“Dissertasiya mövzularının reyestri” sistemi təqdim olundu Sentyabr 17, 2021 | 02:06 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) “Dissertasiya mövzularının reyestri” sisteminin istifadəyə verilməsi ilə bağlı onlayn təlim seminarı keçirildi. Tədbirdə RETƏŞ-in Problem şuralarının elmi katibləri, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin müdiri və şöbənin əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “Dissertasiya mövzularının reyestri” sisteminin təqdimatına həsr olunduğunu diqqətə çatdırdı.

Alim bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, elmi tədqiqatların əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması dissertasiya mövzularının reyestrinin yaradılmasını zəruri edir. Bu, bir sıra dövlət sənədlərində, o cümlədən ölkə başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamında, eləcə də AMEA Rəyasət Heyəti aparatının “Elm sahələri üzrə problem şuralarının yaradılması”na dair 28 yanvar 2021-ci il tarixli və AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının problem şuralarının fəaliyyəti haqqında 30 aprel 2021-ci il tarixli qərarlarında öz əksini tapmışdır.

Akademik Rasim Əliquliyev qeyd olunan dövlət sənədlərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə RETƏŞ-in fəaliyyətinin səmərəli təşkili üçün “Dissertasiya mövzularının reyestri” sisteminin yaradılması istiqamətində müvafiq işlərin AMEA İnformasiya Texnologiyaları İnstitutunda formalaşdırılmış işçi qrup tərəfindən yerinə yetirildiyini nəzərə çatdırdı.

Sonra məruzə ilə çıxış edən institutun əməkdaşı Raqif İsmayılov “Dissertasiya mövzularının reyestri” sisteminin yaradılması istiqamətində görülmüş işlər, sistemin imkanları və s. haqqında ətraflı məlumat verdi. Sistemdə elmi müəssisələr, elm sahələri, elmi şuralar, ixtisaslar və indekslər, elmi dərəcələr, elmi adlar, təhsil forması və s. kimi kateqoriyalar üzrə zəruri məlumatların öz əksini tapdığını diqqətə çatdırdı.

R.İsmayılov AMEA-da aparılan islahatlar nəticəsində cari ilin yanvar ayında 38 elmi şuranın fəaliyyətinin dayandırıldığını və yenidən 6 problem şurasının təşkil olunduğunu xatırlatdı. O, fəaliyyəti dayandırılmış elmi şuralarla bağlı elektron resursların AzScienceNet şəbəkəsinin Data mərkəzində yaddaşda saxlanması və onlara onlayn çıxışın təmin olunmasının institutun əməkdaşları tərəfindən həyata keçirildiyini bildirdi. Həmçinin 2010-2019-cu illər üzrə təqdim olunan dissertasiya mövzularının qeydiyyata alındığını və tələb olunan formatda sistemdə yerləşdirildiyini söylədi. Proqramçı qeyd etdi ki, sistemin məlumat bazası “MS SQL” sistemində, idarəetmə mühiti C# proqramlaşdırma dilində hazırlanmışdır və veb mühitindən istifadəyə təqdim edilməsi nəzərdə tutulur.

R.İsmayılov sistemə daxil olaraq, informasiyanın axtarışı prosesinin gedişatını əyani şəkildə nümayiş etdirdi.

Daha sonra təlim seminarında çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova RETƏŞ-in və problem şuralarının vəzifə və funksiyalarının daha səmərəli həyata keçirilməsi, eyni zamanda elmi tədqiqatların əlaqələndirilməsi işinin müasir tələblərə uyğun informasiyalaşdırılması üçün “Dissertasiya mövzularının reyestri” sisteminin vacibliyini vurğuladı.

Tədbirdə “Dissertasiya mövzularının reyestri” sisteminin istismarı ilə bağlı müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək, yüksək səviyyədə hazırlanmış sistemin ölkədə elmi fəaliyyətin səmərəliliyinin artırılması və elmi tədqiqatların əlaqələndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı