Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasiya-axtarış sistemi yaradılır May 06, 2021 | 09:57 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) fəaliyyətinin səmərəli təşkili və informasiyalaşdırılması ilə əlaqədar növbəti onlayn müşavirə keçirildi.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq, müşavirənin RETƏŞ-in informasiya-axtarış sisteminin yaradılması və “Elmi kadrlar” Milli İnformasiya Sisteminin formalaşdırılması və istismarına dair tapşırılan işlərin icra vəziyyəti ilə bağlı müzakirələrə həsr olunduğunu diqqətə çatdırdı.

Sonra məruzə ilə çıxış edən institutun proqramçısı Raqif İsmayılov RETƏŞ-in informasiya-axtarış sisteminin yaradılması istiqamətində görüləcək işlər haqqında ətraflı məlumat verdi. O, hazırda məlumatların 2010-2019-cu illər, eləcə də iyun 2019-cu il və avqust 2020-ci il tarix intervalı üzrə “pdf” və “word” faylları formatında “clode2.azsciencenet.az” sistemində yerləşdirildiyini bildirdi. Qeyd etdi ki, bu fayllarda axtarış zamanı düzgün nəticələrin əldə olunması üçün elmi müəssisələr, elm sahələri, elmi şuralar, ixtisaslar və indekslər, elmi dərəcələr, elmi adlar, təhsil forması və s. kimi kateqoriyalar üzrə zəruri məlumatlar öz əksini tapır.

R.İsmayılov AMEA-nın elmi müəssisə və təşkilatlarında sistemin istismarını həyata keçirəcək administrator və istifadəçilər üçün təlimatların hazırlanacağını bildirdi. Sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyət göstərməsi üçün işlərin davam etdiriləcəyini və daim lazımi texniki dəstəyin göstəriləcəyini qeyd etdi.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək, müxtəlif elm sahələri üzrə problem şuralarında qeydiyyatda olan elmlər doktoru proqramı üzrə dissertasiya işlərinin vahid sistemdə toplanılaraq AzScienceNet şəbəkəsinin Data mərkəzində xüsusi bir bulud kimi saxlanılması və həmin materiallara onlayn çıxışın təmin olunması üçün virtual resursun ayrıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini nəzərə çatdırdı.

Alim RETƏŞ-in informasiya-axtarış sisteminin istismarının yüksək səviyyədə təşkilinin qarşıda dayanan mühüm vəzifələrdən olduğunu bildirdi. Sistemin səmərəli və operativ idarə olunması, sistemə daxil edilən məlumatların düzgünlüyünə nəzarətin təmin edilməsi məqsədilə elmi müəssisə və təşkilatlarda məsul şəxslərin təyin olunması və onlarla zəruri təlimat işlərinin aparılmasının vacibliyindən söz açdı. Sistemdə müvafiq məlumatların mütəmadi olaraq yenilənməsi, konkret istifadəçi kateqoriyasının müəyyənləşdirilməsi və s. kimi məsələlərin qısa müddətdə həll olunmasının önəmini qeyd etdi.

“Elmi kadrlar” Milli İnformasiya Sisteminin istismarı və monitorinqi sahəsində işçi qrupun üzvlərindən olan institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək, AMEA-da elmi kadrlarla bağlı mövcud vəziyyət barədə danışdı, akademiyanın bölmələri və institutları üzrə təhlillərin aparıldığını, çatışmazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü qeyd etdi. Həmçinin sistemin formalaşdırılması və istismarına dair tapşırılan işlərin icra vəziyyəti ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonda ətraflı fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı