“Proqram təminatı layihələrinin qiymətləndirilməsi üçün konstruktiv dəyər modeli – COCOMO II” mövzusunda məruzə dinlənildi May 31, 2021 | 10:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.

Şöbənin baş mütəxəssisi Tamilla Bayramova “Proqram təminatı layihələrinin qiymətləndirilməsi üçün konstruktiv dəyər modeli – COCOMO II” adlı məruzəni təqdim etdi. Mürəkkəb və bahalı proqram məhsullarının böyük mütəxəssis kollektivlərində sənaye metodları ilə işlənilməsinin onlara iqtisadi təhlil, qiymətləndirilmə, istehsalın düzgün təşkili, görüləcək işlərin xərclərə, mərhələlərə və icra müddətinə görə planlaşdırılması kimi tələbatlar yaratdığını bildirdi. Qeyd etdi ki, bu məsələlərin həll edilməsi üçün 1980-ci illərdə “Böyük proqram məhsullarının istehsal iqtisadiyyatı” adlı yeni fənn sahəsi yaranmışdır.

“İqtisadiyyatın müvafiq sahəsinin inkişafında müəyyən problemlər vardır və onlar elm və texnikanın müxtəlif fənn sahələrinin kəsişməsində yaranan yeni bölmələr üçün xarakterikdir. Hazırda menecerlər və proqram kompleksləri üzərində çalışanların əksəriyyəti mürəkkəb proqram məhsullarının istehsal iqtisadiyyatının əsaslarına dair biliklərə malik deyillər. Bəzi iqtisadçılar isə proqram məhsullarının fiziki mahiyyətini, xüsusiyyətlərini bilmir, onların layihələndirilməsi, istehsalı və tətbiqinin texnoloji prosesləri haqqında məlumatları belə yoxdur”, – deyə məruzəçi bildirdi.

T.Bayramovanın sözlərinə görə, yeni proqram təminatı layihələrinin texniki-iqtisadi əsaslandırılmasında olan çatışmazlıqlar və ya belə əsaslandırmanın ümumiyyətlə olmaması sifarişçi və istehsalçı arasında konfliktlərə gətirib çıxarır. Layihə rəhbərləri əksər hallarda proqram təminatının həyat dövrünün hər mərhələsində görüləcək işlər üçün tələb olunan zamanı və əmək tutumunu düzgün hesablaya bilmirlər. Bu da layihənin vaxtında və ayrılan büdcə vəsaitləri daxilində sona çatacağını şübhə altında qoyur.

Proqram təminatı layihələrinin maya dəyərinin hesablanmasından söz açan məruzəçi iş qrafikinin planlaşdırılması və proqram təminatı layihəsinin dəyərinin qiymətləndirilməsinin paralel yerinə yetirildiyini bildirdi. Proqram təminatının maya dəyərinin qiymətləndirilməsi üçün mövcud olan müxtəlif metodlardan danışdı.

O, müvafiq istiqamətdə ən çox istifadə edilən, proqram məhsulunun işlənilməsi üçün əmək tutumunu və işlənilmə müddətini hesablamağa imkan verən “COCOMO” (COnstructive COst MOdel) konstruktiv dəyər modeli və sonradan daha da təkmilləşdirilərək “COCOMO II” adını almış model haqqında ətraflı məlumat verdi.

T.Bayramova, həmçinin proqram məhsullarının işlənilməsi üçün tələb olunan xərclərin hesablanmasını avtomatlaşdırmaq üçün “COCOMO II” modeli əsasında onlayn kalkulyatorların işlənildiyini nəzərə çatdırdı. Qeyd etdi ki, buna ABŞ-ın Cənubi Karolina ştatının Sistem və Proqram Mühəndisliyi Mərkəzinin veb-saytında “COCOMO Suite of Constructive Cost Models” İnternet-kalkulyatorunu misal göstərmək olar.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı