Coğrafi informasiya sistemlərinin tətbiq sahələri üzrə tədqiqatlar aparılır İyul 14, 2021 | 11:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin 2021-ci il üzrə yarımillik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin 6 ay ərzindəki elmi-tədqiqat və praktiki fəaliyyətindən danışdı.

O, cari ildə “İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” istiqamətində “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” və Coğrafi informasiya sistemlərinin (CİS) tətbiq sahələri və inkişaf perspektivləri üzrə aparılmış tədqiqatlar və bu mövzularda hazırlanmış məqalələr haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, şöbədə İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliyinin artırılması üçün metod və alqoritmlər işlənilir. Reklam və marketinqin inkişafı üçün tətbiq edilmiş yeni texnologiyalarda istifadə edilən süni intellekt biznes bazarında öz sözünü demişdir və bu proses davam etməkdədir: İnternet axtarış sistemlərində istənilən məhsulun tez bir zamanda tapılması marketinq bazarı üçün əvəzolunmaz prosesdir. Virtual mühit, küçə reklamları tələb olunan məhsul və ya xidmətin müştərinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla, vaxtında, yüksək səviyyədə təqdim olunması süni intellektin köməyi ilə mümkündür. Kiber-fiziki sistemlərin geniş yayıldığı müasir dövrdə intellektual alqoritmlərin köməyilə yaradılmış maşınlar demək olar ki, bütün sahələrdə insan əməyini yüngülləşdirir”.

A.Səmidov qeyd etdi ki, onlayn reklam-marketinq sahəsi üzrə araşdırmalar aparılaraq xarici dövlətlərin təcrübəsi, Azərbaycandakı vəziyyət, pandemiyanın dünyada marketinqə təsiri və s. araşdırılır. Onlayn məkanda səmərəliliyin artırılması üçün metod və alqoritmlərin işlənilməsi üzrə işlər aparılır.

Həmçinin Azərbaycanda su ehtiyatlarının idarə olunması sistemlərində CİS texnologiyalarının tətbiqi araşdırılır, analiz, modelləşdirmə və tətbiq imkanları öyrənilir.

Bundan əlavə, Multimedia Qalereyasının fəaliyyəti haqqında danışan şöbə müdiri bildirdi ki, AMEA-da keçirilmiş mötəbər tədbirlərin tarixə çevrilməsi üçün çəkilmiş foto və videomateriallar mütəmadi olaraq bazaya yerləşdirilir.

Sonra A.Səmidov şöbənin elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən söz açaraq bildirdi ki, şöbə əməkdaşları “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılmasında CİS texnologiyalarının tətbiqi və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında sürətlə bərpa edilməsi ilə bağlı ilə qəzet və jurnallarda çıxış etmişlər.

O, rəhbərlik etdiyi şöbənin elmmetrik göstəricilərini də diqqətə çatdırdı.

A.Səmidov elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilən işlərdən söz açaraq qeyd etdi ki, 6 ay ərzində şöbədə kompüter qrafikası və dizaynı, multimedia resursları, nəşriyyat və poliqrafiya xidməti üzrə müvafiq işlər də davam etdirilmişdir.

Sonda hesabata dair müzakirələr aparıldı.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev 6 aylıq hesabat ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbədə coğrafi informasiya sistemlərinə dair aparılan araşdırmaları yüksək qiymətləndirdi. Hazırda dünya ölkələrinin potensialının 3D texnologiyalarının inkişafı ilə ölçüldüyünü söyləyən R.Əliquliyev, şöbədə bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsi və elmi seminarların keçirilməsinin məqsədəuyğun olduğunu vurğuladı.

Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı