Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri araşdırılır May 17, 2021 | 10:37 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) növbəti onlayn elmi seminarı keçirildi.

TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova “Fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin bəzi aspektləri” haqqında məruzə ilə çıxış edərək, fərdin və cəmiyyətin informasiya təhlükəsizliyi problemlərindən söz açdı.

“İnformasiya cəmiyyətin dayanıqlı inkişafı və təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır. Müasir reallıqlar baxımından strateji resurs hesab edilən informasiya əmtəə-pul münasibətlərinin obyekti və iqtisadi, siyasi, fərdlərarası üstünlük qazanılması vasitəsidir”, – deyə R.Mahmudova bildirdi. Qeyd etdi ki, artıq elm, təhsil, idarəetmə və digər sahələrdə qabaqcıl yeniliklər, mühüm hadisələr informasiya və bilik istehsalı ilə bağlıdır. İnsan fəaliyyətinin bütün sferalarının informasiyalaşdırılmasının, informasiya proseslərinin sosial, ictimai-siyasi, hüquqi, iqtisadi və s. münasibətləri əhatə etməsinin şahidi oluruq. Yeni texnologiyalardan və informasiyadan insanların düşüncə və davranışını manipulyasiya etmək, onların mənəvi-psixoloji sağlamlığına zərər vurmaq üçün də istifadə edilir, kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibəsi təhlükələri artır. Hazırda İKT-nin etibarlılığı, informasiya cəmiyyəti üzvlərinin istifadə etdiyi informasiyanın keyfiyyəti, sirlərin qorunması birinci dərəcəli əhəmiyyət kəsb edir.

Məruzəçinin sözlərinə görə, informasiya cəmiyyətinin inkişafı, qlobal informasiyalaşdırma fərdin, cəmiyyətin və dövlətin inkişafı üçün geniş imkanlar açmaqla yanaşı, bir sıra problemlər yaradır ki, onlardan biri də informasiya təhlükəsizliyi problemidir. Hazırda müxtəlif növ informasiya göndərilir və əldə olunur ki, onların konfidensiallığının qorunması məsələsi böyük əhəmiyyət daşıyır. İnformasiya sistemlərinin, şəbəkələrin, elektron xidmətlərin istifadəçiləri onların etibarlılığından və qorunmasından əmin olmalıdırlar. Belə şəraitdə fərdin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi informasiya mədəniyyətinin və onun tərkib hissəsi olan informasiya təhlükəsizliyi mədəniyyətinin səviyyəsindən asılı olmağa başlayır.

İnformasiya təhlükəsizliyinin informasiyanın icazəsi olmayan şəxslər tərəfindən edilən dəyişikliklərdən mühafizə olunmasını, dəyərli məlumatların qorunmasını, kompüterin işinin etibarlılığının və elektron şəbəkədə yazışmaların gizliliyinin təmin edilməsini nəzərdə tutduğunu söyləyən məruzəçi informasiya təhlükəsizliyinin informasiya-psixoloji, sosial, hüquqi, texniki və s. aspektləri, informasiya təhlükəsizliyinə texnoloji və humanitar yanaşma, informasiya partlayışı, informasiya çirklənməsi və s. haqda ətraflı məlumat verdi. İnformasiya təhlükəsizliyinin pozulmasına təsir edən neqativ faktorlardan (ziyanlı məzmun, kiberxəstəliklər, kibercinayətlər, fərdi məlumatların ələ keçirilməsi, informasiya müharibələri, fərdin və kütləvi şüurun manipulyasiyası), “informasiya təhlükəsizliyi mədəniyyəti” anlayışı, onun mahiyyətinin əsasını təşkil edən informasiya, təhlükəsizlik, informasiya təhlükəsizliyi və mədəniyyət kimi komponentlərdən, informasiya təhlükəsizliyi mədəniyyətinin texnoloji, hüquqi-etik aspektlərindən bəhs etdi.

Sonda çıxışını yekunlaşdıran R.Mahmudova diqqətə çatdırdı ki, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün kompleks yanaşma olmalıdır. Bunun üçün texnoloji vasitələr təkmilləşdirilsə də, bu istiqamətdə qanunlar, normativ-hüquqi aktlar qəbul olunsa da, insan faktoru nəzərə alınmazsa, görülən işlərin səmərəsi olmaz. İnsanların informasiya fəaliyyəti artdıqca uyğun olaraq informasiya təhlükələrinin sayı da artacaq. İnformasiya cəmiyyətinin inkişafı bu cəmiyyətin tələblərinə uyğun yaşamağı və fəaliyyət göstərməyi bacaran, innovasiyalara hazır, eyni zamanda, təhlükələrə və risklərə qarşı dayanıqlı, informasiya mədəniyyətinə malik yeni insan tipinin formalaşdırılmasını tələb edir.

“Dövlət tərəfindən informasiya resurslarına çıxış imkanları yaradılsa da, vətəndaşların bu informasiya resurslarından istifadə etmək, eyni zamanda, fərdi məlumatlarını qorumaq üçün texnoloji mədəniyyəti yüksək olmalıdır”, – deyə bildirən məruzəçi insanların informasiya və informasiya məkanı ilə münasibətlərini tənzimləyən hüquqi-normativ aktlar barədə məlumatlı olmasının, öz hüquq və vəzifələrini, informasiyanın mənfi təsirlərindən qorunmaq üsullarını bilməsinin vacibliyini qeyd etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı