IV sənaye inqilabının sosial-iqtisadi trendləri ilə bağlı araşdırmalar davam etdirilir İyul 13, 2021 | 01:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2021-ci il üzrə yarımillik hesabat iclasları davam etdirilir. 17 saylı şöbənin baş mütəxəssisi Rasim Mahmudov hesabatı təqdim edərək, cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi.

O, ilk növbədə, şöbədə intellektual elektron dövlətin formalaşması və inkişafı problemləri istiqamətində elmi araşdırmaların aparıldığını diqqətə çatdırdı. “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görülmüş işlərdən söz açan R.Mahmudov müxtəlif təyinatlı e-reyestrlərdə toplanan demoqrafik verilənlərin intellektual analizi üçün modelin işlənildiyini, OLAP texnologiyası əsasında demoqrafik proseslərin intellektual analizi üçün modelin işlənməsi istiqamətində tədqiqatların aparıldığını, müəyyən nəticələrin əldə edildiyini bildirdi.

O, IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması istiqamətində tədqiqatların aparıldığını, e-dövlət mühitində toplanan verilənlərin monetizasiyası problemlərinin analiz edildiyini və müvafiq məqalənin hazırlandığını nəzərə çatdırdı. Qeyd etdi ki, şöbədə IV sənaye inqilabının təsiri ilə sosial-iqtisadi sistemlərin transformasiyasının analizi, süni intellekt texnologiyalarının cəmiyyətin müxtəlif sferalarına təsirinin analizi istiqamətində elmi araşdırmalar aparılır.

“E-dövlət mühitində sosial kreditin qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusu çərçivəsində e-dövlət mühitində fərdi məlumatların idarəetmə sisteminin sosial kreditin qiymətləndirilməsində rolu və perspektivləri, kiber-fiziki sistemlərdən istifadə etməklə sosial münasibətlərin analizi, sosial media resurslarının intellektual analizi əsasında sosial kreditin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar əsasında məqalələr hazırlanıb”, - deyə məruzəçi bildirdi.

R.Mahmudov şöbədə informasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində rəqəmsal folklor resurslarının formalaşdırılması və intellektual analizi problemlərinin araşdırıldığını, folklor resurslarında təbii və süni intellekt modellərinin qarşılıqlı əlaqəsinin analiz edildiyini, milli mental dəyərlər kontekstində fərdi məlumatların həssaslığı və mühafizəsi xüsusiyyətlərinin araşdırılması və təkliflərin hazırlanması üzrə elmi tədqiqatların davam etdirildiyini qeyd etdi.

Məruzəçinin sözlərinə görə, cari ildə virtual məkanda dil problemləri araşdırılmış və müvafiq təkliflər işlənmişdir. Elektron dövlət mühitində Azərbaycan dili xidmətlərinin yaradılması və inkişafı perspektivlərinin, axtarış sistemlərinin optimallaşdırılması (SEO) prosesində xüsusi adların araşdırılması istiqamətində tədqiqatlar aparılmışdır.

O, həmçinin şöbənin gənc tədqiqatçıları tərəfindən korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin, etnobotanika informasiya sisteminin, folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı metod və alqoritmlərin işlənməsi mövzuları üzrə yerinə yetirilən işləri təqdim etdi, nüfuzlu jurnallarda nəşr olunmuş məqalələr barədə məlumat verdi.

Təqdim edilən hesabatdan məlum oldu ki, şöbədə cari ilin 6 ayı ərzində aparılan tədqiqatların nəticəsi kimi, ümumilikdə, 5 və 10 məqalə dərc edilib, 1 tezis və 8 məqalə isə çapa qəbul edilmişdir. Müvafiq məqalələrin 3-ü WoS, 2-si isə Scopus bazasdında indeksləşən nüfuzlu jurnallarda dərc olunmuşdur. Həmçinin hesabat dövründə şöbənin 1 əməkdaşı “E-dövlət platformasında e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi” mövzusunda magistr dissertasiyasını müdafiə etmişdir.

Məruzəçi cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti barədə ətraflı məlumat verdi. O cümlədən, şöbə əməkdaşlarının Elmin İnkişfı Fondu tərəfindən maliyyələşdirilən 1 qrant layihəsinin icrasında iştirak etdiklərini, Viki-Mərkəz çərçivəsində bir sıra işləri yerinə yetirdiklərini, bir sıra jurnallardan daxil məqalələrə, eləcə də, institutun doktorantlarının və magistrantlarının dissertasiya ilərinə rəy verdiklərini diqqətə çatdırdı.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabata dair öz fikirlərini bildirdi və şöbə əməkdaşlarının fəaliyyətinə qiymət verdi və şöbənin fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələrini səsləndirdi. 

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı