digər beynəlxalq elmi bazalarda indeksləşdirilmişdir. Avtoreferata daxil edilmiş 24 elmi işin 7-də iddiaçı tək müəllifdir. Əlavə etdi ki, 24 elmi işin  6-sı beynəlxalq, 7-si  respublika səviyyəli jurnalda, 8-i  beynəlxalq və 3-ü isə respublika səviyyəli konfrans materiallarında nəşr edilmişdir.

İddiaçının geniş məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər –AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü texnika elmləri doktoru, professor Məsumə Məmmədova, Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru, professor Tərlan Abdullayev və SDU-nun “İnformasiya Texnologiyaları və Proqramlaşdırma”  kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Şəlalə Cəfərova təqdim olunan dissertasiya işini yüksək qiymətləndirdilər. Opponentlər dissertasiya işində fundamental tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və bir çox elmi yeniliklərin əldə edildiyini bildirdilər. Onlar dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə tam cavab verdiyini qeyd etdilər, eləcə də bəzi irad və təkliflərini səsləndirdilər. Göstərilən irad və tövsiyələrə R.Şahverdiyevanın cavabları və münasibəti opponentlər tərəfindən razılıqla qarşılandı.

Sonra FD 2.25 Dissertasiya Şurasının elmi katibi tex.ü.f.d., dosent Turqay Hüseynov müdafiə iştirakçılarını iddiaçının dissertasiya işinə və onun avtoreferatına ünvanlanan kənar rəyləri təqdim etdi. Bildirdi ki, Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin “İnformasiya Texnologiyaları” kafedrasının professoru, texnika elmləri doktoru Aydın Həsənovun,  Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və Proqramlaşdırma Kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevin, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika  elmləri doktoru Qəmbər Quluyevin,  Türkiyə Cümhuriyyəti Ege Universitetinin professoru, texnika elmləri doktoru Urfat Nuriyevin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, İnnovasiya və Rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi, texnika üzrə fəlsəfə doktoru Lalə Kərimovanın, Türkiyə Cümhuriyyeti Yıldız Texniki Universitetinin professoru, texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun ümumilikdə müsbət rəyləri ilə yanaşı, bəzi irad və tövsiyələri vardır. Göstərilən irad və tövsiyələrə R.Şahverdiyevanın ətraflı münasibəti dinlənildi.   

Sonra iddiaçı Dissertasiya şurası üzvləri tərəfindən verilən çoxsaylı sualları cavablandırdı.  

Dissertasiya işi üzrə elmi rəhbər, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin əhatəli məzmuna malik, qiymətli tövsiyələr və dəyərləndirmələrdən ibarət olan müsbət rəyi təqdim olundu. Dissertasiya şurasında geniş çıxış edən elmi rəhbər bir neçə gün əvvəl özünün də elmlər doktorluğu dissertasiya işini müdafiə etdiyini diqqətə çatdırdı.

O, qeyd etdi ki, ölkədə texnoparklar mövzusu faktiki olaraq ilk dəfə 2008-ci ildən başlayaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi dövriyyəyə daxil edilmişdir. Elə həmin illərdən bu sahədə tədqiqat aparan R.Şahverdiyevanın çoxlu sayda yüksək səviyyəli elmi işlərin müəllifi olduğu vurğulandı. Bu tədqiqat işinin gələcək perspektivə malik olduğunu deyən Ə.Əliyev görülən işlərin başlanğıc olduğunu, bu sahədə tədqiqatların davam etdirildiyini diqqətə çatdırdı.

Dosent Ə.Əliyev qeyd etdi ki, R.Şahverdiyeva beynəlxalq konfranslarda, İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasında dəfələrlə elmi çıxışlar edib. O, uzun illər ərzində aspirantlara, dissertantlara, doktorantlara, magistrlərə İKT, informatika üzrə mühazirə və məşğələlər aparıb. Ə.Əliyev iddiaçının yüksək elmi, insani, natiqlik və pedaqoji keyfiyyətlərə malik olduğunu vurğuladı və onun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğunu bildirdi.

Daha sonra dissertasiya işi ətrafında müzakirələr aparıldı. Müzakirələrdə dissertasiya şurası üzvləri, müdafiədə iştirak edənlər iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdilər və R.Şahverdiyevanın  texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildirdilər.

Müzakirələrə yekun vuran SDU-nun FD 2.25 Dissertasiya Şurasının sədri tex.e.d., professor Aqil Hüseynov dissertasiya işinin əhəmiyyətini önə çəkdi. O, iddiaçının tədqiqat zamanı kifayət qədər mühüm elmi nəticə və yeniliklər əldə etdiyini dedi, öz tövsiyyələrini qeyd etdi. Bildirdi ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, dissertant Roza Şahverdiyevanın “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda  təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yeni əsasnaməsində texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazılan dissertasiyalar qarşısına qoyduğu bütün tələblərə tam cavab verir və dissertasiya  işi 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi  (sahələr üzrə)” ixtisasına uyğundur. İddiaçı R.Şahverdiyeva həmin ixtisas üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.

İddiaçı yekunda SDU və AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə, həmçinin Dissertasiya şurası üzvlərinə, opponentlərə, iştirakçılara təşəkkürünü bildirdi.

Sonra dissertasiya şurasının 12 üzvünün iştirakı ilə onlayn gizli formada “ZOOM” proqramı vasitəsi ilə Ali Attestasiya Komissiyasının platformasında gizli səsvermə keçirildi. Səsvermə yekdilliklə başa çatdı.

İddiaçı AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, dissertant Roza Şahverdiyevanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin alınması üçün “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənməsi” mövzusunda  təqdim etdiyi dissertasiya  işi gizli səsvermənin nəticəsində yekdilliklə müsbət hesab edildi.

SDU-nun FD 2.25 Dissertasiya şurasının sədri, tex.e.d., professor Aqil Hüseynov Dissertasiya şurası üzvləri və müdafiə iştirakçıları adından iddiaçı Roza Şahverdiyevanı bu münasibətlə təbrik etdi və müvafiq sənədlərin tezliklə AAK-a təqdim olunacağını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı