İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər Oktyabr 04, 2021 | 12:57 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova “İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı bəzi problemlər” mövzusunda məruzəni təqdim etdi. İnternetdə domen adları sistemi haqqında məlumat verən məruzəçi qeyd etdi ki, İnternetdə ünvanların idarə edilməsi Domen Adları Sistemi (Domain Name System, DNS) vasitəsi ilə həyata keçirilir. Bu gün DNS milyardlarla sorğunu gündəlik emal edən ən böyük paylanmış verilənlər bazasıdır.

R.Qasımova İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (The Internet Corporatinon for Assigned Names and Numbers, ICANN), Internetdə Nömrələnmənin Təyini üzrə Qeydiyyat Təşkilatı (Internet Assigned Numbers Authority, IANA), İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu (Reseaux IP Europeens, RIPE), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (The World Intellectual Property Organization, WIPO) və s. kimi İnternetə nəzarət edən və domen adlarının fəaliyyətinə cavabdeh olan beynəlxalq təşkilatlardan söz açdı.

Eyni zamanda qeyd etdi ki, “Beynəlmiləlləşdirilmiş Domen Adları” (Internationalized Domain Names - IDN) anlayışı yeni minilliyin əvvəllərindən qlobal miqyasda aktuallıq qazanmışdır. Bu anlayış virtual məkanda ingilis dilinin, habelə latın əlifbasının üstünlüyünün milli dil və əlifbaların xeyrinə dəyişdirilməsi məqsədindən irəli gəlir. Bu mənada IDN-in yaradılması İnternet şəbəkəsinin inkişafı istiqamətində atılan ən mühüm addımlardan biridir.

Məruzəçi milli domen adlarının tərtib olunmasında mövcud vəziyyətin analizinin nəticələrini təqdim edərək milli əlifbanın simvollarından istifadə etməklə domen adlarının, eləcə də yeni yüksək səviyyəli domenlərdə (New gTLDI) domen adının qeydiyyata alınması, Azərbaycan dilində olan milli domen adlarından istifadə sisteminin olmaması kimi problemlərin olduğunu bildirdi.

Domen adlarının beynəlmiləlləşdirilməsi sahəsində vəziyyət, New gTLDI-də domen adının alınması prosesi barədə danışan R.Qasımova qeyd etdi ki, 1998-ci ildə “Tətbiqlərdə Domen Adlarının Beynəlmiləlləşdirilməsi” (Internationalizing Domain Names in Applications – IDNA) sistemi standart kimi qəbul edildi və bir çox yüksək səviyyəli domen adlarında tətbiq edildi: “2012-ci ildə isə yeni yüksək səviyyəli domenlərin –New gTLD qeydiyyatına icazə verildi.  Yeni qərara əsasən, artıq iri şirkət və şəhərlərin özlərinə məxsus domen adlarının alınmasında heç bir məhdudiyyət qoyulmur”.

Məruzəçi artıq beynəlxalq aləmdə ayrı-arı ölkələrə məxsus milli əlifbalar üzrə domen adlarının qeydiyyatı prosesinin başlanmasınını xüsusi ilə vurğuladı. Bir çox ölkələrdə öz ölkə domen kodlarının milli əlifba ilə ccTLD DNS serverlərinin kök zonasında qeydiyyatı aparılmışdır. Eyni zamanda coğrafi ərazini və ya bölgəni təmsil edən yüksək səviyyəli coğrafi domen (geoTLD) zonalarının qeydiyyatı aparılmış (.москва, .moscow, .paris, .berlin, .london, .barcelona, .wien, .madrid, .tirol, .brussels, .africa, .istanbul və s.) və bu kimi domen adlarının qeydiyyatı üçün ICANN-a müraciətlər davam edir.

Daha sonra məruzəçi milli əlifba ilə yazılmış yüksək səviyyəli domen adlarının ICANN tərəfindən akkreditə olunmuş qeydiyyatçılarının siyahısını təqdim etdi. Eyni zamanda ICANN-nın yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki standartların hazırlanmasının başa çatdığını bəyan etdiyini qeyd etdi.

Sonda R.Qasımova hazırda beynəlxalq səviyyədə qeyri-latın domen adlarının tətbiqi genişləndikcə Azərbaycanda da milli əlifbamızın hərflərindən istifadə olunmaqla milli domenlərin yaradılması üçün geniş imkanlar açıldığından söz açdı. Qeyd etdi ki, ölkəmizin milli maraqlarının təmin edilməsi, milli informasiya resurslarının artırılması, Azərbaycan dilinin norma və qaydalarının təhriflərdən qorunması və İnternetdən istifadə imkanlarının məhdud olduğu bölgələrdə dil maneəsinin ortadan qaldırılması məqsədilə Azərbaycana məxsus “.az” yüksək səviyyəli domen sistemində Azərbaycan əlifbasından istifadə edərək milli domen adlarının yaradılması, o cümlədən “əlincə.az”, “qarabağ.az”, “xankəndi.az”, “sığorta.az”, “mədəniyyət.az”, “ədliyyə.az”, “məktəb.az” və bu kimi adların tərtibatı, eyni zamanda şəhərlərimiz və bölgələrimiz üçün “.bakı”, “.naxçıvan”, “.gəncə”, “.sumqayıt”, “.şuşa”, “.xankəndi”, “.zəngilan”, “.füzuli” və bu kimi adlarda yüksək səviyyəli domen adlarının qeydiyyatdan keçirilməsi ilə əlaqədar yaranan problemlərin tezliklə həll edilməsi məqsədəuyğun olardı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı