“Data səfirliyi” konsepsiyası ilə bağlı müzakirələr aparıldı İyun 03, 2021 | 12:52 / Konfranslar, iclaslar

Elektron idarəetmə dedikdə, xidmətlərin göstərilməsi və informasiyanın çatdırılması səmərəliliyinin artırılması, eləcə də vətəndaşların qərar qəbuletmə prosesində iştirakını təşviq etmək məqsədilə dövlət sektorunun informasiya və kommunikasiya texnologiyalarından istifadəsi başa düşülür.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti onlayn elmi seminarında bu barədə məlumat verilib.

Seminarda institutun magistrantı Aysən Fərəcova “E-idarəetmədə fərdi məlumatların qorunması: “Data səfirliyi” konsepsiyası” mövzusunda təqdimatla çıxış edib. O, bildirib ki, hazırda bütün ölkələr vətəndaşlarına daha yaxşı elektron xidmətlər təklif edə biləcək səmərəli e-idarəetmənin formalaşdırılmasına səy göstərirlər. Bu baxımdan bulud texnologiyaları hökumətlər və vətəndaşlar üçün geniş imkanlar yaradır.

Texnologiyanın sürətlə inkişaf etdiyi, vətəndaşların, cəmiyyətin və ölkələrin iqtisadi, sosial, mədəni olaraq bir-birinə yaxınlaşdığı dünyada, fərd öz şəxsi məlumatlarını və hüquqlarını qorumaqda daha da çətinlik çəkir.

Fərdi məlumatların konfidensial informasiya kateqoriyasına aid edildiyini deyən məruzəçi, fərdə məxsus olan məlumatların həmin şəxsin icazəsi ilə əldə edilməsi, emalı və istifadəsinin vacib olduğunu söyləyib.

A.Fərəcova fərdi məlumatların saxlanmasını, onlara girişi və istifadəsini təmin etmək üçün hüquqi səviyyədə tənzimlənmiş qanunlar, müqavilələr və təhlükəsizlik infrastrukturlarından faydalanmağın mümkün olduğunu qeyd edərək, bəzi ölkələrdə məxfilik məsələləri ilə əlaqədar olaraq həyata keçirilən tədbirlərə aid nümunələr göstərdi.

Sonra tədqiqatçı Data səfirliyi haqqında məlumat verdi. Bildirdi ki, Data səfirliyi Estoniya hökumətinin buludda genişlənməsidir və bu dövlətin ərazi hüdudlarından kənarda server resurslarına sahib olması mənasını verir. Bu, informasiyanın əldə edilməsi üçün innovativ konsepsiya hesab olunur, çünki adətən dövlətlər informasiyalarını öz fiziki sərhədləri daxilində saxlayır.

“Data səfirliyinin resursları Estoniya dövlətinin nəzarətindədir, kiber-hücumlardan və böhran situasiyalarından blokçeyn texnologiyasının köməyi ilə mühafizə olunur. Data səfirliyi təkcə verilənlərin ehtiyat nüsxələrinin yaradılması deyil, eləcə də kritik xidmətlərin yerinə yetirilməsi imkanına malikdir”, - deyə, o, əlavə etdi.

Məruzə ilə bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək fərdi məlumatlar sahəsində dünya təcrübəsi və fərdi məlumatların qorunması ilə bağlı beynəlxalq qanunların araşdırılmasının vacib olduğunu bildirdi, tədqiqatın daha da genişləndirilməsi ilə bağlı tövsiyələr verdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı