İnformasiya Texnologiyaları İnstitutunda yarımillik hesabat iclaslarına start verildi İyul 06, 2021 | 04:29 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası  keçirildi. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirdə rəhbərlik etdiyi qurumun 3 şöbəsinin 2021-ci ilin I yarısı üzrə apardıqları elmi-tədqiqatlar və əsas elmi nailiyyətlərinə dair hesabatlarının müzakirə ediləcəyini bildirdi.

Akademik bu yaxınlarda institutda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş iki əməkdaş – texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanı rəhbərlik etdiyi kollektivin adından bir daha təbrik etdi, hər iki alimə gələcək fəaliyyətlərində uğurlar arzuladı. “Bu, müdafiə edən əməkdaşlarımızla yanaşı, həm də bütövlükdə kollektivin uğurudur”, - deyən akademik hər iki dissertasiya işinin institutda uzun illərdən bəri formalaşmış elmi intellektual mühitin məhsulu olduğunu vurğuladı, tədqiqat işlərinin ərsəyə gəlməsində yaxından işrtirak edən alim və mütəxəsislərə minnətdarlığını bildirdi.

Direktor İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurasının artıq fəaliyyətə başladığını, cari ilin sentyabr ayında şuranın iclasında 2 iddiaçının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müdafiəsinin keçiriləcəyini diqqətə çatdırdı.

Akademik yarımillik hesabatlardan sonra institutun doktorant və dissertantlarının elmi fəaliyyətlərinin monitorinqi, gənc tədqiqatçıların attestasiya nəticələrinin təhlili, eyni zamanda elmlər doktoru elmi dərəcəsini almaq iddiasında olan bir qrup əməkdaşın dissertasiya işlərinin icra vəziyyətinin müzakirəsinə həsr olunmuş seminarların keçiriləcəyini nəzərə çatdırdı.

AMEA-nın Ümumi Yığıncağında rəhbərlik etdiyi müəssisənin qarşısına mühüm vəzifələrin qoyulduğunu bildirən akademik, institutun fəaliyyətinin dövlətin siyasətinə uyğunlaşdırılması və müasir elmin tələblərinə cavab verməsinin son dərəcə önəmli olduğunu dedi. R.Əliquliyev bildirdi ki, hər bir əməkdaş institutun prioritet istiqamətlərdə aparılan tədqiqatlara həsr olunmuş elmi seminarları, elmmetriya saatları, eləcə də Elmin İnkişafı Fondu və digər qurumların təşkil etdiyi müvafiq qrant layihələrində fəal iştirak etməlidir.

“Əsas məqsədimiz institutun elmi potensialını daha da inkişaf etdirməkdir”, – deyən alim hər bir şöbə rəhbərini kollektivlə məqsədyönlü iş aparmağa, elmi fəaliyyəti gücləndirməyə, institutun qarşısında duran vəzifələrin icrasında fəal iştirak etməyə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı