İKT-nin tətbiqi ilə dil biliklərinin tədrisi məsələlərinə dair beynəlxalq təcrübə araşdırılıb Oktyabr 05, 2021 | 02:09 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris İnnovasiya Mərkəzinin (TİM) “İKT-nin tətbiqi ilə dil biliklərinin tədrisi və qiymətləndirilməsi məsələləri ilə bağlı beynəlxalq təcrübələrin analizi” mövzusunda onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən TİM-in əməkdaşı Lalə Əliyeva dil biliklərinin tədrisi və qiymətləndirilməsinə beynəlxalq standartın tətbiqi, CEFR beynəlxalq standartına əsasən dil biliyinin səviyyələri və onların qiymətləndirilməsi, CEFR beynəlxalq standartının Azərbaycanda tətbiqinə dair görülən işlər, eləcə də beynəlxalq standartlara əsaslanaraq dilin əcnəbilərə tədrisi və dil biliklərinin qiymətləndirilməsi üçün dünya təcrübəsindən yanaşmalar haqqında danışdı.

O, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi üçün dövlət tərəfindən atılan bir sıra addımları diqqətə çatdırdı. Xatırlatdı ki, ümumilli lider Heydər Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” Sərəncamı, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunu, eləcə də bu sahədə digər normativ hüquqi aktlar həm Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini düzgün müəyyən edib, həm də dilimizin təbliğinin zəruriliyini ortaya qoyub.

L.Əliyeva bildirdi ki, Azərbaycan dilinin tətbiqi imkanlarının genişləndirilməsi və elektron məkanda istifadəsinin təmin edilməsi istiqamətində yüksək dövlət dəstəyinin mövcudluğu İKT-nin tətbiqi ilə ana dilimizi layiqli formada tanıtmaq və dil siyasətini təbliğ etmək üçün böyük şərait yaradır:

1991-ci ildə Avropa Şurası İsveçrədə keçirilən simpoziumda dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üçün “Dillər üzrə Ümumavropa İstinad Cədvəli”nin (CEFR- Common European Framework of References for Languages) tərtib edilməsi ideyasını irəli sürmüşdür. CEFR öyrənənlərin dörd dil bacarığı ilə nələr edə biləcəyini qiymətləndirən təlimatdır: Danışıq, Dinləmə, Oxuma və Yazı. Bu bacarıqlar hər səviyyə üçün ayrı-ayrılıqda tətbiq olunur.

CEFR haqqında ətraflı məlumat verən tədqiqatçı vurğuladı ki, onun əsas məqsədlərinə tədris proqramında dillər seçimində çoxdilliliyi və şaxələndirməni təşviq etmək, fərdi öyrənənlərin çoxdilli profilinin inkişafına və nümayişinə dəstək vermək, dərsliklərin və tədris materiallarının dizaynı və inkişafını təmin etmək və s. daxildir.

CEFR dil biliyi ən aşağı A1 səviyyəsindən ən yuxarı C2 səviyyəsinə qədər 6 səviyyədə qruplaşdırılır, bunların özü də 3 geniş səviyyədə yenidən qruplaşdırıla bilir. Təməl istifadəçi A1, A2, müstəqil istifadəçi B1,B2, təcrübəli istifadəçi C1, C2. Bu səviyyələrdən hazırda bütün müasir dil kitablarında və məktəblərdə, işə müraciət zamanı CV-lərdə istifadə olunur.

L.Əliyeva CEFR beynəlxalq standartının ölkəmizdə tətbiqinə dair görülən işlərdən də söhbət açdı. Bildirdi ki, 2019-cu ildə Dövlət İmtahan Mərkəzi (DİM) Avropa Şurasına CEFR sənədinin rəsmi tərcüməsi ilə bağlı müraciət ünvanlayıb və 2020-ci ildə DİM-ə dəstək məktubu təqdim olunub. DİM 309 səhifəlik CEFR-ın ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi layihəsini həyata keçirmək üçün Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə 2020-ci ilin mart ayında əməkdaşlıq sazişi imzalayıb və fəaliyyətə başlanılıb.

CEFR-in son nəşrinin Azərbaycan dilinə tərcümə olunması layihəsinin əsas məqsədi ölkədə xarici dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi istiqamətində görülən işlərə dəstək göstərməkdir. CEFR-in 2020-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş nəşrindəki yeni xüsusiyyətlərdən biri eşitmə qüsuru olan şəxslər üçün “İşarə dili” hissəsinin sənədə əlavə olunmasıdır.

O vurğuladı ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilini dünyaya tanıdaq” devizi altında icra edilən Salam, Azərbaycan! adlı layihə həyata keçirilir. Bu layihənin əsas məqsədi Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün dünya standartlarına uyğun olaraq A, B, C səviyyələri üzrə dərs vəsaitləri dəsti hazırlamaqdır.

Daha sonra tədqiqatçı İKT-nin dil biliklərinin tədrisi və qiymətləndirilməsində rolundan bəhs etdi. “Dilin öyrənilməsində İKT-nin istifadəsi prosesi onlayn şəkildə daha dinamik və çevik edir, tədrisin intensivləşməsinə və fərdiləşdirilməsinə kömək edir, kommunikasiya üçün daha çox imkan yaradır, mövzuya marağı artırır və s.

L.Əliyeva diqqətə çatdırdı ki, CEFR beynəlxalq standartını Azərbaycan dilinə uyğunlaşdırmaqla dünyanın istənilən nöqtəsində yaşayan və Azərbaycan dilinə maraq göstərən əcnəbilərin İKT-nin tətbiqi ilə Azərbaycan dilini öyrənmələrini təmin etmək, onların dil biliklərini qiymətləndirmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı