Şamaxı Astrofizika Rəsədxanasının inkişaf konsepsiyası və prioritetləri müzakirə olunub Avqust 17, 2021 | 07:38 / Konfranslar, iclaslar

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riya­ziy­yat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağı Azərbaycan Respublika­sı­nın Pre­­zi­denti cənab İlham Əli­yevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə aparılan kompleks islahat­lar, öl­kəmizin dövlət siyasəti və milli maraqları, habelə kosmik sənayenin nailiyyətləri fonunda Azər­baycan alimlərinin qarşısında duran prioritet vəzifələrin icrasını, dünya elmində gedən pro­ses­lərə, müasir çağırışlara adekvat olaraq araşdırılan ak­tual elmi-nəzəri, praktiki problemləri və digər mühüm məsələləri daim diqqət mərkəzində saxlayır.

Bu məqsədlə, FRTEB-in Ümumi yığıncağının növbəti onlayn iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cə­li­lovun və icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun “Şa­maxı Astrofizika Rəsədxanasında astronomik müşahidələr: imkanlar, beynəlxalq əməkdaşlıq və perspektivlər” haqqında elmi məruzəsi dinlənilib.

Öncə AMEA-nın müxbir üzvü Namiq Cəlilov Prezident İlham Əliyevin müvafiq Sə­rən­ca­mı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənaye­nin yaradılması və in­ki­şa­fı üz­rə Dövlət Proqramı”nın həyata keçirilməsinə adıçəkilən elmi müəssi­sə­nin mümkün töhfə­lə­ri, onun ölkəmizdə yaxın kosmosun, kosmik fəzanın və ətraf mühitin tədqi­qi­nin aparılması üçün əsas­lı tex­niki imkanlara, real coğrafi mövqeyə və elmi kadr potensialına malik olmasından danı­şıb. Rə­səd­xananın dünyanın bir çox öl­kə­lə­ri­nin aparıcı elmi təşkilatları ilə birgə həyata keçirdiyi təd­­qi­qat­lar­dan söz açıb.

Baş direktor ya­xın gələcəkdə ŞAR-da kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yer­­üstü poliqonlarda apa­rılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında at­mos­­fe­rin kim­yəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən moni­to­rin­qi­nin ke­­çi­ril­­mə­si, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə həyata keçiriləcək elmi tədqiqat planlarına diqqət çəkib.   

Alim AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının müvafiq qərarı ilə ŞAR-ın qar­şısında qoyulan prioritet vəzifələrə də toxunub. Onun sözlərinə görə, Rə­səd­xa­na­nın alim­lə­ri­nə Azər­baycanda kosmik sənayenin inkişafı üzrə dövlət proqramına müvafiq olaraq astrofizikanın müa­sir problemlərini əhatə edən uzaq kosmosun fizikası ilə yanaşı, yerətrafı fəza­nın fundamental-prak­­tiki problemlərinin həllinə yönəlmiş yaxın kosmosun aktual məsələlərinin tədqiq olunması tapşırılıb.

ŞAR-ın baş direktoru vurğulayıb ki, son illərdə əldə edilmiş uğurları daha da artırmaq və Azərbaycanda astronomiyanın dünya elminin ən qabaqcıl səviyyələrinə çıxması üçün Rəsəd­xa­na­­nın böyük potensial imkanları mövcuddur. Rəsədxananın yerləşdiyi təbii coğrafi mövqe göy sfe­­rinin həm cənub, həm də şimal səmasının kifayət qədər geniş sahəsini müşahidə etməyə imkan verir. Bunun üçün Rəsədxanada mövcud olan cihaz parkının müasirləşdirilməsi, teleskopların idarə sisteminin avtomatlaşdırılması və onların beynəlxalq teleskoplar şəbəkəsinə qoşulmasını təmin etmək zəruridir.

Namiq Cəlilov vurğulayıb ki, hazırda dünyanın əksər aparıcı astronomik elmi mərkəzləri atmosferdənkənar müşahidələri həyata keçirən kosmik missiyalara qoşulublar və yaradılmış beynəl­xalq konsorsiumlarla əməkdaşlıq edirlər. Onun sözlərinə görə, ŞAR-da da bu istiqamətdə ilk addımlar atılıb. Lakin bu prosesin daha da genişlənməsi Rəsədxananın elmi cihaz bazasının yenilənməsi ilə birbaşa bağlıdır. Bu sahədə atılacaq addımlar beynəlxalq əlaqələrin ciddi şəkildə artmasına və elmi fəaliyyətin keyfiyyətcə yüksəlməsinə kömək edə bilər.

Alim, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm Kompüter Şəbəkəsinin resurslarından istifadə etməklə ŞAR-da mövcud olan və bundan sonra əldə olunacaq bütün spektrofotometrik ölçmə materialların Astronomik bazasının yaradılması, müşahidə materiallarının beynəlxalq standartlar formatına gətirilməsi, materialın emalı və analizi üçün müvafiq proqram təchizatının təmin edilməsi məsələlərinə də toxunub.

Namiq Cəlilov Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansi­ya­nın yaradılması və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdı­rıl­ma­sı­nın zəruri olduğunu vurğulayıb.

Daha sonra çıxış edən ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov vurğulayıb ki, 2008-2013-cü illərdə cə­nab İlham Əliyevin təşəbbüsü və rəh­bərliyi altında ŞAR-da in­fra­struk­­tur yenidən qurulub, 2 m-lik te­leskopun idaretmə sistemi ye­nilənib, müasir işıq qəbul­edi­ci­lə­rinin tət­biqi və cihazların tək­mil­ləşdi­ril­məsi sayəsində aparılan astronomik müşa­hi­d­­­ələr key­fiy­­yətcə yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, 2016-cı ildə ŞAR-ın 2 m-lik teleskopunda yerli mütəxəssislər tərə­fin­dən müasir işıqqəbuledicisi tətbiq etməklə yüksək ayırdetməli,  spektrin çox geniş dalğa uzunluğu oblastını əhatə edən Optik Lifli Kasseqren Eşelle Spektroqrafı hazırlanıb. 2019-cu ildə  “Canon” ob­yektivi və “Andor” CCD kamerası əsasında ŞAR-ın 2 m-lik teleskopunda universal dəyişən difraksiya qəfəsli spektroqrafın yeni mükəmməl variantı quraşdırılıb. Bu sistemlər ŞAR-da unikal müşahidə materiallarının alınmasına imkan verib.

İcraçı direktor bildirib ki, əldə olunan yeniliklər ŞAR-ın alim və mütəxəssislərinin  bir neçə beynəlxaq layihə və qrantlara qoşulmasına şərait yaradıb. Belə ki, son illərdə ŞAR-da Avropa Birliyinin 5 illik FP7 qrant layihəsi (SOLSPANET), 4 illik HORIZON 2020 – massiv ifratnəhəng ulduzların spektral tədqiqi, ESA-nın beynəlxalq kosmik layihəsi, GRANDMA – yerüstü teles­kop­larla qravitasiya dalğaları mənbələrinin optik diapazonda müşahidəsi (İtaliya-Fransa), Mosk­va Dövlət Universiteti nəz­din­də­ki Şternberq adına Dövlət Astronomiya İnstitutu ilə birgə aktiv nü­vəli qalaktikaların tədqiqi,  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fon­dunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilən birgə elmi tədqiqat işləri həyata keçirilməkdədir.

Bununla bərabər, son illərdə Şamaxı rayonunda turizmin inkişafı, Rəsədxananın yaxın­lı­ğın­da yeni binaların tikilməsi, yolların çəkilməsi, süni işıq və tozlanma mənbələrinin artması nəti­cə­sin­də ŞAR-ın ərazisində astroiqlim şəraiti ciddi şəkildə pozulub. Bu da astronomik müşahidələrin keyfiyyətinə ciddi mənfi təsir göstərib.

Nəriman İsmayılov ŞAR-ın 2021-2025-ci illər üçün qəbul olunmuş beşillik tədqiqat pla­nın­dan da söz açıb, Yerətrafı fəzanın fundamental-praktiki problemlərini əhatə edən yaxın kos­mo­sun aktual məsələlərinin tədqiqindən, o cümlədən, Günəş və günəş sistemi cisimləri, günəş fəal­lı­ğının fizikası, Günəş-Yer əlaqələri, planetlərarası mühitin fizikası, Yerin asteroid təhlü­kə­siz­li­yi, orbitdə olan aktiv süni peyklərın hərəkətinin təhlükəsizliyi və kosmik tullantılar prob­le­min­dən da­nışıb.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev əsası ümummili lider Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan kosmik sənayenin in­kişafı və Azər­­bay­can elmi­nin prioritetləri fonunda astronomik araşdırmaların ölkənin milli ma­raqlarına xid­mət etməsi­nin, astroinformatika, astrostatistikaya aid tədqiqatların aparılması­nın, əldə olunan müşahidə məlumatlarının intellektual emalının, IV sənaye inqilabının çağırış­la­rı­na uyğun olaraq süni intel­lekt və maşın təliminin tətbiq olunmasının vacibliyini vurğulayıb. Alim astroinformatika, astrostatistika sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasının zəruri olduğunu qeyd edib.

Məruzə ətrafında aparılan müzakirələrdə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, aka­de­mik Adil Qəribov, akademik Ənvər Nəhmətov, AMEA-nın müxbir üzvləri – Əminağa SadıqovBilal Bilalov, Vəli Hüseynov və İsmayıl İsmayılov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

Sonra FRTEB-in Ümumi yığıncağı Rəsədxanada “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramından” irəli gələn işlərin yerinə yetirilməsi üçün ŞAR-da lazımi şəraitin yaradılması, mövcud teleskoplarının maddi-texniki bazasının möh­kəm­ləndirilməsi, avtomatlaşdırılması və onların müasir işıq qəbulediciləri ilə təmin edilməsi, həm­çi­nin Azərbaycan ərazisində müvafiq astroiqlimə malik yeni astronomik stansiyanın yara­dıl­ma­sı və stansiyada müasir tipli, diametri ən azı 1 m olan robot teleskopun quraşdırılması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı