İntellektual oyunların informatika fənninin tədrisinə tətbiqi ilə bağlı məruzə dinlənildi May 11, 2021 | 11:12 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin onlayn elmi seminarı keçirildi. İnstitutun dissertantı Bahar İsmayılova “İntellektual oyunların informatika fənninin tədrisinə tətbiqi ilə bağlı aparılan pedaqoji-psixoloji eksperimentin təşkili və nəticələrin təhlili” adlı məruzə ilə çıxış etdi. Qeyd etdi ki, məruzədə ümumtəhsil məktəblərində  informatika fənninin  tədrisinin problemləri və intellektual oyunlar vasitəsilə informatika fənninin tədrisi  keyfiyyətinin yüksəldilməsi yollarından bəhs edilir.

Öncə pedaqoji-psixoloji eksperiment və onun mərhələlərindən söhbət açan tədqiqatçı bildirdi ki, təlimin məzmununda və təşkili formasında müəyyən dəyişikliklər etmək məqsədilə yeni elmi-metodiki ideyalar irəli sürərək, onların nə dərəcədə səmərəli olub-olmadığını müəyyən etmək üçün  pedaqoji eksperimentdən istifadə olunur. Əlavə etdi ki, onun müəyyənləşdirici, öyrədici və yoxlayıcı kimi üç mərhələsi mövcuddur.

Sonra o, pedaqoji-psixoloji eksperimentin ilk - müəyyənləşdirici mərhələsi haqqında ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, bu məqsədlə Bakı şəhəri də daxil olmaqla respublikanın  bir çox şəhər və rayonlarında pedaqoji-psixoloji eksperiment aparılıb. “Şagirdlər, müəllimlər, valideynlərlə müsahibələr aparılmış, müxtəlif siniflərdə dərslər dinlənilmiş, müşahidələr aparılmış, şagirdlərin fəallığı, əməkdaşlığı və s. haqqında məlumat toplanmış, ilkin anket sorğusu keçirilmişdir”, - deyə əlavə etdi.

O, bildirdi ki, eksperimentin müəyyənedici mərhələsinin sonunda əldə olunan nəticələrə əsasən məlum olub ki, informatika fənninin tədrisi prosesində, şagirdlərin bilik və bacarıqları ilə bağlı çatışmazlıqlar öyrənmə və öyrətmə proseslərinin rəqəmsal əsrin tələbləri səviyyəsində qurulmamasındadır. Şagirdlərin öyrənmə motivasiyası, idrak fəallığı, müstəqilliyi  və özünüqiymətləndirməsi, özünütəkmilləşdirməsi  qənaətbəxş deyil. Onlar mütaliə ilə az məşğul olduqları üçün fikirlərini nəzəri və praktik əsaslandırmağı bacarmırlar.

Məruzəçi qeyd etdi ki, eksperimental siniflər üçün əvvəlcədən yeni material və metodika ilə bağlı müxtəlif mövzulara aid dərs - icmal nümunələri işlənib hazırlanmışdır. Eksperimentin ikinci - öyrədici mərhələsində bu materiallardan istifadə olunmuş, müəllimlər və şagirdlərə krossvord həll etmə, tərtibetmə, rollu oyunların hazırlama qaydaları izah olunmuşdur.

B.İsmayılova vurğuladı ki, yoxlayıcı mərhələdə alınan nəticələrin, həmçinin hazırlanan yeni metodikanın məktəb təcrübəsində tətbiqinin  nəticələrinin  yoxlanılması və təhlili aparılıb: “Pedaqoji eksperimentin yoxlayıcı  mərhələsində kontrol və eksperiment siniflərində aparılan ilkin və növbəti iki kiçik summativ  qiymətləndirmələr zamanı  alınan nəticələr riyazi statistik metodla təhlil edilmişdir. Məqsəd şagirdlərin əldə etdiyi bilik, bacarıq, vərdiş və dəyərlərin inkişaf səviyyəsini müəyyənləşdirməkdən ibarətdir”.

Tədqiqatçı diqqətə çatdırdı ki, şagirdlərin informatika fənni üzrə ümumi hazırlığında intellektual oyunların tətbiqinin, krossvordların həll olunması və hazırlanmasının, tədrisyönümlü kompüter oyunlarından  istifadənin əhəmiyyəti böyükdür. İntellektual oyunlar, krossvordların tədrisdə tətbiqi 45 dəqiqə müddətində hər bir şagirdin potensialına uyğun olaraq  100%  fəallığını, şagirdlərin müstəqil fəaliyyətini, özünüqiymətləndirməsini və s. təmin edir. Şagirdlərin fərdi, kiçik qruplarla və kollektiv şəkildə idrak fəallığını yüksəltmək, müstəqil işlərin təşkilini  yüksək  səviyyədə həyata keçirmək üçün əlverişli şərait yaranır. Bildirdi ki, son nəticənin əldə edilməsi üçün hər bir şagirddə rəqabət aparmaq, yarışmaq, özünütəsdiq etmək arzusu yaranır, qətiyyət, məsuliyyət, inadkarlıq tərbiyə olunur.

B.İsmayılova onu da qeyd etdi ki, intellektual oyunlar, krossvordların tədrisdə tətbiqi hər bir şagirdin şəxsiyyət kimi özünüqiymətləndirmə, özünütəhlil, özünüreallaşdırması üçün geniş imkanlar yaradır. Bundan əlavə, onların informasiya texnologiyalarından istifadə bacarıqları artır, dərinləşir.

Sonda məruzə ətrafında müzakirə aparıldı, seminar iştirakçılarının sualları  cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı