İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması xüsusiyyətləri tədqiq olunub May 17, 2021 | 11:01 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması xüsusiyyətlərinin tədqiqi” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Tədbirdə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev məruzə ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatında ənənəvi sahələrin və yeni sektorların inkişaf etdirilməsi, texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasında İKT-nin tətbiqi problemləri və perspektiv vəzifələri, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafında IV Sənaye İnqilabına keçidin tələblərindən söz açdı.

Alimin sözlərinə görə, iqtisadiyyatın biliklər, yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə formalaşması və inkişafı, ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçid, texnoloji innovasiya əsasında iqtisadiyyatın müasirləşdirilməsi, iqtisadiyyatın səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, yüksək texnologiyalar sektorunun inkişafı, süni intellekt və robotlaşdırma, bio, nano, informasiya- kommunikasiya, kosmik və s. kimi yeni sferaların formalaşması, respublikada qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişafı, iqtisadiyyatda neft-qaz ehtiyatlarının ixracından mövcud asılılığın aradan qaldırılması, ölkədə yüksək ixrac potensiallı yüksək texnologiyalar parklarının yaradılması, dünya enerji bazarları ilə inteqrasiya əlaqələrinin gücləndirilməsi İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması xüsusiyyətlərinin araşdırılmasını aktual edir.

Azərbaycan iqtisadiyyatında ənənəvi sahələrin və yeni sektorların inkişaf etdirilməsindən bəhs edən Ə.Əliyev Azərbaycan iqtisadiyyatının innovasiya əsaslı modelə keçəcəyini bildirdi. Qeyd etdi ki, əhalinin adambaşına düşən real gəliri ildə təxminən 5 faiz artacaq və Dünya Bankının təsnifatına əsasən, Azərbaycan yüksək gəlirli ölkə statusu qazanacaq. 2025-ci ildən sonra Azərbaycanın şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatında ümumi əlavə dəyərin dörddə üçündən çoxu qeyri-neft sektorlarında yaranacaq.

“Qarabağ və onun ətraf rayonlarında yaxın 10-15 il ərzində inşaat, kənd təsərrüfatı, hərbi sənayenin formalaşması prioritet istiqamətlərdən hesab olunur”, – deyə bildirən alim ölkə iqtisadiyyatının ümumi daxili məhsulunda (ÜDM) həmin regionların payının artacağını diqqətə çatdırdı.

Şöbə müdiri bildirdi ki, Azərbaycanda iqtisadiyyatın ənənəvi sektorlarının inkişafının müasir tələblərə cavab verərək modernləşdirilməsi ilə yanaşı, həm də yeni texnoloji innovasiya iqtisadiyyatı sektorları formalaşdırılır. Mobil sistem və texnologiyalar, kosmik, Big Data, bulud, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt texnologiyaları və s. kimi texnoloji innovasiya iqtisadiyyatı sektorları sürətlə inkişaf edir.

Ə.Əliyev tədqiqat işində bəzi qlobal İKT, innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlil edildiyini bildirdi. Qeyd etdi ki, Dünya İqtisadi Forumunun 2019-cu il üzrə hesabatına əsasən, “Qlobal Rəqabətədavamlılıq İndeksi” üzrə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Ölkəmiz “Qlobal İnnovasiya İndeksi – 2020” hesabatında isə 131 ölkə arasında 82-ci pillədə yer alıb.

Alimin sözlərinə görə, İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarına kosmik, dron, İnternet texnologiyaları iqtisadiyyatı, Big Data və bulud texnologiyaları iqtisadiyyatı, proqram mühəndisliyi, proqram məhsulları və sənayesi iqtisadiyyatı, kriptovalyuta (blokçeyn, bitkoin) texnologiyaları iqtisadiyyatı, mobil sistem və texnologiyalar iqtisadiyyatı, yaşıl-ekoloji və dövri iqtisadiyyat, e-xidmətlər iqtisadiyyatı, intellektual texnologiyalar və süni intellekt iqtisadiyyatı və s. daxildir. İnnovativ iqtisadiyyat sektorları isə İKT iqtisadiyyatı, bioiqtisadiyyat, nanoiqtisadiyyat, tibb iqtisadiyyatı, təhsil iqtisadiyyatı, elm iqtisadiyyatı, kreativ (yaradıcı) iqtisadiyyat, dil iqtisadiyyatı, alternativ energetika iqtisadiyyatı, patent (lisenziya) iqtisadiyyatı və s. kimi sahələri əhatə edir.

O, həmçinin mobil sistem və texnologiyaların iqtisadi xüsusiyyətləri, Əşyaların İnterneti, kiber-fiziki sistemlər və süni intellekt iqtisadiyyatının xüsusiyyətləri, yeni (informasiya, bilik və texnoloji) iqtisadiyyat sahələri barədə ətraflı məlumat verdi.

İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafında IV Sənaye inqilabına keçidin tələblərindən söz açan məruzəçi blokçeyn texnologiyalarının inkişafının, yeni şəbəkə kriptovalyutalarının meydana gəlməsinin beynəlxalq maliyyə münasibətlərində bir çox sosial-iqtisadi dəyişimlərə səbəb olacağını bildirdi. Qeyd etdi ki, sənaye inqilabı nəticəsində enerjinin toplanması, saxlanması sahəsində və yeni alternativ enerji mənbələrinin meydana gəlməsi hesabına insan-təbiət münasibətlərində yeni tənzimlənmə mexanizmlərinə ciddi ehtiyac yaranacaq. Bu baxımdan müxtəlif sahələrdə IV Sənaye İnqilabına əsaslanan implant texnologiyaları, yeni görmə interfeysi, daşınan İnternet (geyim İnterneti), Əşyaların İnterneti, “ağıllı” ev, “rəqəmsal” insan, cib superkompüteri, “ağıllı” şəhər, Big Data texnologiyaları, pilotsuz avtomobillər, süni intellekt, robototexnika, kriptovalyuta texnologiyaları, istehsalatda, təhsildə, tibbi sferada və kütləvi tələbat məhsulları sahəsində 3D-çap kimi əsas İnternet və informasiya texnologiyalarının tətbiqi genişləndirilməlidir.

Şöbə müdiri 2025-ci ilədək Azərbaycanda da müasir texnologiyalara əsaslanmaqla, dünya bazarlarına və maliyyə vəsaitlərinə çıxış imkanlarını təmin edən rəqabət mühitinin yaradılacağını diqqətə çatdırdı. Bildirdi ki, ümumilikdə 2025-ci ildən sonrakı dövrdə əmək bazarının tənzimlənməsi həyata keçirilərkən yüksək texnologiyaların, o cümlədən “ağıllı” maşınların və sistemlərin tətbiqi, həmçinin kommunikasiya imkanlarının genişlənməsi kimi amillərin təsiri nəzərə alınacaq. Azərbaycanda nəzərdə tutulan İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları inkişaf etdikcə mobil idarəetmə, mobil bulud, mobil hökumət, mobil nəqliyyat vasitələri və s. kimi sahələrin də inkişafına yeni imkanlar yaranacaq. Yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşma istiqamətlərində IV Sənaye İnqilabı komponetlərinin inkişafının innovasiya iqtisadiyyatına verəcəyi töhfələrin əhəmiyyətliliyi və hazırkı dövr üçün keçid tələblərinin nəzərə alınması zəruri məsələlərdən hesab olunmalıdır.

Seminarda mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı