İKT-nin inkişafı: Mövcud durum və gələcək üçün görülən işlər Oktyabr 01, 2021 | 04:46 / Müsahibələr, çıxışlar

İSTİQAMƏT: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

İnformasiya-kommunikasiya texnologiyaları dövrün ən başlıca tələblərindən biri və elə birincisidir. Bu gün demək olar ki, bütün sahələrdə yeni nəsil texnologiyaların xidmətindən istifadə edilir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiylarının təsir dairəsindədir. Hazırda demək olar ki, hər kəs internet istifadəçisidir. İnternet hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır və indiki dövrdə demək olar ki, əlçatmaz informasiya yoxdur. Bu, yeni dövrün reallıqlarıdır.

İKT-nin ilkin dövrü

Azərbaycanda da İKT-nın inkişafına ciddi diqqət yetilir. Təbii ki, bu sahədə hələ də həllini gözləyən bir sıra problem mövcuddur və onlar həllini tapmadığı üçün bu sahənin inkişafı da ləngiyir. Bu amil cəmiyyətin də inkişafını ləngidən amillərdən birinə çevrilir. Nəzərə almaq vacibdir ki, XX əsrin sonlardan başlayaraq informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olub. Dünya ilə ayaqlaşmaq üçün bu sahənin inkişaf etidirilməsi zəruridir. Bunun üçün müəyyən işlər görülsə də, Azərbaycanda bu sahə yenə də beynəlxalq standartların altında qərarlaşıb.

İnformasiya təhlükəsizliyi məsələsində də vəziyyət qənaətbəxş deyil. İnternet təhlükəsizliyi problemi, ciddi boşluq olduğu üçün bu sahədə ciddi problemlər qaçılmazdır. Bank hesablarından hakerlərin oğurladığı pullar, şəxsi hesabların dondurulması, sosial şəbəkə hesablarına kənar müdaxilələr, dövlət qurumlarının saytlarının dağıdılması və digər problemlər bu gün də narahatlıq yaradır.

Baxmayaraq ki, bunun üçün ölkə rəhbərliyi səviyyəsində mühüm qərar və sərəmcamlar verilib, amma onların icrasında yaşanan problemlər İKT-nin inkişafında uğurlu nəticə əldə edilməsinə imkan vermir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Prezident İKT haqqında danışarkən deyirdi:

"Bu müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də böyük rəmzi mənası var. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaq. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilən uğurları nəzərə alaraq 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etdim və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatdıq".

Texnologiyanın gətirdiyi dividentlər

İKT sahəsində atılan addımlar bu gün üçün müəyyən müsbət nəticələrini verir. Məsələn, “Azərkosmos” ASC ötən illərə nisbətən gəlirlərini artırmağa başlayıb. Statistik məlumatlara görə, 2020-ci ildə 2019-cu illə müqayisədə gəlir 5 faiz artıb. “Azərkosmos” 2020-ci ili 10,3 mln. manat mənfəətlə başa vurub. Belə ki, 2020-ci ilin sonuna avronun 2019-cu ilə nisbətdə 10%-dən çox bahalaşması ilə (təxminən 1,90-dan 2,10-a) məzənnə fərqi effektinin kəskin artması peyk layihələrinin maliyyələşdirilməsi üçün avroda götürülmüş borcların manat ekvivalent dəyərini artırmış və dolayısı ilə texniki olaraq əlavə xərclər hesabatda 2020-ci ilin yekunu kimi 5 mln. manat zərərin tanınmasına səbəb olub.

Bütün bunları nəzərə aldıqda, görünən odur ki, İKT ilə bağlı verilən qərarlar, atılan addımlar bu gün artıq nəticə verməyə başlayıb.


AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Cebhe.info-ya açıqlamasında deyib ki, hazırda informasiya texnologiyaları dövlətin əsas prioritetlərindən biridir:

“İnsan fəaliyyətinin bütün sferalarında, ölkə iqtisadiyyatının bütün sahələrində informasiya texnologiyaları geniş tətbiq olunur. Dövlət orqanlarının fəaliyyəti İKT ilə təmin edilib. Ölkəmizdə elektron dövlət mühiti formalaşır. Yəni bu elektron dövlətin “çətiri” altında elektron elm, elektron təhsil, elektron vergi, elektron gömrük, elektron məhkəmə, elektron bələdiyyə, elektron parlament kimi seqmentlər inteqrasiya olunur, birləşir. Artıq cəmiyyətdə informasiyalaşdırma, kommunikasiyalaşdırma, kompüterləşdirmə, şəbəkələşdirmə o qədər sürətlə gedir ki, İKT-dən kənarda heç nə qalmayıb. Bütün bunlar onun nəticəsidir ki, bir neçə onillikdir Azərbaycanda informasiya texnologiyalarınını inkişafına böyük diqqət ayrılır. Bizim artıq kosmosda bir neçə peykimiz var. Cəmiyyətin inkişafı, insanların öz fəaliyyətini yüksək səviyyədə həyata keçirmələri üçün İKT-dən geniş istifadə edilir. Yəni bunlar Azərbaycanın uğurlarıdır və dünya tərəfindən də ölkəmizdə informasiya cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlərin əldə edildiyi qəbul və etiraf edilir.”

Rasim Əliquliyev bildirib ki, bütün bu qabaqcıl texnologiyalar tətbiq olunmaqla alimlərin də qarşısında yeni vəzifələr qoyulur:

“Bu vəzifələrdən biri informasiya texnologiyalarının elmi problemlərin araşdırılması və Azərbaycan alimlərinin bu istiqamətdə töhfə vermələrinin təmin olunmasıdır. Qürurla deyə bilərəm ki, Azərbaycan alimləri bu istiqamətdə uğurlu fəaliyyət göstərirlər. Kompüter elmləri, informatika, idarəetmə, tətbiqi riyaziyyat və bu kimi əlaqəli sahələr üzrə alimlərimiz çox səmərəli fəaliyyət göstərirlər. Cənab Prezident tərəfindən dəstəklənən və Azərbaycanda inkişafına önəm verilən istiqamətlərdən biri də ölkəmizdə IV sənaye inqilabının müxtəlif sahələr üzrə çağırışlarının həyata keçirilməsidir. Bu sahələrdən biri də süni intellekt texnologiyalarıdır. Digər mühüm istiqamət kiberfiziki sistemlərdir. Artıq internet tək insanlarla yox, eyni zamanda, müxtəlif əşyalarla, qurğularla, nəqliyyat vasitələri ilə, dronlarla, sənaye obyektləri ilə təmas qurur. Bu, bütün fəaliyyət sahələrində keyfiyyətin, məhsuldarlığın artmasına səbəb olur. Ona görə də əşyaların interneti texnologiyaları Azərbaycanda geniş tətbiq olunmağa başlayıb.

İnformasiya Texnologiyaları İnstitutunda bizim prioritet kimi qəbul etdiyimiz istiqamətlərdən biri IV sənaye inqilabının çağırışlarından irəli gələn vəzifələrdir. Bu vəzifələrdən biri süni intellekt texnologiyalarının araşdırılması və ölkəmizdə onun tətbiq olunmasına elmi dəstəyin verilməsidir. Digər tərəfdən, bu gün informasiya sel kimi artır. Hər tərəfdə informasiya var, bunları toplamaq, saxlamaq, emal etmək, Big Data texnologiyaları vasitəsilə oradan dəyərli biliklər əldə etmək də prioritet məsələlərdən biridir. Azərbaycan alimləri, xüsusilə də, AMEA-nın müvafiq institutlarının əməkdaşları qeyd etdiyim istiqamətlərdə məqsədyönlü fəaliyyət göstərirər. Dünyanın ən nüfuzlu elmi nəşrlərində onların məqalələri dərc olunur. Bu da Azərbaycana şərəf gətirir. Azərbaycan hazırda regionda bu sahədə aparıcı ölkələrdən biridir”.

Akademik qeyd edib ki, informasiya təhlükəsizliyi məsələsi də həyatımızın reallığıdır:

“Biz qlobal informasiya məkanının tərkib hissəsinə çevrilmişik. Yəni biz bütün informasiya sistemləri, internet, süni peyk və digər müvafiq vasitələrlə elektron dünyanın tərkib hissəsiyik. Ona görə də internet bizə xeyir gətirməklə, imkanlar yaratmaqla yanaşı, əlbəttə ki, təhlükələr də yaradır. Bəzən o təhlükələr reallaşır, insanlara maddi və mənəvi ziyan vurur. Yəni informasiya azadlığından, həmçinin texnoloji imkanlardan sui-istifadə müəyyən təhlükələr, risklər yaradır. Kriminal qüvvələr aktivləşir və kibercinayətkarlıq halları baş verir. Əlbəttə ki, bu gün ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi, onun milli təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Milli təhlükəsizliyin ən vacib komponenetlərindən biri də informasiya təhlükəsizliyi və onun tərkib hissəsi olan kibertəhlükəsizlikdir. Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması, müxtəlif səviyyələr, istiqamətlər üzrə bu problemin həlli istiqamətində müvafiq qurumlar, o cümlərdən AMEA-nın aidiyyəti institutları tərəfindən kompleks işlər həyata keçirilir. İnformasiya təhlükəsizliyinin elmi təminatı, normativ hüquqi bazasının gücləndirilməsi vacib məsələlərdir. Bu baxımdan, inkişaf etmiş dünyanın bir hissəsi olan Azərbaycan yüksək sürətlə inkişaf edir, informasya texnologiyalarının verdiyi imkanlardan ölkənin inkişafı, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində istifadə edilir. Bu, bizim xoşbəxtliyimizdir, amma eyni zamanda, dünyada gedən müəyyən proseslər, Azərbaycanın inkişafını istəməyən qüvvələr ölkəmizin təhlükəsizliyinə təhdidlər yaradır. Azərbaycanın müvafiq dövlət orqanları akademik qurumlarla birlikdə ölkəmizdə informasiya təhlükəsizliyinin daha da dayanıqlı, etibarlı şəkildə qorunması üçün ölkəmizin bütün maraqlarını virtual məkanda qorunmasını təmin edən sistemi inkişaf etdirirlər. Bu gün kibertəhlükəsizliyə qarşı həm elmi-texnoloji, həm də qanunvericilik istiqamətində institutsional tədbirlər həyata keçirilir. İnsanlarda müəyyən bir informasiya mədəniyyətinin formalaşması, hər kəsin bu işə müəyyən qədər töhfə verməsi, təhlükələrdən yayınması, başqa bədniyyətli insanların hədəfinə çevrilməməsi üçün çox əhəmiyyətli işlər həyata keçirilir. Burada vətəndaş cəmiyyəti institutları, biznes qurumları, dövlət strukturları əl-ələ verib bu istiqamətdə problemlərin həll olunmasına dəstək verirlər”.

Həmsöhbətimiz əlavə edib ki, informasiya texnologiyaları tək özü inkişaf etmir, tək insanlara bilavasitə kömək etmir, eyni zamanda, digər sferalara da təsir edir:

“İnformasiyanın əldə olunması, informasiya azadlığı, məlumatların maneəsiz olaraq yayılması imkanları ölkəmizdə ən yüksək səviyyədə təmin olunur. Müvafiq hüquq və azadlıqlara konstitutsion dəyər kimi hörmət edilir. Ölkədə informasiya, internet azadlığının təmin olunması ilə bağlı çox mühüm işlər həyata keçirilir. Bu gün Azərbaycan vətəndaşları çox məmnundular ki, belə imkanlara malikdirlər. Amma qeyd etdiyim kimi, bu inkişafın müəyyən yan problemləri də var ki, onlar da həll olunur. Ölkədə yüksək səviyyəli insan resursları yetişir. Son zamanlar kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar açılıb. Çoxlu sayda gənclər bu istiqamətlərdə ali məktəblərə qəbul olunur, həmin peşələrə yiyələnirlər. Əmək bazarının özündə də bu kadrlara çox böyük ehtiyac var. Bu gün Azərbaycanda ən çox tələb olunan ixtisaslar proqramçılar, kompüter mühəndisləri, informasiya təhlükəsizliyi mütəxəssisləridir.

Ona görə də Azərbaycan təhsili, elmi bu reallıqları məsuliyyətlə anlayır və bütün fəaliyyətini dünyanın bu çağırışlarına, cənab Prezidentin qərarlarının icrasına yönəldir. Çox sevindirici haldır ki, Azərbaycan bu sahədə dünyada yüksək qiymətləndirilən ölkələrdən biridir. Regionda ilk dəfə olaraq IV sənaye inqilabının regional mərkəzi Bakıda açılıb. Yəni bu, o deməkdir ki, ölkəmizdə dünyanın qabaqcıl texnologiyalarının transferi, bu sahədə fəaliyyət göstərən nəhəng transmilli şirkətlərin maraqlarının təmin olunması ilə bağlı mərkəz formalaşıb. Həmin mərkəzin yaradılmasında məqsəd ondan ibarətdir ki, ölkəmizdə süni intellekt texnologiyaları tətbiq olunmaqla dövlət orqanlarının fəaliyyətində keyfiyyət və məhsuldarlıq artırılsın, vətəndaş məmnunluğunun təmin olunması, onlara daha yüksək keyfiyyətdə xidmətlərin göstərilməsi, vətəndaş-hakimiyyət münasibətlərində boşluqların, problemlərin aradan qaldırılması, vətəndaşlar tərəfindən istənilən xidmətin əlçatan olması, hakimiyyət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hansısa neqativ hal varsa, bu şəffaflıq hesabına aradan qaldırılması təmin olunsun.

Azərbaycan İkinci Qarabağ müharibəsində yüksək nailyyətlər əldə etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində də uğurlu addımlar atır. Həmin ərazilərdə reallaşdırılan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları yaxın zamanlarda bütün Azərbaycanda geniş yayılacaq. Bütün iqtisadi sektor, insanların fəaliyyəti də smart texnologiyalar əsasında qurulacaq, süni intellekt texnologiyaları vasitəsilə daha yüksək səviyyəyə çatacaq. Ölkəmizdə innovativ mühit bərqərar olacaq. Ölkə iqtisadiyyatının əsas prioritetləri ənənəvi resurslarla yanaşı, qeyri-neft sektorunun, xüsusilə də, İKT sahəsinin inkişafına yönələcək. Bu istiqamətdə də yüksək səviyyəli insan resursuna zərurət yaranacaq. Əmək bazarı ölkəmizdə smart peşələrlə daha da zənginləşəcək və nəticə etibarı ilə Azərbaycanın sürətli inkişafına gətirib çıxaracaq”.

Bu gün İKT sahəsində əsas məqsəd beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaqdır. Bu, özündə İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini ehtiva edir. Bu sahənin inkişafı üçün icra mexanizmlərini tam gücü ilə işə salmaq vacibdir. Əks halda, inkişafa gedən yol daha daha uzun və çətin olacaq.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

Cebhe.info

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı