İnstitutun şöbə müdiri “Qarabağda yeni iqtisadiyyat quruculuğu” beynəlxalq konfransında məruzə ilə çıxış edib Sentyabr 20, 2021 | 03:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə 16-17 sentyabr 2021-ci il tarixlərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Beynəlxalq elmi-praktik konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn təşkil olunmuşdu. Konfransda iqtisadçı alimlərlə yanaşı, bir sıra hökumət qurumlarının əməkdaşları, ali məktəblərin müəllimləri və xarici (Avropa, ABŞ və Türkiyə)  tədqiqatçılar da iştirak edib.  

Konfransdan öncə tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər. Tədbir iştirakçıları Ağdam torpağında birlikdə ağac əkiblər.

Beynəlxalq elmi-praktik konfransı açılış nitqi ilə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulslari” I Beynəlxalq elmi-praktik konfransının iştirakçılarına müraciətini səsləndirib. Qeyd olunub ki, Beynəlxalq elmi-praktik konfransın keçirilməsində əsas məqsəd Qarabağ  iqtisadiyyatının  bərpası və inkişafına elmi dəstək verməkdir.

Beynəlxalq elmi-praktik konfransda tədqiqatçıların “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı” kimi aktual mövzular ətrafında məruzələri dinlənilib və müzakirələr aparılıb.

Tədbirdə həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, i.f.d., dosent Əlövsət Əliyev “Qarabağ iqtisadiyyatının bərpası və inkişafında rəqəmsal transformasiya  məsələləri” mövzusunda çıxış edib. O, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin salamlarını konfrans iştirakçılarına çatdıraraq, onun rəhbərliyi ilə institutda işğaldan azad olunmuş ərazilərin inkişafına istiqamətlənmiş elmi-tədqiqat işlərinin yerinə yetirilməsində aktiv iştirak etmələri haqqında məlumat verib. Beynəlxalq konfransda Qarabağ iqtisadiyyatının bərpası və inkişafında rəqəmsal texnologiyaların tətbiqinə, rəqəmsal transformasiyanın həyata keçirilməsinə, həmin ərazilərdə  4.0  Sənaye inqilabının əsas trendlərindən olan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşmasına, Qarabağda yeni iqtisadiyyat quruculuğunun perspektiv inkişaf istiqamətlərinə həsr olunmuş məruzəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçi 44 günlük möhtəşəm qələbədən sonra ölkənin işğaldan azad edilmiş ərazilərinin yenidən dirçəlməsi, orada ən müasir sosial-mədəni, kommunikasiya və nəqliyyat infrastrukturunun yaradılması, dağıdılmış şəhər-kəndlərimizin bərpası üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsini və inkişaf konsepsiyası hazırlanmasından söz açıb. O, yeni strateji dövrdə ölkə qarşısında duran məqsədlərə nail olmaq, uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq üçün ölkə Prezidentinin 2 fevral 2021-ci ildə imzaladığı  “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i haqqında məlumat verib. Ölkənin və regionun Milli Prioritetləri Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Taleyüklü bu rəsmi sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış, Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimibeş Milli Prioritetin reallaşdırılmasının nəzərdə tutulduğunu deyib.  

Dosent Ə.Əliyev Milli Prioritetin uğurla reallaşdırılması üçün XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması, yaradıcı və innovativ cəmiyyətin formalaşdırılması, vətəndaşların sağlam həyat tərzinin təmini kimi əsas məqsədlərə nail olunmasının planlaşdırılacağını diqqətə çatdırıb.

İqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasının son illərdə ölkə qarşısında duran prioritet məsələlərdən olduğunu, İKT infrastrukturunun əsasını təşkil edən İnternet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli verilənlər” (Big Data), “Ağıllı şəhər” (Smart City), “Ağıllı kənd” (Smart Village) və s. kimi perspektivli rəqəmsal layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatların  aparıldığını qeyd edib.

Məruzəçi ölkənin 4.0 Sənaye inqilabı üzrə regional mərkəzə çevrilməsi üçün 2021-ci il aprelin 19-da imzalanmış “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsinin bariz nümunəsi olduğunu  konfrans iştirakçılarının diqqətinə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinin də 4.0 Sənaye inqilabının əsas trendlərindən olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunacağını ölkə Prezidentinin çıxışlarında bəyan etdiyini bildirdi. Qarabağ iqtisadiyyatında ənənəvi sahələrin və yeni sektorların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, orada yeni iqtisadiyyat quruculuğunun inkişaf istiqamətlərinin müəyyənləşdirildiyini bildirib.

Dosent Ə.Əliyev Ənənəvi Qarabağ iqtisadiyyatından smart tipli Qarabağ rəqəmsal iqtisadiyyatına keçid, Qarabağ iqtisadi regionunda Elektron Qarabağ kompleks proqramının işlənilməsi və həmin proqram çərçivəsində müvafiq işlərin görülməsi haqqında konfrans iştirakçılarına məlumat verib.

Qarabağ regionunda 4.0 Sənaye inqilabı çərçivəsində bəzi texnoloji innovasiyaların tətbiqi və əhəmiyyətini  qetd edib. O, müxtəlif sahələrdə 4.0 Sənaye inqilabına əsaslanan implant texnologiyaları, yeni görmə interfeysi, daşınan İnternet, Əşyaların İnterneti, “ağıllı” ev, “rəqəmsal” insan, cib superkompüteri, “Ağıllı” şəhər, Big Data texnologiyaları, pilotsuz avtomobillər, süni intellekt, robototexnika, kriptovalyuta texnologiyaları, istehsalatda, təhsildə, tibbi sferada və kütləvi tələbat malları sahəsində 3D nəşri kimi əsas İnternet və informasiya texnologiyalarının tətbiqi imkanları haqqında geniş məlumat verib.  

Məruzəçi qlobal miqyasda tətbiq olunan Əşyaların İnterneti” (IoT), Cloud Computing, Soft Computing, Big Data texnologiyaları, 4.0  Sənaye inqilabı komponentlərinin cəmiyyətdə vətəndaşların birgə fəaliyyətinə, inklüzivlik səviyyəsinin artmasına əlavə imkanlar yaradacağını xüsusi vurğulayıbBeynəlxalq trendlərə müvafiq olaraq Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının formalaşmasında informasiyanın məxfiliyinin qorunması, kontentin və rəqəmsal ticarətin tənzimlənməsi, kibertəhlükəsizliyin təmin edilməsi kimi vacib məsələlərin nəzərdə tutuldğunu qeyd edərək, hazırda əksər supergüclü dünya dövlətlərinin  özlərinin data iqtisadiyyatlarını formalaşdırması haqqında da  məlumat verib.  

Ə.Əliyev məruzəsində hazırkı dövrdə Qarabağ iqtisadiyyatının İKT əsasında yaşıl inkişafı məsələləri, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində müvafiq işlərin yerinə yetirildiyini, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində yaşıl texnologiyaların tətbiqini, Qarabağ regionunda iqtisadiyyatın inklüzivliyinin yüksəldilməsi yollarını qeyd edib. Qarabağ iqtisadi regionunda innovativ mühitin, rəqəmsal texnologiyaların və yeni iqtisadi trend olan data iqtisadiyyatının formalaşmasının inkişafı xüsusiyyətlərinin tədqiq olunmasının  dövlət qarşısında qoyulan əsas məsələlərdən hesab olunduğunu bildirib. O, işğaldan azad edilmiş ərazilərdə İKT infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi yeni iqtisadi idarəetmə şəraitində iqtisadiyyatın səmərəliliyinin artırılmasına və dövlətin Qarabağın dirçəldilməsi və inkişafı kursuna əlavə imkanlar yaradılmasının  planlaşdırıldığını vurğulayıb.

Ə.Əliyev sonda institutlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun innovativ elmi potensialından istifadə etməklə Qarabağda yeni iqtisadiyyat quruculuğunun bərpasına, bu istiqamətdə tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bölüşüb.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

Beynəlxalq elmi-praktik konfransda 100-dən artıq elmi məqalə təqdim olunub. Seçilmiş konfrans materiallarının yaxın vaxtlarda kitab şəklində çap olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı