E-dövlətin formalaşdırılması və effektli idarə olunması məsələləri tədqiq olunur Dekabr 02, 2021 | 12:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2021-ci il üzrə hesabat iclasları davam etdirilir. 1 saylı şöbənin müdiri vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov hesabatı təqdim edərək, cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi.

O, şöbədə “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə elmi araşdırmaların aparıldığını diqqətə çatdırdı. Müvafiq istiqamətdə görülmüş işlərdən söz açaraq, müxtəlif təyinatlı e-reyestrlərdə toplanan demoqrafik verilənlərin intellektual analizi və vahid əhali reyestri əsasında demoqrafik proseslərin analizi üçün modellərin işlənildiyini, e-dövlət platformasında Azərbaycan dilli xidmətlərin yaradıldığını, e-demoqrafiya verilənləri əsasında demoqrafik proqnozların verilməsi üçün modellərin işlənməsi üzrə tədqiqatların aparıldığını, müəyyən nəticələrin əldə edildiyini bildirdi.

F.Yusifov IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması istiqamətində tədqiqatların aparıldığını, e-dövlət mühitində toplanan verilənlərin monetizasiyası problemlərinin analiz edildiyini və müvafiq məqalənin hazırlandığını nəzərə çatdırdı. Qeyd etdi ki, şöbədə IV sənaye inqilabının təsiri ilə sosial-iqtisadi sistemlərin transformasiyasının analizi, süni intellekt texnologiyalarının cəmiyyətin müxtəlif sferalarına təsirinin analizi istiqamətində elmi araşdırmalar davam etdirilir.

“E-dövlət mühitində sosial kreditin qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusu çərçivəsində e-dövlət mühitində fərdi məlumatların idarəetmə sisteminin sosial kreditin qiymətləndirilməsində rolu və perspektivləri, kiber-fiziki sistemlərdən istifadə etməklə sosial münasibətlərin analizi, sosial media resurslarının intellektual analizi əsasında sosial kreditin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar əsasında məqalələr hazırlanıb”, – deyə məruzəçi bildirdi.

F.Yusifov şöbədə informasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində rəqəmsal folklor resurslarının formalaşdırılması və intellektual analizi problemlərinin araşdırıldığını, folklor resurslarında təbii və süni intellekt modellərinin qarşılıqlı əlaqəsinin analiz edildiyini, milli mental dəyərlər kontekstində fərdi məlumatların həssaslığı və mühafizəsi xüsusiyyətlərinin araşdırılması və təkliflərin hazırlanması üzrə elmi tədqiqatların davam etdirildiyini diqqətə çatdırdı.

Məruzəçinin sözlərinə görə, cari ildə virtual məkanda dil problemləri araşdırılmış və müvafiq təkliflər işlənmişdir. Elektron dövlət mühitində Azərbaycan dili xidmətlərinin yaradılması və inkişafı perspektivlərinin, Milli Toponimik Geoinformasiya Sisteminin yaradılmasının konseptual əsasları və mətn analizində xüsusi adların araşdırılması istiqamətində tədqiqatlar aparılmışdır.

O, həmçinin şöbənin gənc tədqiqatçıları tərəfindən korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin, etnobotanika informasiya sisteminin, folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı metod və alqoritmlərin işlənməsi mövzuları üzrə yerinə yetirilən işləri təqdim etdi, nüfuzlu jurnallarda nəşr olunmuş məqalələr barədə məlumat verdi.

Məruzəçi cari il ərzində şöbədə aparılan tədqiqatların nəticəsi kimi, ümumilikdə 10 tezis və 15 məqalə dərc edilib, 2 məqalə çapa qəbul olunub, 1-i isə çapa hazırlanıb. Müvafiq məqalələrin 3-ü WoS, 2-si isə Scopus bazasında indeksləşən nüfuzlu jurnallarda nəşr olunub. Həmçinin hesabat dövründə şöbənin 1 əməkdaşı “E-dövlət platformasında e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi” mövzusunda magistr dissertasiyasını müdafiə etmişdir.

F.Yusifov cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti barədə ətraflı məlumat verdi. Şöbə əməkdaşlarının AR Elmin İnkişafı Fondunun Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu ilə birgə həyata keçirdiyi 1 qrant layihəsində iştirak etdiklərini, Viki-Mərkəz çərçivəsində bir sıra işləri yerinə yetirdiklərini, bir sıra jurnallardan daxil olan məqalələrə, eləcə də institutun doktorant və magistrantlarının dissertasiya işlərinə rəy verdiklərini bildirdi.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabatla bağlı fikirlərini səsləndirdi, şöbədə aktual problemlərin həlli istiqamətində araşdırmalar aparan gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələr verdi.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı