Dəniz logistikasında insan faktoru ilə bağlı problemlərin həlli üçün innovativ yanaşma təklif olunub Oktyabr 25, 2021 | 10:14 / Konfranslar, iclaslar

AMEA İnfromasiya Texnologiyaları İnstitutunun növbəti Elmi seminarı keçirilib.

Seminarda institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış edərək bildirib ki, 27-29 oktyabr 2021-ci il tarixlərində “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” mövzusunda keçiriləcək beynəlxalq konfransa (International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor) institutun 11 saylı şöbəsindən 2 məqalə təqdim edilmişdir. Qeyd edib ki, elmi seminar “Dəniz nəqliyyatında gəmi ekipajının psixofizioloji vəziyyətinin intellektual montorinqi və qiymətləndirilməsi“ adlı məruzənin müzakirəsinə həsr edilib.

Məruzəni texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova təqdim edərək bildirib ki, dəniz logistikası dəniz nəqliyyatı ilə yüklərin daşınmasının təşkili və təmin edilməsini nəzərdə tutur. BMT-nin hesabatlarına görə, dünya ticarətinin 90%-i dəniz nəqliyyatı ilə həyata keçirilir, Avropa və Asiya arasında məhsul dövriyyəsinin həcminin 90%-i (tonla ölçüdə), dəyərinin 70%-i (ABŞ dolları ilə) dəniz nəqliyyatının üzərinə düşür. 2018-ci ildə kruiz sənayesi 150 milyard ABŞ dolları həcmində qiymətləndirilmişdir. COVID-19 pandemiyası dövründə dəniz daşımaları qida məhsullarının, dərman vasitələrinin və digər həyati əhəmiyyətli məhsulların çatdırılmasında mühüm rol oynamışdır. Dəniz nəqliyyatının böyük əhəmiyyətə malik olması bu seqmentdə bir sıra məsələlərin həlli ilə yanaşı, həm də bu seqmentdə qəzaların qarşısının alınması üçün “insan faktoru”na xüsusi diqqət ayrılması ilə innovativ yanaşmaların işlənilməsini aktuallaşdırmışdır.

Z.Cəbrayılova qeyd edib ki,  dənizçilərin gəmidə uzunmüddətli qalması, “gəmi mühiti” inteqral anlayışında toplanan bütün faktorlar (küy, vibrasiya, yüksəktezlikli elektromaqnit şüalanması, örtülü məkandakı havada olan zərərli maddələr və s.) dənizçilərin orqanizminə təsir göstərir, funksional dəyişikliklərə, psixoloji problemlərin yaranmasına, patoloji vəziyyətlərin inkişafına, əmək qabiliyyətinin itirilməsinə, sağlamlıq vəziyyətinin pozulmasına, əmək qabiliyyətinin aşağı düşməsinə və nəticədə gəmi qəzalarının baş verməsi kimi ciddi problemlərə səbəb olur.

O, dəniz nəqliyyatında baş verən hadisələrin 80-85%-nin məhz insan fəaliyyəti ilə bağlı olduğunu bildirib. Gəmi ekipajının hər bir üzvünün spesifik xüsusiyyətlərinin sistemli analizinə, süni intellektə, intellektual texnologiyalara əsaslanmaqla, gəmidə işləyənlərin sağlamlıq vəziyyətinin monitorinqi və icra etdikləri vəzifəni yerinə yetirməyə qadir olduğunun qiymətləndirilməsi üçün işlənilmiş intellektual sistemin konseptual əsaslarını seminar iştirakçılarının diqqətinə çatdırıb.

Z.Cəbrayılova çıxışının sonunda Kettel testinə və qeyri-səlis obrazların tanınması metoduna istinad etməklə məsələnin həlli ardıcıllığını təqdim edib. Bildirib ki, təklif edilən bu yanaşma heyət üzvünün psixoloji sağlamlığı baxımından arzuolunmaz halları vaxtında aşkarlamağa, səhv qərarlar qəbul olunmasının qarşısını almağa imkan verə, instrumentariya yaratmaqla gəmi qəzalarının qarşısının alınması üçün mümkün həll variantlarından biri kimi dəyərləndirilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı