Logistik sferada professioqram-karyeroqram uyğunluğunun təmin olunması üçün innovativ yanaşma təklif olunub Noyabr 04, 2021 | 10:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti Elmi seminarı keçirilib.

Seminarda institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış edərək bildirib ki, 27-29 oktyabr 2021-ci il tarixlərində “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” mövzusunda keçirilmiş beynəlxalq konfransa (International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor) institutun 11 saylı şöbəsindən 2 məqalə təqdim edilmişdir. Qeyd edib ki, bugünkü seminar “Logistik sferada professioqram-karyeroqram uyğunluğunu təmin edən fərdi təhsil trayektoriyası” adlı məruzənin müzakirəsinə həsr edilib.

Məruzəni institutun dissertantı Hüseyn Qasımov təqdim edərək bildirib ki, logistik sfera əmək bazarının ən mürəkkəb xüsusiyyətə malik strukturudur. İlk baxışda logistika hər hansı bir yükün müəyyən ödəniş müqabilində bir nöqtədən digər nöqtəyə daşınması prosesi kimi görünsə də, bəzən bu prosesdə 40-a yaxın parametr nəzərə alınmalı olur. Buna görə də logistik  sferada intellektual instrumental vasitələrin tətbiqi zəruruidir. Tədqiqatlar göstərir ki, beynəlxalq və yerli logistikadada bir çox məsələlərin həllini təmin edə bilən instrumental vasitələr vardır.

H.Qasımov qeyd edib ki, ümumilikdə logistik sferanın məhsuldar fəaliyyəti məhz bu sahədə xidmət göstərən kadr potensialından asılıdır. Bir çox dünya universitetlərində bu istiqamətdə çoxlu ixtisaslı kadrlar hazırlanır. Eyni zamanda bu sferada peşələr, bu peşələrə aid tələblər də müxtəlifdir. Bu müxtəliflik özlüyündə vakansiyalar üçün müraciət etmiş iddiaçıların seçim və qiymətləndirmə prosesini daha da mürəkkəbləşdirir, bu məsələlərin həllində intellektual texnologiyaların tətbiqini zəruri edir. Tədqiqatlar zamanı belə sistemlərə rast gəlinmədiyi üçün peşələr üzrə kadrların uyğunluğunun (professioqram-karyeroqram uyğunluğunun) yoxlanıması, daha dəqiq qərarların verilməsini təmin etmək məqsədilə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə məsələnin həlli məqsədə uyğun hesab edilir.

Tədqiqatçı bu məqsədlə məqalədə yeni modelin təklif olunduğunu söyləyib: Təklif olunan model qeyri-səlis çoxluqlar nəzəriyyəsi əsasında professioqram-karyeroqram uyğunluğunu yoxlayır. Əldə edilmiş uyğunluq dərəcəsi tələb olunan həddən aşağı səviyyədə olduqda, bu göstəricinin lazımi həddə çatdırılması üçün fərdi təhsil trayektoriyası təklif olunur.

Təqdim olunan modelin ikinci fəaliyyət istiqaməti isə trayektoriya üzrə öyrənənin potensialına və tələblərinə uyğun kontentlərin seçilməsinin təmin edilməsidir. Bu məqsədlə əlamətlərin və bunlardan bir neçə ekspertin üstün hesab etdiklərinin toplusu nəzərə alınmaqla Orlovski S.A. tərəfindən təklif olunan kollektiv qərarların qəbul edilməsi metodundan istifadə edilmişdir.

H.Qasımov çıxışının sonunda bildirib ki, təklif edilən bu yanaşma logistik sferanın kadr ehtiyaclarının vaxtında və dəqiq aşkarlamağa, vakansiyalar üçün daha uyğun kadrların seçilməsinə, beləliklə də logistik sferada xidmət səviyyəsinin yüksəldilməsinə səbəb ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı