Əl ilə göstərilən jestlərin tanınması alqoritminin iş prinsipi təhlil edilib – Elmi seminar Oktyabr 30, 2021 | 11:17 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti onlayn elmi seminarında “Əl ilə göstərilən jestlərin tanınması alqoritminin iş prinsipinin analizi” mövzusunda məruzə dinlənildi.

Məruzəni institutun baş mütəxəssisi Kəmalə Qurbanova təqdim edərək təsvirdən jesti göstərən əlin aşkar edilməsi, əlin mövqeyinin, eləcə də əlin hərəkətinin tanınması üçün alqoritmin hazırlanması, əl jestlərinin tanınması üçün alqoritmin hazırlanması haqqında məlumat verdi.

Öncə o, qeyd etdi ki, İKT-nin və süni intellektin mütəmadi inkişafı və insan-maşın qarşılıqlı əlaqəsi nəticəsində istifadəçi interfeysinin təkamülə uğrayıb, İKT-nin cihazları istifadəçi üçün daha rahat hala gəlib: “Bu tendensiya jestlərin tanınma sisteminə də nüfuz edib. Barmaq uclarına sensorlu qurğu birləşdirilmiş əlcəklər jestlərin tanınması prosesində istifadə olunan ən geniş yayılmış qurğulardan biridir. Lakin bu qurğu həm istifadəçilər tərəfindən praktik istifadə üçün əlverişsizdir, həm də qiyməti bahadır”.

Məruzəçi bildirdi ki, kompüter görmə texnologiyasındakı müasir irəliləyişlər jestlərin izlənməsinə və tanınmasına xidmət edə biləcək ucuz, rahat və əlçatan cihazdır. Hazırda jestlərin tanıma problemini həll etmək üçün müxtəlif yanaşmalar  mövcuddur.

Sonra K.Qurbanova təsvirdən jesti göstərən əlin aşkar edilməsi metodu haqqında danışdı. Söylədi ki, təsvirdən jesti göstərən əlin aşkar edilməsi jestlərin tanınma sisteminin ilkin vəzifəsidir. Əlin ölçüsünün, dəri rənginin dəyişməsi və əlin konturlarının fərqliliyi təsvirdəki aşkarlama işini çətinləşdirir. Bu çətinliyin qarşısını almaq məqsədilə ovuc və yumruğu aşkar etmək üçün iki detektor yaradılır.  Bunlar ovucu aşkar edən detektor və yumruğu aşkar etmək üçün detektorlardır.

Əlin mövqeyinin tanınması üçün alqoritmin hazırlanmasından bəhs edən məruzəçi diqqətə çatdırdı ki, bu alqoritm bir neçə addımdan ibarətdir. Klassifikasiya təliminə vizual əlamətlər lüğətinin yaradılması, deskriptorların yaradılması və neyroşəbəkə təlimi daxildir: “Tanınma mərhələsinə isə SURF üsulu ilə xüsusiyyətlərin çıxarılması, seçilmiş xüsusiyyətlərin lüğətlə müqayisəsi, neyroşəbəkədə əlin mövqeyinin tanınması daxildir”.

Daha sonra o, əlin hərəkətinin tanınması üçün alqoritmin hazırlanması haqqında danışdı. Qeyd etdi ki, jestin izləmə prosesində əlin trayektoriyası qeydə alınmalıdır. Bu problemi həll etmək üçün neyroşəbəkə metoduna əsaslanan bir neçə mərhələlərdən ibarət alqoritm hazırlanıb. Bunlara hərəkət trayektoriyasının sadələşdirilməsi və hamarlanması, diskretləşdirmə və deskriptorun hesablanması daxildir.

Sonda K.Qurbanova qeyd etdi ki, hazırda qloballaşan dünyamızda günbəgün  inkişaf edən İKT-nin hər sahəyə  tətbiqi təbii prosesdir. Onlayn mühitdə milli jest dilimizin tanınmasının təmin olunması istiqamətində yeni texnologiyaların, proqram təminatının və milli jestlərin xarakterik əlamətlərini özündə cəmləşdirən elektron bazanın formalaşması aktual məsələdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı