Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə bağlı tədqiqatlar aparılır İyun 14, 2021 | 04:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri (TPAİS)” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat qeyd etdi ki, müasir Sənaye 4.0 dövründə TP AİS bir-biri ilə qarşılıqlı əlaqəli çoxsaylı komponentlərin mürəkkəb kompüter şəbəkələridir, onlar müxtəlif funksiyaları yerinə yetirməklə zavodların, boru kəmərlərinin, elektrik enerjisi istehsalı stansiyalarının və bir çox digər sənaye obyektlərinin təhlükəsiz və səmərəli fəaliyyətini təmin edirlər. Bunlara dispetçer idarəetməsi və verilənlərin toplanması sistemləri (Supervisory Control and Data Acquisition, SCADA), paylanmış idarəetmə sistemləri və proqramlaşdırılan məntiqi kontrollerlər kimi digər idarəetmə sistemi konfiqurasiyaları daxildir.

O qeyd etdi ki, TP AİS-in ümumi strukturuna çoxsaylı idarəetmə konturları, insan-maşın interfeysləri və müxtəlif şəbəkə protokollarından istifadə edərək qurulmuş distant diaqnostika və texniki xidmət vasitələri daxildir.

Məruzəçi bildirdi ki, texnologiyanın inkişafı ilə bir çox təşkilat ənənəvi əməliyyat texnologiyaları şəbəkələrini informasiya texnologiyaları şəbəkələri ilə inteqrasiya etmişdir. Bu yanaşma verilənlərin toplanması və analizi xərclərini azaltmağa yönəlmişdir. Eyni zamanda, ISA-62443 sənaye avtomatlaşdırma və idarəetmə sistemlərinin təhlükəsizlik standartına görə, tipik TP AİS bir neçə səviyyədən və zonadan ibarətdir.

L.Suxostat böyük sayda elementlərdən ibarət olan “ağıllı” istehsal mühitini daha yaxşı izah etmək üçün müxtəlif səviyyəli TP AİS istinad modellərinin təklif olunduğunu bildirdi. Qeyd etdi ki, onların arasından PERA (Purdue Enterprise Reference Architecture Model), SGAM (Smart Grid Architecture Model), RAMI 4.0 (Referans Architecture Model for Industrie 4.0) və IIRA (Industrial Internet Reference Architecture) arxitekturalarını fərqləndirmək olar.

Onun sözlərinə görə, TP AİS təhlükəsizlik problemlərinə icazəsiz girişdən zəif qorunma (məsələn, standart parol), simsiz rabitənin və uzaqdan idarəetmə metodlarının istifadəsi, TP AİS-in ən üst səviyyəsində istifadə olunan veb texnologiyalar, işçi stansiyaları və serverlər üçün əsas əməliyyat sistemi kimi Windows-un istifadəsi, eləcə də insan faktoru daxildir:  “Əksər TP AİS qurğuları və protokolları verilənlərin şifrlənməsi və ya girişə nəzarət kimi kibertəhlükəsizlik funksiyalarını dəstəkləmək üçün nəzərdə tutulmayıb. Buna görə yeni nəsil sənaye protokolları təhlükəsizlik mexanizmlərinin daxil edilməsini tələb edir. Kiberhücum zamanı TP AİS-in dinamik davranışını nəzərə alan yanaşmaların işlənməsi vacibdir”.

Tədqiqatçı sənaye idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etmək üçün yeni metod və alqoritmlərin işlənməsinin zəruri olduğunu söylədi. Kiberhücumların aşkarlanması üçün hazırda süni intellekt tətbiqlərində üstünlük təşkil edən maşın təlimi yanaşmalarının geniş tətbiq olunduğunu qeyd etdi.

Məruzəçi real istehsal mühitini simulyasiya edən, monitorinq və verilənlərin analizini aparmağa imkan verən və rahat modelləşdirmə interfeysinə malik sınaq stendlərinin inkişaf etdirilməsinin vacibliyini də qeyd etdi.  

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sənaye idarəetmə sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi, bir sıra təkliflər səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı