Sənaye 4.0 digər sahələrlə yanaşı, elmin inkişafı üçün də yeni perspektivlər açır May 25, 2021 | 01:29 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3 saylı şöbənin “Science 4.0-ın müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbə müdiri Təhmasib Fətəliyev öncə sənaye inqilabları ilə elmin qarşılıqlı əlaqəsindən bəhs etdi. Bildirdi ki, onların inkişafı və formalaşması paralel olaraq baş verir. Qabaqcıl elmi-texnoloji nailiyyətlər sənaye inqilablarının əsasını təşkil edir, sənaye inqilabları isə öz növbəsində yeni elmi istiqamətlərin formalaşmasına kömək edir.

O, qeyd etdi ki, hazırda Industry 4.0 kimi tanınan dördüncü sənaye inqilabı digər sahələrlə yanaşı elmin inkişafı üçün də yeni perspektivlər açır: “İndustry 4.0 elmin Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt, bulud, big data texnologiyalarının tətbiqinə əsaslanan Science 4.0 konsepsiyasının reallaşdırılmasını  aktuallaşdırır”.

Sonra T.Fətəliyev elmi texniki nailiyyətlər, cəmiyyətin təkamülü, elm və sənaye inqilablarından, eləcə də onların cəmiyyətin inkişafına təsirindən söhbət açdı. O, İndustry və Science 1.0, 2.0, 3.0, 4.0 dövrlərindəki elmi-texniki tərəqqi və elmin inkişaf xüsusiyyətlərini diqqətə çatdırdı.

Daha sonra tədqiqatçı Həyat Elmləri 4.0 (Life Sciences 4.0) anlayışı haqqında məlumat verdi, audit və konsaltinq şirkəti olan EY-nın (Ernst&Young) Life Sciences 4.0 üzrə baxışlarını nəzərə çatdırdı. “Burada əsasən 3 istiqamət üzrə problemlər araşdırılır” deyən T.Fətəliyev bunlara rəqəmsal terapiya, real-dünya verilənləri və qabaqcıl analitikanın daxil olduğunu vurğuladı. 

O, smart tətbiqlər, smart kitabxana, smart universitet, smart bina, smart şəhər, eləcə də özünü idarə edən laboratoriyaları şəkil və sxemlər əsasında diqqətə çatdırdı.

Science 4.0-ın formalaşmasının konseptual məsələlərinə nəzər salan məruzəçi bildirdi ki, Science 4.0 konsepsiyası çərçivəsində elm korporativ bir mühit kimi qəbul edilir. Onun fiziki infrastrukturunu telekommunikasiya şəbəkələri, verilənlərin emalı mərkəzi, tədqiqat laboratoriyaları, binalar, enerji-istilik-su təminatı, logistika və s. təşkil edir.

T.Fətəliyev Science 4.0-ı formalaşdıran texnologiyalara Əşyaların İnternetinin, kiber-fiziki sistemlərin, süni intellektin, bulud texnologiyalarının, böyük verilənlərin, 3D printerlərin və s. aid olduğunu bildirdi. Əlavə etdi ki, Science 4.0-ın formalaşdırılması prinsiplərinə isə virtuallaşma, desentralizasiya, real vaxtda işləmə qabiliyyəti, xidmət yönümlülük və s. daxildir. 

O, Elm 4.0-ın formalaşdırılması perspektivlərindən də danışdı. Bildirdi ki, bu perspektivlər şəbəkə və hesablama infrastrukturunun, verilənlərin saxlanmasının yeni tələblərə uyğun inkişafından, yeni nəsil “ağıllı” sensorlar, aktuatorlar, simsiz sensor şəbəkələri və s. kimi avadanlıq və qurğuların tətbiqindən, xüsusi proqram təminatlarının işlənməsi, alınması, tətbiqindən və s. ibarətdir.

Sonda məruzəçi qeyd etdi ki, Dördüncü sənaye inqilabının Sənaye 4.0 konsepsiyasında əks olunan texnoloji platforması insan fəaliyyətinin bütün sahələri, o cümlədən elmin inkişafı üçün geniş imkanlar açır. O, həm tədqiqat proseslərinə, həm də tədqiqat nəticələrinin yenilik şəklində istifadəsinə, eyni zamanda elmin idarə edilməsinə və elmlə cəmiyyətin qarşılıqlı əlaqəsinə birbaşa təsir gücünə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı