Bulud mühitində e-təhsil kontentinin formalaşdırılması üçün Data Mining üsulları tətbiq olunur Noyabr 15, 2021 | 10:26 / Konfranslar, iclaslar

 

İKT-nin inkişafının perspektivli sahələrindən biri olan təhsil prosesində bulud texnologiyalarından istifadə  son vaxtlar məlumat axınının  və məlumat həcminin artması, onların saxlanılması və işlənilməsi ilə bağlı problemlərin həllində mühüm rol oynayır. Bulud texnologiyası, İnternet xidmətinə əsaslanan paylanmış məlumatların işlənməsi və lazım olan xidmətlərin göstərilməsi üçün istifadə olunur.

Bu barədə məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Esmira Ələsgərova onlayn elmi seminarda çıxışı zamanı verib. O,Bulud mühitində elektron təhsil kontentinin formalaşdırılmasında Data Mining üsullarının tətbiqi” mövzusunda çıxış edib.  Məruzəçi bulud hesablamalarında 3 arxitektura səviyyəsinin müəyyən edildiyini diqqətə çatdırıb: İaaS (infrastruktur servis kimi), SaaS (proqram təminatı servis kimi), PaaS (platforma servis kimi). Söyləyib ki, bulud hesablamalarının İaaS səviyyəsində istifadəçiyə serverlər, şəbəkə cihazları və s. təqdim olunur. İstifadəçi onun üçün ayrılan avadanlıqların üzərində dəyişiklik edib, özünə uyğun şəkildə istifadə edə bilər. SaaS səviyyəsində istifadəçinin məsafəli serverlərdə yerləşən proqram təminatına çıxışı var və bu çıxış İnternet vasitəsilə həyata keçirilir. İstifadəçiyə yeni proqramlar yazmaq və ya daha öncə yazdığı proqramları yükləmək imkanı isə Paas səviyyəsində təqdim olunur.

Sonra E.Ələsgərova nəzərə çatdırıb ki, NIST (National İnstitute of Standards and Technology) standartlarına görə, bulud yalnız tələb üzrə özünəxidmət, geniş şəbəkə kanalı, resurs qovşaqlarının dəstəyi, çevik miqyaslanma, elastiklik və servislərin istifadəsi imkanları kimi xarakteristikalara malik olmalıdır.

Elektron təhsildə bulud texnologiyalarının üstünlüklərindən bəhs edən tədqiqatçı bildirib ki, bu yeni texnologiyada proqramlar  kompüterdə yox, uzaq serverdə yerinə yetirilir, tələbələr isə onlara brauzer vasitəsilə daxil olurlar. Bulud texnologiyaları təhsildə elektron tədris resurslarının yaradılması, tədrisin fərdiləşdirilməsi, sənədlər üzərində birgə iş aparılması və s. imkanları yaradır.

Məruzəçi  təhsil kontentinin yaradılmasından da söhbət açıb. Vurğulayıb ki, təhsil kontenti elektron tədris vasitələri və təhsil informasiya ehtiyatlarının toplanmasını, təhsil prosesinin bütün iştirakçıları tərəfindən ardıcıl və səmərəli istifadəsini təmin edəcək paylanmış məlumat bazası kimi yaradılmalıdır. Təhsil məzmununun əsasını bulud serverində saxlama sahəsi təşkil edir.

O, söyləyib ki, bulud texnologiyalarının tədbiqi ilə tədris kontentinin intellektual analizi üçün bir sıra metodlardan istifadə olunur. Bunlara süni neyron şəbəkələri, qərar ağacları, k-means metodları, xətti regresiya və s. daxildir.

Daha sonra E.Ələsgərova buludda Data Mining vasitəsilə həll oluna bilən məsələləri sadalayıb. Bildirib ki, buraya klassifikasiya, reqressiya, klasterizasiya, asosiyasiya və sıralanma daxildir.

“Elektron təhsildə klassifikasiya məsələlərinin istifadəsi 2 yerə ayrılır. Bunlardan biri elektron tədris resurslarının klassifikasiyası, digəri isə test tapşırıqlarının klassifikasiyasıdır. Burada müxtəlif çətinlik səviyyələrinə görə tələbənin fərdi imkanlarını nəzərə almaq mümkündür”, - deyə o, əlavə edib.

Tədqiqatçı klasterizasiya məsələsinin həllinin oxşar psixoloji, fizioloji, davranış və intellektual xüsusiyyətlərə malik olan tələbələri aşkar etməyə imkan verdiyini qeyd edib. Qeyd edib ki, bu, tədris prosesində tələbələrə fərdi yanaşma üçün geniş imkanlar yaradır.

Reqressiya haqqında məlumat verən E.Ələsgərovanın sözlərinə görə, reqressiya çıxış parametrlərinin giriş dəyişkənlərindən asılılığının qurulmasıdır. Onun köməyi ilə müxtəlif ixtisas və təhsil sahələri üzrə tələbələrin təhsil və elmi işinin trayektoriyasını, tələbələrin tədris və elmi işinin keyfiyyətininin artırılması üçün tədbirlərin müəyyənləşdirməsini proqnozlaşdırmaq mümkündür.

Sonda məruzəçi ona ünvanlanan sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı