Tədris-İnnovasiya Mərkəzinin 2021-ci il üzrə fəaliyyəti müzakirə olundu Dekabr 02, 2021 | 02:56 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında Tədris-İnnovasiya Mərkəzinin 2021-ci il üzrə hesabatı dinlənildi.

Hesabatı təqdim edən mərkəzin rəhbəri, tex.f.d. Rəsmiyyə Mahmudova cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti, elmi jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli elmi konfranslarda iştirak və digər görülmüş işlər haqqında məlumat verdi.  

O, bildirdi ki, 2021-ci ildə mərkəzdə fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənilməsi, statistik təhlillər əsasında Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi mövzuları üzrə tədqiqatlar aparılmışdır. Həmçinin jest informatikasının istiqamətləri, hədəfləri, texnologiyaları araşdırılmış, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi həyata keçirilmişdir.

Məruzəçi “Statistik təhlillər əsasında Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənməsi” və “İntellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi” mövzularında aparılan elmi-tədqiqat işlərinin tamamlandığını bildirdi. Müvafiq olaraq birinci mövzu üzrə dissertasiya işinin institutun elmi seminarında müzakirə edilərək müdafiə üçün növbəti mərhələyə tövsiyə edildiyini, ikinci mövzunun isə yaxın vaxtlarda elmi seminarda müzakirəsinin planlaşdırıldığını diqqətə çatdırdı.

R.Mahmudova elmi-tədqiqat işləri üzrə aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən məqalələrin beynəlxalq və yerli jurnallarda dərc edildiyini, tezislərin 5 respublika və beynəlxalq səviyyəli konfransda müzakirə edildiyini dedi.

Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində cari ildə həyata keçirilən elmi-texniki ekspertizası, müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar institutda görülmüş işlərin hesabatının hazırlanmasında iştirak və s. ilə bağlı icra olunan tədbirlər haqqında danışdı.

Rəsmiyyə Mahmudova mərkəzin elmi-pedaqoji fəaliyyəti ilə bağlı hesabat verərək bildirdi ki, cari ildə institutun magistraturasında təhsil alan tələbələrin dərs və imtahanlarının təşkili, müxtəlif kompüter proqramları üzrə fərdi kursların təşkili və onların biliklərinin sertifikatlaşdırılması işləri həyata keçirilmişdir.

Bundan əlavə, məruzəçi mərkəzin əməkdaşları tərəfindən “Windows 10 və MS Office 2019” adlı praktiki vəsaitin hazırlandığını, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili, institutun və mərkəzin saytında (www.tedris.ict.az) yerləşdirmək üçün materialların hazırlandığını diqqətə çatdırdı. O, mərkəzin cari və son beş ildəki elmi fəaliyyətini əks etdirən elmmetrik göstəricilər, il ərzində keçirilmiş seminarlar barədə də məlumat verdi.

Hesabat ətrafında müzakirələr aparıldı, əməkdaşlar apardıqları elmi-tədqiqatlarla bağlı verilmiş suallara münasibət bildirdilər.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mərkəzin illik hesabatını qənaətbəxş hesab etdi, növbəti il üçün bir sıra təklif və tövsiyələrini səsləndirdi.

Sonda təklif və tövsiyələr nəzərə alınmaqla mərkəzin 2021-ci il üçün illik hesabatı Elmi şuranın qərarı ilə qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı